Məhkəmə qərarları › İş №2(012)-3775/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3775/2025

20.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3775/2025 20.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv olunması,1555,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evini X2 2024-ci ilin may ayında satın almış,X5 xx.xx.2021-ci il tarixində vəfat etmiş və sözügedən sayğac mərhum X3 adına quraşdırılmış və abonent kodu **********35060 olan qaz sayğacından hal-hazırda İddiaçı istifadə edir.İddiaçı qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-ci il tarixdə fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş,sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023ci il tarixli 14-2-2/3-5-4322-1 №-li Aktına əsasən G-4 markalı **********9 №-li sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu qeyd edilmişdir. Eyni zamanda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2023-ci il tarixli tələbnamə də tərtib olunmuşdur. Bildirmək istəyirəm ki, həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə ev sahibi hər hansı bir məsuliyyət daşımır. Əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 12960m3 qaza görə ümumilikdə 1555.20 manat məbləğində cərimənin ödənilməsi barədə akt tərtib olunmuşdur. İddiaçı yazılmış cərimə borcundan qaz sayğacını adına rəsmiləşdirmək istərkən xəbəri olduğunu bildirmişdir. Cavabdeh İВ-i Abşeron rayonu, Quşçuluq yaşayış massivində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incitdiyini, Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edildiyini,Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan, tərtib edilmiş akt və yazılmış cərimənin tamamilə əsassız olduğunu qeyd etmişdir. Bu səbəbdən də, əsassız tərtib edilmiş xx.xx.2023-cti il tarixli ******* saylı aktın ləğv olunması və 1555.20 manat məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, ev 0V mənzil 56 fərdi yaşayış evinə (abonent kodu: **********35060) baxış keçirilən zaman mövcud sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmast plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri müəyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cəfərov Süleyman xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 12960 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı X3 adına tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m,ev 0V mən 506 fərdi yaşayış evinə aid abonent kodu **********35060 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayı üçün akta əsasən qaz sərfiyyatı cəmi “12968 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 1555,20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1555,20 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********35060 olan abonentin qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar