Məhkəmə qərarları › İş №2(012)-3637/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3637/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3637/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Kazımovun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsini və həmin kredit müqaviləsindən irəli gələn 07 may 2021-ci il tarixinə ödənilməmiş 2581,25 manat əsas, 2,60 manat faiz borcu olmaqla, ümumilikdə 2583,85 manat məbləğində borc pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Xətai” filialı ilə cavabdeh Cəlilova Zenfıra Ələkbər qızı arasında 27 iyun 2019-cu il tarixli, RPF-00012- 15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank 2759,89 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə cavabdeh Cəlilova Zenfıra Ələkbər qızının mülkiyyətinə vermiş, Cəlilova Zenfıra Ələkbər qızı isə həmin kreditdən iddiaçı ilə bağlanmış 30 sentyabr 2014-cü il tarixli, FM-02743-14/14U saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 27 iyun 2024-cü il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cəlilova Zenfıra Ələkbər qızı arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00012-15/19A saylı 27 iyun 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 27 iyun 2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00012-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cəlilova Zenfıra Ələkbər qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Lakin, cavabdeh Cəlilova Zenfıra Ələkbər qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə, iddiaçı bank məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 07 may 2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 2581.25 manat əsas və 2.60 manat faiz borcu olmaqla, ümumi borcu 2583.85 manat təşkil edir. Odur ki, “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsini və həmin kredit müqaviləsindən irəli gələn 07 may 2021-ci il tarixinə ödənilməmiş 2581,25 manat əsas, 2,60 manat faiz borcu olmaqla, ümumilikdə 2583,85 manat məbləğində borc pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Bank “xxxx” ASC-nin X1 Departamentinin direktoru Nihad Abbasov məhkəməyə teleqram ünvanlayaraq, işə bankın nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, o, banka olan borcunu ödəməkdən yayınmır. Lakin, əri rəhmətə getmiş və maddi durumu ağır olduğundan kreditin ödənilməsində gecikmələri olmuşdur. Bu ilin sentyabr ayından etibarən banka olan borcunu ödəməyə söz verir. Digər Cavabdeh2 onun qızıdır, qızı Minəvvər iddia tələbini qəbul edir və hazırda xəstə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin Cavabdeh1 rəyini nəzərə alaraq məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsindən görünür ki, “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 12 ay güzəşt müddəti tətbiq edilməklə, illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 2757,89 manat məbləğində krediti verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən, borcalan verilmiş krediti və ona hesablanmış faizləri 27 iyun 2024-cü il tarixədək banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndinə əsasən, borcverən borcalanın müqavilə üzrə öhdəliyin vaxtında və lazımınca icra edilməməsi hallarında bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən, borcalan krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Həmin əlavədən görünür ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına (bundan sonra Fərman) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli, ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na (bundan sonra Qayda) uyğun kreditlərin restrukturizasiya edilməsi üzrə vahid şərtləri müəyyən edir və müvafiq bankla müştəri arasında müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə bağlanan kredit müqaviləsinin tərkib hissəsi hesab edilir. 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 27-si tarixdən gec olmayaraq, 27 iyun 2024-cü il tarixədək banka aylıq 84,22 manat olmaqla hissə-hissə ödəməklə qaytarmalıdır. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş 27.06.2019-cu il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 bankdan 2757,89 manat məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. 07 may 2021-ci il tarixli, RİED 2021/2620 saylı maliyyə arayışından görünür ki, “BANK VTB (AZƏRBAYCAN)” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli müqaviləsi üzrə sonuncunun banka olan əsas borcu 2581,25 manat, faiz borcu 2,60 manat olmaqla, cəmi 2583,85 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eyni Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşdə olan 22.02.2021-ci il tarixli, AZD-F-2021/0065 saylı bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini 2 gün ərzində icra etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Cavabdeh1 məhkəməyə verdiyi izahatdan, işə əlavə olunmuş arayışdan və işin digər materiallarından görünür ki, cavabdehlər borcları barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onların banka 2581,25 manat əsas, 2,60 manat faiz borcu olmaqla, ümumilikdə 2583,85 manat borc təşkil etmişdir. İşin müəyyən edilən hallarına əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İstinad maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli müqavilənin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna görə, həmin müqavilə ləğv edilməlidir. “BANK VTB (AZƏRBAYCAN)” ASC ilə “zamin” Cavabdeh2 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, RPFZ-00012-15/19A saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” kredit müqaviləsi üzrə “borcalanın”nın “borcverən” qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “zamin” “borcverən” qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, “zamin” Cavabdeh2 “BANK VTB (AZƏRBAYCAN)” ASC qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır və buna görə iddia tələbi eyni zamanda müqavilə üzrə zaminə qarşı da təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsi ləğv edilməli, müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi nəzərə alınaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “BANK VTB (AZƏRBAYCAN)” ASC-nin xeyrinə 2581,25 manat əsas borc, 2,60 manat faiz borcu olmaqla, ümumilikdə 2583,85 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi və 0,40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, RPF-00012-15/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2581,25 (iki min beş yüz səksən bir manat, iyirmi beş qəpik) manat əsas, 2,60 (iki manat, altmış qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2583,85 (iki min beş yüz səksən üç manat, səksən beş qəpik) manat məbləğində borc, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi və 0,40 manat bank xidməti haqqı tutularaq, iddiaçı “BANK VTB (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar