Məhkəmə qərarları › İş №2(012)-374/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-374/2024

11.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-374/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı – xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən 37 saylı evdə yaşayır. xx.xx.2005-ci il təvəllüdlü X1 psixi-fiziki inkişafın ləngiməsi xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik anadangəlmə yaranmışdır. Bunun üçün övladı əlildir. Lakin azyaşlı olduğu üçün əlilliyin dərəcəsi müəyyən olunmamışdır. Hazırda isə qızının 18 yaşı tamam olduğu üçün ona İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Övladının sənədləşmə işləri ilə bağlı onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və anası Ərizəçidır. Mülki iş materiallarında olan Uşaq nevroloji Xəstəxanasının 1283 saylı epikrizindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1 psixi-fiziki inkişafın ləngiməsi xəstəliyindən əziyyət çəkir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 4964 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.2005-ci il təvəllüdlü X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar