Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3577/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X4, Cavabdeh1 vəkili X14 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* nömrəli 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə birgə gəlirləri hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi əldə edilmiş, daha sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmin yaşayış evi hal-hazırda iddiaçının istifadə və sahibliyindədir. Bugünədək o, ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşayır. Lakin, bir müddət sonra Cavabdeh1 hazırda faktiki olaraq məskunlaşdığı torpaq sahəsinə qeyri-hüquqi yollarla mülkiyyət hüququ əldə etmiş və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Cavabdeh formal alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsindən sonra “ona məxsus” torpaq sahəsinin boşaldılması tələbini irəli sürmüş və həmin torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəyini bildirmişdir. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsinin uzun müddət mülkiyyətində olduğunu və burada inşa etdikləri fərdi yaşayış evində yaşadıqlarını bildirsə də, buna heç bir əhəmiyyət verilməmişdir. Xüsusilə də, hər hansı bir şəxs tərəfindən etiraz edilmədən həmin torpaq sahəsindən uzun müddət davamlı surətdə istifadə, həmin torpaq sahəsi üzərində olan tikilinin tərəfindən zəruri xidmətlərlə təchiz edilmə, habelə onun kommunal xərclərin, elektrik enerjisi, su və sair xidmətlərə görə xərclərin ödənilməsi, tikinti aparılan zaman dövlətin buna müdaxilə etməməsi həmin torpaq sahəsi və ev üzərində qanuni əsaslarla hüquqlarının olmasını bir daha təsdiq etməklə cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinin mötəbərliyinə ciddi şübhələr yaradır. İddiaçı burada yaşadıqları müddət ərzində hər hansı problemlə qarşılaşmamışdır. Cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının hansı əsaslarla əmələ gəlməsi barədə, ümumiyyətlə, heç bir məlumatı olmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlə alqı-satqı müqaviləsi əqdin etibarlılıq şərtləri və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması yolu ilə bağlanmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Digər tərəfdən, cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkən həmin torpaq sahəsinin başqa şəxsin istifadə və sahibliyində olmaqla orada müvafiq icra hakimiyyətinin sərəncamı ilə tikilmiş evin olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən nəzərə alınmamışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X12 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili X21 məhkmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,025 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına 12.09.2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində 1046 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). 30 iyul 2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin rəisi X1 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, 20 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 (onun adından 10.05.2018-ci il tarixdə verilmiş etibarnamə ilə Məmmədov İntizar Loqman oğlu çıxış edərək) ünvan 1ində yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsinin 0.025 ha. hissəsini 5000 (beş min) manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına 02 iyul 2016-cı ildə Daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). Abşeron RİH Başçısının Fatmayı-Görədil kəndləri üzrə Nümayəndəliyinin Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında Sərəncamından 04.08.1999-cu il tarixli 09 nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 Fatmayı kəndində 0.10 ha torpaq sahəsi ayrılmışdır. 20.04.2008-ci il tarixli AR-İ № 058505 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 X2 və X5 Fatmayı-Görədil kəndləri üzrə Nümayəndəliyinin 04.08.1999-cu il tarixli 09 nömrəli Sərəncamından çıxarışa əsasən Abşeron rayonu Fatmayı (Görədil) kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqların həyata keçirilməsini etibar etmişdir. Etibarnamə 10 (on) il müddətinə verilmişdir. 23 aprel 2018-ci ilədək qüvvədədir. Cavabdeh2 tərəfindən 29.09.2021-ci il tarixdə verilmiş ərizənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ona və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi tələbini qəbul etmir. Mülkiyyətində olan Fatmayı kəndində yerləşən 0.010 ha torpaq sahəsindən 0.25 ha sahə (**********55 reyestr №-li) üzərindəki tikili ilə birlikdə onun iradəsi ifadəsi olaraq X2 verdiyi Baş etibarnamə əsasında Cavabdeh1 satılmışdır. O, İddiaçı adlı şəxsi tanımır. X9 tərəfindən 18.08.2021-ci il tarixdə verilmiş ərizənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi üzərində olan hüquqları Cavabdeh2 etibarnamə ilə ona vermişdir, o da həmin torpaq sahəsini Cavabdeh1 satmışdır. İddiaçı ona qarşı iddiasını qəbul etmir və belə bir adam tanımır. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-136/2021 saylı,18 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X13 və X3 qarşı zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 12.09.2019-cu il tarixli, **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X6 çıxarılmaları qət edilmişdir. Məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olması, üzərindəki tikilinin isə cavabdehlər İddiaçı ilə cavabdeh X7 tərəfindən tikilməsinin hər hansı sübutla təsdiq olunmaması ilə əsaslanmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 arasında 20 avqust 2019-cu il tarixli ünvan 1ində yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsinin 0.025 ha. hissəsinin satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hazırkı iddiasını onunla əsaslandırır ki, İddiaçı ilə X7 nikaha daxil olaraq ailə qurmuşlar,birgə nikah dövründə birgə gəlirləri hesabına həmin mübahisəsi gedən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsini Firat Hüseynovdan əldə etmişlər və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Lakin, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı iddiasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişidir. Mübahisə torpaq sahəsinə dair onun əvvəlki mülkiyyətçisi olan Cavabdeh2 tərəfindən 20.04.2008-ci il tarixli AR-İ № 058505 nömrəli etibarnamədən isə görünür ki, o, Fatmayı-Görədil kəndləri üzrə Nümayəndəliyinin 04.08.1999-cu il tarixli 09 nömrəli Sərəncamından çıxarışa əsasən Abşeron rayonu Fatmayı (Görədil) kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqların həyata keçirilməsi səlahiyyətini X9 ilə bərabər X5 da etibar etmişdir. Etibarnamə 10 (on) il müddətinə verilmişdir. 23 aprel 2018-ci ilədək qüvvədədir. Bu halda, məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona verilmiş etibarnamə qüvvədə olduğu müddətdə ona verilən səlahiyyətindən istifadə etməmişdir.Bu hal özü də iddia tələbinin əsassız olması nəticəsinə gəlməyə əsas verir. Göründüyü kimi qeyd edilən müqavilənin tərəfləri sərbəst iradə ifadələrinə uyğun müqaviləni bağlamışlar, Cavabdeh2 özünə məxsus torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır.Abşeron rayon Məhkəməsinin 2(012)- 136/2021 saylı,18 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddianı təmin edərkən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, üzərindəki tikilinin isə cavabdehlər İddiaçı ilə cavabdeh X7 tərəfindən tikilməsinin hər hansı sübutla təsdiq olunmaması ilə əsaslanmışdır. 20 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 adından onun adından 10.05.2018-ci il tarixdə verilmiş etibarnamə ilə Məmmədov İntizar Loqman oğlu çıxış edərək) ünvan 1ində yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsinin 0.025 ha. hissəsini 5000 (beş min) manata Cavabdeh1 satmışdır.Bağlanan müqavilənin etibarsızlığının əsaslarını təsdiq edən hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə prosesi gedişində İddiaçı təklif edilməsinə baxmayaraq mübahisələndirilən müqavilənin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddia tələbi haqlı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: C.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3577/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3577/2021
20.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver