Məhkəmə qərarları › İş №2(012)-3685/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3685/2023

13.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3685/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın boşaldılaraq təhvil verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi cavabdehlər tərəfindən əsassız və qanunsuz olaraq zəbt edilmişdir. O, dəfələrlə cavabdehlərdən evdən çıxmalarını, torpaq sahəsini və evi boşaldaraq ona təhvil vermələrini tələb etsə də, nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2, həmçinin iştirak etdiyi məhkəmə iclasında digər Cavabdeh1 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Onlar bildirdilər ki, mübahisəli evi və torpaq sahəsini iddiaçıdan və ərindən 122000 manata almağa razılaşmışlar. xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi 30000 manat nağd ödəniş etmişlər. Qalan məbləği isə aprel ayının axırına kimi ödəməli idilər. Lakin mart ayında onlara qarşı dələduzluq əməli törədilmiş və əllərindəki pul vəsaiti başqa şəxs tərəfindən mənimsənilmişdir. Bu səbəbdən qalan pulu ödəyə bilməmişlər. Evdə yanvar ayından başlayaraq təmir işləri aparmış və buna 40000 manat vəsait xərcləmişlər. Beləliklə, onlar bu əmlakı zəbt etməmişlər və oradan çıxmaq fikirləri yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,0198 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli A 896521 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan "xxxx" MMC-nin tərtib etdiyi planlaşdırma sənədindən görünür ki, Əliyeva X2 rayonu, Masazır kəndindəki özünə məxsus 0,0198 ha torpaq sahəsində 202,8 kv.metrlik iki mərtəbəli yaşayış evi inşa etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və orada inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Məhkəmə iclasında cavabdehlər mübahisəli evi iddiaçıdan dəyərini qismən ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın (torpaq sahəsinin) mülkiyyətçisi İddiaçıdır. Fərdi yaşayış sahəsi onun adına qeydiyyatdan keçməsə də, ona məxsus 0,0198 ha torpaq sahəsinin hüdudları daxilindədir. Bu hal gələcəkdə bu evin də iddiaçının adına qeydə alınmasını istisna etmir, yəni yaşayış evinin mülkiyyətinə dair onun “gözlənti hüququ” mövcuddur. İddiaçı cavabdehlərdən mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları, habelə özlərinin izahatları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlər tərəfindən boşaldılmalı, qeyd edilən daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılsınlar. Həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar