Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3678/2021 23.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı X3, onun vəkili X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh1 Şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X3 cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh1 Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X1 Mərkəzi” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 23 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh1 Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X1 Mərkəzi” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair 09.02.2021-ci il tarixli 075 protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclasında izahatında bildirdi ki, 2013-cü ildə kürəkəni Sədərək Ticarət Mərkəzində ticarətlə məşğul olan X17 onu aldadaraq Bank VTB (Azərbaycan)-dan götürdüyü külli miqdarda kreditə görə Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən halhazırda real bazar dəyəri bankın qoyduğu qiymətdən yüksək olan fərdi yaşayış evini sonrakı ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü etmişdir. Onu da qeyd edir ki, Bank VTBdən kredit götürənədək kürəkəninin Dəmirbank ASC-də kredit borcu mövcud idi. Bank VTB-nin əməkdaşları kürəkənini aldadıb aşağı faiz və əliverişli kredit şərtlər təklif etsələr də, sonradan isə yüksək faizlə və əliverişsiz şərtlərlə verdikləri kredit hesabına kürəkəninin Dəmirbank ASC-də olan kredit borcunu bağlayıb öz banklarına köçürdülər. Kreditin ilk ayının ödənişi tamam olmamış Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı kürəkəninin dükanı içərisində olan kredit hesabına aldığı mallar dükanla birlikdə tam yanmışdır. Bu hal fors-major halı olsa da, bank bunu nəzərə almamışdır. Əksinə bank kürəkənini əlavə kredit vermək vədi ilə aldadıb şikayət vermək üçün müəyyən edilmiş müddəti ötürdükdən sonra məhkəməyə vermişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-11/2017 saylı 16.05.2017-ci il tarixli qətnaməsi ilə bankın əsassız iddası təmin edilmişdir. Halbuki kürəkəni fors-major halını subut edən kifayət qədər mötəbər sübutları və sənədələri məhkəməyə təqdim etmişdir. Lakin çox təssüf ki, haqq ədalət pozuldu və hal-hazırda da pozuntu davam edir. Belə ki, Abşeron İcra və Probasiya şöbəsi dünyanı bürüyən pandemiya ilə bağlı ölkə ərazisində tətbiq edildiyi vaxt fərdi yaşayış evinin satışı ilə bağlı hərrac keçirmişdir. Hesab edir ki, “sms” icazə ilə məhdudlaşan hərəkət zamanı hərracın keçirilməsi qanunla mənim və digər alıcıların hüquqlarını pozur. Hərracın keçirilməsi ilə bağlı bildirişlər ona təqdim olunmamaqla yanaşı İpoteka haqqında və İcra haqqında Azərbaycan Respublikasının qanunun tələbi pozulmuşdur. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikasının qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi ”İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İcra işinə nəzər yetirsək icra məmurunun ipoteka saxlayan və mənə 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi ilə bağlı təklif göndərməsi halı ilə bağlı subut görə bilmərik. Halbuki qanun bu maddəsində qeyd olunur ki. əgər ipoteka saxlaynla aramızda belə bir razılıq olmazsa 5 təqvim günü müddətində icra məmuru sifarişi qanuna uyğun olaraq verir. Bununla yanaşı hal-hazırda əmlakının hərracını keçirən Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat kimi fəaliyyət göstərməsi barədə də məlumatı yoxdur. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 8(012)- 243/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-11/2017 saylı 16.05.2017-ci il tarixli qətnaməsi üzrə Abşeron rayonu Xırdalan şəhəri Xırdalan qəsəbəsi məhəllə 22-də yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi 3 (üç) ay müddətinə təxirə salınması qərara alınmışdır. Göründüyü kimi Abşeron rayon məhkəməsi X2 maliyyə vəziyyətini, tutma yönəldilən fərdi yaşayış evinin onun yeganə yaşayış yeri olmasını, bütün dünyanı bürüyən pandemiya şəraitini və ən əsası həmin fərdi yaşayış evində diabet xəstəliyindən əziyyət çəkən 04.01.2003-cü il təvəllüdlü X6 yaşamasını nəzərə alaraq hümanist və ədalətli mövqe göstərdi. Göründüyü kimi X20 42-43-cii maddələrinin tələblərinə əsasən hərrac keçirilməsi barədə bildirişlər göndərilsə də, bu hərraclardan məlumatı olmamışdır. Bu səbəbdən də hərrac etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X3 vəkili X13 məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 məhkəmə iclasında izahatında bildirdi ki, vətəndaşa 160000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə nə qədər ödəniş edilməsi barədə məlumatı yoxdur. Mübahisə predmeti olan evin yerləşdiyi toraq sahəsinin də çıxarışı yoxdur. Həmçinin hərrac keçirilməmiş, bununla bağlı heç bir sənəd daxil olmamış və hərracın nəticələrinə dair yekun protokol yoxdurdur. Hazırda bankda olan məlumata görə qətnamədən şikayət verildiyindən hərrac dayandırılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 Şöbəsinin nümayəndəsi X15 məhkəmə iclasında izahatında bildirdi ki, icra işi 2018-ci ildə icraata daxil olmuşdur. Onlar işi hərrac mərkəzinə göndərilmişdir. Lakin yekun hərrac keçirilməmiş və bununla bağlı heç bir sənəd daxil olmamışdır. Hazırda iş üzrə icra işi dayandırılmışdır. Yekun protokol yoxdur, yalnız hərracın bildirişi vardır. Məhkəməyə müraciət edildiyi üçün İcra Haqqında Qanununda 17-ci maddəsinə əsasən hərrac dayandırılmışdır.Ona görə də iddianın heç bir əsası olmadığına görə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X1 Mərkəzi” MMC və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanların nümayəndələrinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh X18 arasında bağlanmış 29.11.2013-cü il tarixli baş kredit razılaşması və cavabdeh X18 arasında 29.11.2013-cü il tarixdə bağlanmış kommersiya krediti müqaviləsi ləğv edilməsi, 124992,12 ABŞ dolları əsas borc, 17584,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 142606,5 ABŞ dolları manatın ödəniş gününə oian məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat cavabdehlər X18, İddiaçı və X7 müştərək qaydada tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutma ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Xırdalan şəhəri, məhəllə 22 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evi məcburi qaydada boşaldılması, ilkin satış qiyməti 230000 manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına banka olan borc ödənilməsi və ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində İddiaçı, X16, X9 və X19 oradan çıxarılması, qalan hissədə ilkin iddia tələbi təmin edilməməsi, cavabdeh X10 iddiaçı "xxxx" ASC-yə qarşı “fors-majorun tətbiq edilməsi, faiz və dəbbə pulunun ləğv edilməsi, ipotekaya yönəltmənin icrasının dayandırılması və möhlət verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, “Bank VTB (Azərbaycan)” ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 60 manat dövlət rüsumunun 58 manatı cavabdehlər X18, İddiaçı və X11, 2 manatı iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə, aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 45 manatı cavabdehlər X18, İddiaçı və X11, 5 manatı iddiaçı "xxxx" ASC-yə aid edilməsi, cavabdehlər X18, İddiaçı və X7 müştərək qaydada 58 manat dövlət rüsumunun tutularaq iddiaçı “Bank VTB Azərbaycan" ASC-yə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 45 manatı cavabdehlər X18, İddiaçı və X7 müştərək qaydada, 5 manatı iddiaçı "Bank VTB Azərbaycan” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı cavabdeh X18 tərəfindən ödənilmiş dövlət onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı X12 məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair 09.02.2021-ci il tarixli 075 protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bununla bağlı sübutetmə vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, iddiaçının üzərinə düşmüş, lakin iddiaçı X12 “X1 Mərkəzi” MMC-nin tərəfindən hərracın nəticələrinə dair 09.02.2021-ci il tarixli 075 protokolun mövcudluğu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki,yekun hərrac keçirilməmiş və hərracın nəticələrinə dair yekun protokol yoxdur. Bundan əlavə məhkəmə iddia tələbi ilə bağlı həmçinin qeyd rtməyi zəruri hesab edirki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müəyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən, hesab edir ki, iddiaçı X3 hazırki iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı X3 cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh1 Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X1 Mərkəzi” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh1 Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X1 Mərkəzi” MMC-yə və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair 09.02.2021-ci il tarixli 075 protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3678/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3678/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver