Məhkəmə qərarları › İş №2(012)-356/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-356/2025

07.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-356/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu - xx.xx.1995-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun oğlu - xx.xx.1995-ci il təvəllüdlü X7 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, 1-ci dərəcəli əlildir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı vardır. Oğlu uşaq serebral iflici tetraparitik oynaqların bükücü kontrakturası xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən oğlu hərəkətlərini idarə edə bilmir. Buna görə oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi oğlu X7 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, İ dərəcəli əlildir. Özünü idarə edə bilməyən övladına o, baxmaq məcburiyyətindədir və övladının bütün əziyyətlərini o, çəkir. Oğlu ilə bağlı sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hazırda övladı X3 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA5930697 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron RİHB-nin Aşağı Güzdək kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş ХVİİİ-ЖГ № 468576 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyul 1995-ci ildə Abşeron rayonu, Aşağı Güzdək kəndində doğulmuşdur. X1, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3336 saylı rəyindən görünür ki, X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs körpəlik erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, yeriyə bilməməsi, yataq xəstəsi olması, nitqi kasad olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə təhsil almaması, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, halhazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrı tərəfindən təyin edilmiş müvafiq müalicələri qəbul etməsi, narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, AR ƏƏSMN TSEK xx.xx.2016-cı il tarixdə müayinə edilərək “USİ tetraparitrik oynaqların bükücü konturakturası” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə - psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1995-ci il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X5 Usaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. 2-ci sual: xx.xx.1995-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən Usaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 30 iyul 1995-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3336 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 30 iyul 1995-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar