Məhkəmə qərarları › İş №2(012)-376/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-376/2024

01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-376/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Cavabdeh başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, qızı xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü X6 onun övladıdır. Qızı Sumqayıt Şəhər 2 saylı poliklinikanın psixiatrik kabinetində qeydiyyatdadır və İ dərəcə əlildir. Uşaq çox ağır dərəcəli əqli gerilik (İQ-20), ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları və nitq qüsuru ilə Kvadroplegik spastik serebral iflicdir və mütəmadi olaraq müalicə alır. Qızı xəstəlik qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyinə görə özünü idarə edə bilmir, ətrafında olan insanlarla davranışı qeyri-dekvat olur və hüquqlarını həyata keçirməkdə çətinlik çəkdiyindən onun himayəsindədir. Qızı ilə bağlı yaranan problemlərin həll olunması üçün o, fəaliyyət qabiliyyətsiz hesab olunmalı və uşağın üzərində qəyyum təyin edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Cavabdeh başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 “Çox ağır dərəcəli əqli gerilik (İQ-20), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları və nitq qüsuru ilə. Kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. -Səhiyyə Nazirliyi Məhkəmə X2 X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3151 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X4 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar- hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, bununla əlaqədar müalicələrdə olması, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, xəstəliyi ilə əlaqədar əsəbiliyi, sərbəst yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, “Çox ağır dərəcəli əqli gerilik (İQ-20), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları və nitq qüsuru ilə. Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə İ dərəcəli əlillik təyin edilməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: X4 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3151 saylı rəyindən müəyyən olunur ki, X6 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2023-cü il tarixli, 3151 saylı rəydə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qızı-xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar