Məhkəmə qərarları › İş №2(012)-3763/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3763/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3763/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən abonent kodu **********001 olan sayğaca qanunsuz yazılmış 1029 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Abşeron rayonu, Saray qəsəbəsində 0,03 ha torpaq sahəsində yaşayışa hələ tam hazır olmayan fərdi yaşayış evi vardır. 2023cü ilin aprel ayında "xxxx" ASC tərəfindən sözügedən fərdi yaşayış evinə abonent kodu **********001 olan sayğac quraşdırılmışdır. 2024-cü ilin aprel ayında isə yaşayış olmayan fərdi yaşayış evinə quraşdırılmış sayğaca 1029 manat borc hesablanmışdır. Cavabdeh bu borcu qanunsuz və əsassız olaraq hesablamışdır. "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən verilmiş aylıq ödənişlərlə bağlı sayğac göstəricilərindən də görünür ki, həmin evdə yaşayış olmayıb, cüzi olaraq qaz və işıqdan istifadə olunub. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir. Cavabdehə əsassız yazılmış borcun silinməsi barədə müraciət olunsa da, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında cavabdeh "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar o, əsl Cavabdeh PHŞ ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,03 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydə alınmışdır. İşdə olan 60298/0335218 saylı, xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, yoxlamaya təqdim edilmiş abonent kodu **********001 olan sayğacın yoxlamadan əvvəl mexaniki sərfiyyat göstəricisi 1031 kub.metrdir. Rəydə qeyd edilmişdir ki, sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı normadadır. Sayğac su sərfiyyatını qeydə almır. Mexaniki hissə işləmir. Sayğacın hesablama mexanizminin alt hissəsində yerləşən pəri yararsız vəziyyətdədir. O, təmirə və istismara yararsızdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, **********001 kodlu abonentin 1002 manat sərfiyyat, 27 manat qalıq borcu olmaqla, cəmi 1029 manat borcu vardır. İşdə olan əhali qrupunda su sayğacının quraşdırılmasına dair xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə 23060298 saylı su sayğacı quraşdırılmışdır. İşdə olan "xxxx" ASC-nin abonent İddiaçı dair məlumatlarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi sərfiyyatı 8 ay (may, iyun, iyul, avqust, sentyabr, oktyabr 2023-cü il, fevral və mart 2024-cü il) üçün 0 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2023-cü il tarixində İddiaçı ilə 46975353 nömrəli müqavilə bağlanaraq **********001 saylı abonent kodu açılmışdır. Sözügedən ünvanın hesabatı 23060298 nömrəli sayğacın göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən sayğac xx.xx.2024-cü ıl tarixdə su xətti üzərindən sökülərək X3 idarəsi X1 Laboratoriyasında yoxlanılması üçün göndərilmişdir. Laboratoriyanın verdiyi rəyə əsasən sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edildiyindən xx.xx.2024-cü il tarixində yerində yeni Alfasu-20 markalı. 49835022 nömrəli smart tipli sayğac quraşdırılmışdır. Hazırda xidmətlərdən istifadəyə görə abonent hesabında 1029 manat borc var. Qeyd edilən borc istismardan çıxarılan sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İşdə olan Abşeron rayon İHB-nin Saray İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Saray qəsəbəsində mülkiyyətində 0,03 ha torpaq sahəsi var. Həmin sahədə İddiaçı 2018-ci ildə yaşayış evi tikmişdir, lakin qeyd olunan tarixdən hazıra kimi həmin evdə yaşayış olmamışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub netr müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları xx.xx.2024-cü ildə **********001 kodlu abonentin su xəttində quraşdırılmış 23060298 nömrəli sayğacın istismara yarasız olması səbəbindən xətdən sökərək çıxarmış və laborator müayinəyə aparmışlar. X3 İdarəsi X1 Laboratoriyasının verdiyi rəyə əsasən həmin sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edildiyindən xx.xx.2024-cü il tarixində yerində yeni Alfasu-20 markalı. 49835022 nömrəli smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh sayğacdakı sərfiyyat göstəricisinə görə abonentə 1029 manat borc hesablamışdır, iddiaçı isə sayğac quraşdırılmış evdə yaşayış olmadığına görə hazırda bu məbləğin silinməsini xahiş edir. İş materiallarından görünür ki, sayğac quraşdırılan vaxtdan (aprel 2023) sayğac sökülən vaxtadək (aprel 2024) keçən müddət üçün "xxxx" ASC 1029 manat borc hesablamışdır. Mexaniki hesablama ilə müəyyən olunur ki, orta aylıq su sərfiyyatına görə borc 85,75 (1029:12) manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin abonent İddiaçı dair məlumatlarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi sərfiyyatı 8 ay (may, iyun, iyul, avqust, sentyabr, oktyabr 2023-cü il, fevral və mart 2024-cü il) üçün 0 manat təşkil edir. Məhkəmə bu hesabatı əsas götürərək hesab edir ki, iddiaçı mübahisəli evdə məhz yuxarıda göstərilən 8 ay ərzində yaşamamışdır. 8 ay üçün isə sudan istifadəyə və tullantı sularının axıdılmasına görə ona 686 (85,75x8) manat əsassız borc hesablandığı müəyyən edilir. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 343 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********001) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar su xəttinə qoşulma faktı müəyyən edildiyindən və həmin fakt üzrə "xxxx" ASC tərəfindən istifadə edilmiş suyun dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, hesablanmış 686 manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Qalan borc məbləği isə sayğac göstəricilərinə əsasən tətbiq edildiyindən məhkəmə hesab edir ki, abonent tərəfindən ödənilməlidir və bu hissədə borc silinə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********001) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid su sayğacına hesablanmış 686 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar