Məhkəmə qərarları › İş №2(012)-3752/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3752/2025

23.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3752/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən abunə kodu **********06364 olan sayğaca qanunsuz yazdığı 250,06 manat işıq borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun atası X2 26 dekabr 1989-cu ildə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən abunə kodu **********06364 olan işıq sayğacı mərhum atasının adına rəsmiləşdirilmişdir. Atası vəfat etdikdən sonra ev anasının adına keçmiş, lakin anası 2017-ci ildə vəfat etmiş və anası vəfat etdikdən sonra o, evi öz adına keçirmişdir. Buna baxmayaraq işıq sayğacı onun mərhum atasının adında qalmışdır. Cavabdeh şirkət onun atasına qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Sözügedən məbləğdə işıq borcu 15 il əvvəl, yəni “Barmek” şirkətinin vaxtında yaranmışdır. Qanunsuz olaraq yazılmış işıq borcunun məbləği 250,06 manatdır. Hesab edir ki, bu borc onlara heç bir səbəb olmadan, yanlışlıq səbəbindən əsassız olaraq hesablanmış və "xxxx" ASC həmin borcu donduraraq balansda saxlamışdır. O, cavabdehə dondurulmuş borcun haradan yaranması ilə bağlı müraciət etsə də tərəf ona yazdıqları bu borc məbləğinin yaranma səbəbini əsaslandıra bilmir və buna görə də ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdirlər. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Məhkəmənin nəzərinə çatdırır ki, bu praktika "xxxx" ASC-da geniş yayılmışdır. Belə ki, qonşuluqda yerləşən evlərə quraşdırılmış işıq sayğaclarına da eyni qaydada səhvən borc yazılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Cavabdeh şirkətin əməkdaşları heç bir akt olmadan evin işığını söndürmüşdürlər. Hazırda sözügedən evdə o, qızı ilə birlikdə yaşayır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayonu ZAQS şöbəsi tərəfindən verilmiş İİ-ЖГ № 354097 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayeva (Əhmədova) Aybəniz Tahirmirzə qızı xx xxxxxx 1973-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası X3, anası X1r. İş materiallarında olan Abşeron rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ № 476959 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 dekabr 1989-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,2 kv.m olan mənzil üzərində ¼ hissədə pay İddiaçı, ¼ hissədə pay X4, ¼ hissədə pay Mergen Nüşabənin və ¼ hissədə pay Rzayeva Cəmilənin adına xx.xx.2018-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********06364 olan sayğac üzrə abonentin xx.xx.2015-ci il tarixinə borcu 250,06 manat təşkil etmiş və həmin borcun inteqrasiya dövr borcu olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi abonent kodu **********06364 olan sayğac üzrə abonentin xx.xx.2015-ci il tarixinə borcu 250,06 manat təşkil etmiş və həmin borcun inteqrasiya dövr borcu olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı yaşadığı mənzilə aid **********06364 saylı abunə koduna hesablanmış 250,06 manat məbləğində borcun ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı **********06364 saylı abunə koduna xx.xx.2015-ci il tarixinə hesablanmış 250,06 manat məbləğində borcun ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2015-ci il tarixdə borca görə hesablanmış 250,06 manat məbləğində borcun tələb edilməsi əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********06364 saylı abunə koduna hesablanmış 250,06 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə (abunə kodu: **********06364) quraşdırılmış sayğaca görə hesablanmış 250,06 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar