Məhkəmə qərarları › İş №2(012)-3781/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3781/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3781/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən ona hesablanmış 25920 m3 qaz sərfiyyatı üzrə 3.110 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvandakı evində qaz sayğacının qaz sərfiyyatını qeyd etmədiyini müşahidə etmişdir. Növbəti gün bunun bir daha dəqiqləşdirilməsi üçün yenidən qaz sayğacına baxmış və sayğacda qaz sərfiyyatının qeyd edilmədiyinə əmin olmuşdur. Həmin gün Cavabdeh 104/189 saylı qaynar xəttinə zəng edərək qaz sayğacındakı problem barədə məlumat vermişdir. Həmin gün özünü qəza xidməti üzrə qrup rəhbəri kimi təqdim edən Ceyhun Cənnətov adlı şəxs telefonla iddiaçıdan ünvanı öyrənərək qaz sayğacına baxış keçirmək üçün evinə gəlmişdir. Onlar sayğaca baxış keçirərək evdəki 05156382 plomb nömrəli sayğaca heç bir müdaxilə olunmadığını və sayğacda hər hansı zədə olmadığını deyərək, sayğacın ekranın yatması səbəbindən qaz sərfiyyatını qeydə almadığını və ona görə də həmin sayğacın mexaniki qaz sayğacı ilə əvəz ediləcəyini bildirmişlər. Bundan sonra onlar köhnə sayğacı çıxarmış, yerinə yeni mexaniki qaz sayğacı quraşdırmışlar və köhnə sayğacı özləri ilə aparmışlar. İddiaçıya isə bildirmişlər ki, bundan sonra qaz nəzaərtçiləri gəlib qazdan istifadə üzrə sərfiyyata qəbz və abunə kodu verəcəklər və iddiaçı həmin kod və qəbz üzrə qaz sərfiyyatı üzrə ödəniş etməlidir. Yeni mexaniki qaz sayğacının quraşdırılmasından bir neçə gün sonra qaz nəzarətçilərinin gəlmədiyini gördükdə iddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Qaz Xidmət sahəsinə gedərək ona yeni quraşdırılmış qaz sayğacı üzrə abunə kodunun və qaz sərfiyyat barədə qəbzin verilməsini xahiş etmişdir. Burada iddiaçıya abunə kodunun **********5870 olduğu bildirilmiş və eyni zamanda Cavabdeh Bakı X1 Departamenti tərəfindən iddiaçıya qaz sərfiyyatı üzrə dəymiş zərər kimi 3.110,40 manat borc yazılmışdır. İddiaçı bunun səbəbini soruşduqda həmin Departamentdən öyrənə biləcəyini bildirmişlər. Bundan sonra həmin gün Cavabdeh Bakı X1 Departamentinə gedərək bu barədə yazılı ərizə ilə müraciət etmişdir. Ərizəsinə Cavabdeh Bakı X1 Departamentinin rəis müavini Mehralı Quliyevin imzası ilə verilən 16 iyun 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, Cavabdeh Bakı X1 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının qeyd almadığı təbii qaz 25920 m3 müəyyənləşdirilərək borc kimi istehlakçı hesabına daxil edilmişdir. Həmin məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh tərəfindən iddiaçıya 3.110 manat borc yazılması qanunsuzdur və həmin borc silinməlidir. Belə ki, iddiaçı evində olan qaz sayğacının qaz sərfiyyatının qeyd etmədiyini özü müəyyən etmiş və bundan sonra Cavabdeh qaynar xəttinə özü müraciət etmişdir. Sayğac evin girişində olduğundan evə giriş zamanı hər zaman onun ekranını müşahidə etmək olur. Əgər qaz sayğacına iddiaçı tərəfindən hər hansı müdaxilə olsaydı, onda özü niyə bu barədə zəng edib məlumat verirdi. Belə olan halda iddiaçı gözləyərdi ki, qaz sayğacı daha çox miqdarda qaz sərfiyyatı qeydə almasın və qaz nəzarətçiləri bunu nə vaxt aşkar edərdilərsə onda bununla bağlı borc yazardılar. Bundan başqa Cavabdeh əməkdaşları evdə qaz sərfiyyatını qeydə almayan köhnə sayğacı çıxararkən həmin sayğaca müdaxilənin olub-olmadığını yoxlamışlar. Köhnə sayğac çıxarılıb götürülərkən Cavabdeh əməkdaşları sayğacın plombuna toxunulmadığını, sayğaca heç bir müdaxilə edilmədiyini və sayğacda zədə olmadığını bildirmişlər. Əgər köhnə sayğacda hər hansı müdaxilə və zədə olsaydı köhnə sayğacın yeni sayğacla əvəz edilməsi ilə bağlı təhviltəslim aktında qeydlər edilərdi. Bunlardan başqa, guya qaz sərfiyyatı ilə bağlı dəymiş zərər kimi göstərilən 3.110 manat fantastik məbləğ özü də nə hüquqi, nə də məntiqi əsaslara söykənmir. Bununla bağlı təkcə bir faktı qeyd edilməlidir ki, ötən 11 il ərzində evində 19335 m3 qaz sərfiyyatı qeydə alınıb və bu köhnə sayğacın ekranında da əks olunmuşdur. İndiki halda isə sayğaca müdaxilə bəhanəsi ilə 25920 m3qaz sərfiyyatı üzrə 3.110 manat borc yazılır. Beləliklə, Cavabdeh abonenti kimi iddiaçıya 25920 m3 qaz sərfiyyatı üzrə 3110 manat borc yazması qanunsuzdur və iddiaçının istehlakçı kimi hüquqlarının pozulmasıdır. Göstərilənlərə əsasən təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən İddiaçı hesablanmış 25920 m3 qaz sərfiyyatı üzrə 3.110 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış borcun silinməsini istəyir. Çünki onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Bu səbəbdən də ona yazılan borc qanunsuz hesab olunmalıdır. Həmçinin ona yazılmış borcun heç bir hüquqi əsası yoxdur. Verilmiş suallara cavabında qeyd edir ki, o, Cavabdeh Bakı X1 Departamentinə ərizə yazaraq ona borcun yazılmasının səbəbini soruşmuşdur. Cavabda isə ona laboratoriyanın nəticələrini göstərmişlər. Sayğaca müdaxilə kimi laboratoriya rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. Çıxış plastmas borusunun deşilməsi üçün sayğac üstündəki möhür sökülməli, sayğac hər iki tərəfdən açılmalıdır. Sayğac açılıb təhvil veriləndə iştirak etmişdir. O, sayğacın sərfiyyatı qeyd etmədiyini görəndən sonra cavabdeh təşkilata müraciət edərək evinə qaz gəlsə də, sayğacın sərfiyyatı qeyd etmədiyini bildirmişdir Sayğaca müdaxilə etmək üçün sayğacın boltları açılmalı, möhür sındırılmalıdır. O, laboratoriyada sayğaca baxışda iştirak etməmiş və bu səbəbdən də onun tərtib edilmiş aktı imzalamaqdan imtina etməsi həqiqətə uyğun deyildir. Həmçinin ümumiyyətlə laboratoriyada sayğaca baxışla bağlı onu çağırmamışlar. Sayğac evin hasarından çöldə yerləşir. Evdə o və ailəsi yaşayır. Başqa şəxslər onun evində yaşamır. Göstərilənlərə əsasən qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh tərəfindən İddiaçı tərtib edilmiş aktın qanuni və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin sayğacın işləmədiyini görərək iddiaçı özü cavabdeh təşkilata müraciət edərək bu barədə xəbər vermişdir. Əgər iddiaçı müdaxilə etsəydi, cavabdeh təşkilata sayğacın işləməməsi barədə xəbər verməzdi. Eyni zamanda “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu bəndinin tələbinə görə istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməlidir. İddiaçının evinə aid qaz sayğacı evin hasarından kənarda yerləşir. İddiaçı sayğaca müdaxilə etsəydi, bu kənardan görünərdi. Eləcə də “Qazdan istifadə qaydaları”nın 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallar başa düşülür. Lakin yuxarıda sadalanan əsaslara görə müdaxiləyə görə aktın tərtib edilməsi düzgün hesab edilə bilməz. Akt özü də düzgüz tərtib edilməmişdir. Belə ki, aktda hansı şəkildə müdaxilə olunduğu aydın şəkildə göstərilməmişdir. İstehlakçı aktın tərtib edilməsində iştirak etməlidir. Lakin aktda iddiaçının imtina etdiyi göstərilmişdir. Göründüyü kimi akt hüquqi baxımdan tam əsaslandırılmamışdır. Göstərilənlərə əsasən təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən İddiaçı hesablanmış 25920 m3 qaz sərfiyyatı üzrə 3.110 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 12 aprel 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh nümayəndələri Ceyhun Cənnətov və Fariz Ramazanov tərəfindən istehlakçı İddiaçı Masazır kəndində yaşadığı həyət evinin qaz sayğacına baxış keçirilən zaman “İtron G4” markalı, 1202AQ**********9 nömrəli sayğacın sərfiyyatı qeyd etmədiyi aşkar olunmuşdur. 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, MSK-14-2-2/3-5-41601 saylı rəyinə əsasən 1202AQ**********9 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuş, bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş və istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 6x24x180=25920 m3, cəmi 25920 m3 (3.110,40 manat) əlavə ödəniş hesablanmışdır. 03 iyul 2023-cü il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********65870 olan ünvan üzrə aprel 2023-cü il tarixli akt əsasında 3.110,40 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğaca müdaxilənin, nəticədə sayğacın sərfiyyatı qeyd etməməsində iddiaçının təqsiri sübuta yetirilmədiyindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********65870) dair hesablanmış 3.110 (üç min yüz on) manat cərimə borcu silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********65870) dair hesablanmış 3.110 (üç min yüz on) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar