Məhkəmə qərarları › İş №2(012)-380/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-380/2021

14.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-380/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Mərdiyeva Züleyxa Xanış qızının və iddiaçının nümayəndəsi, vəkili X1, Cavabdeh nümayəndəsi, vəkil X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon 31 saylı Notariat ofisində Mərdiyeva Züleyxa Xanış qızı ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı, xx xxxxxx 2019-cu tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş və **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olmuşdur. İddiaçı həmin mülkiyyətlə bağlı səlahiyyətləri etibarnamə əsasında qardaşı qızı Mərdiyeva Züleyxa Xanış qızına vermişdir. Belə ki, iddiaçı Züleyxa Mərdiyevaya sözügedən mülkiyyətlə bağlı bütün hərəkətləri etməyi, o cümlədən, almağı, satmağı bağışlamağı və sair hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra Mərdiyeva Züleyxa Xanış qızı, Xəzər rayonu 31 saylı Notariat ofisinin Xüsusi Notariusunda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evini Cavabdeh satmışdır. Bununla bağlı, Xəzər rayonu 31 saylı Notariat ofisinin Xüsusi Notariusunun 4Ə-115 nömrəli, xx.xx.2019-cu il tarixli notariat işindən görünür ki, iddiaçının nümayəndəsi Mərdiyeva Züleyxa Xanış qızı ilə Cavabdeh arasında AN-İ № ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı sözügedən mənzili alıcıya 27000 manata satmışdır. İddiaçının nümayəndəsi Z.Mərdiyevanın hüquqları Cavabdeh və notariat ofisinin işçiləri tərəfindən kobud surətdə pozulmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi Z.Mərdiyeva sözügedən mənzili bu ilin ortalarında satmaq qərarına gəlmiş və mənzilə ilkin olaraq 72000 manat məbləğində qiymət qoymuş, cavabdeh həmin evi almaq üçün iddiaçı ilə danışıqlar aparmış və 70000 manata almaq qərarına gəlmişdir. Z.Mərdiyevaya vacib pul lazım olduğu üçün cavabdeh sonuncu ilə xx.xx.2019-cu il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində “kredit müqaviləsi” bağlayaraq 11000 manat məbləğində pulu, bir ay müddətinə qaytarmaq şərti ilə Z.Mərdiyevaya vermiş və bunun əvəzində sözügedən mənzilin çıxarışını alaraq özündə saxlamışdır. Z.Mərdiyeva həmin pul vəsaitini cavabdehə bir ay müddətində qaytara bilmədiyi üçün cavabdehin əri və ərinin yaxınları onu sıxışdırılmağa başlamışlar. Bir neçə ay mübahisə apardıqdan sonra cavabdehin əri Z.Mərdiyevaya bildirmişdir ki, həmin mənzili almaq istədiyini, alqı-satqı müqaviləsi bağlamaqla, ilkin olaraq ona 40000 manat pul vəsaiti verəcəyini, qalan 19000 manat qalıq pul məbləğini isə bir ay müddətinə verəcəyinə söz verməklə, Z.Mərdiyevanı Abşeron rayonu 2 saylı DNK-na aparmışdır. Notariatda cavabdehə bildirmişlər ki, Z.Mərdiyeva sözügedən mənzili 70000 manata satırsa, ən azı 40000 manat məbləğində nağd şəkildə pul olmalıdır. Həmin vəsait cavabdehdə olmadığı üçün alqı-satqı baş tutmamış və cavadehin əri mobil telefonla bir neçə yerlə danışdıqdan sonra Z.Mərdiyevanı avtomobilə əyləşdirərək Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı X8 gətirmişdir. Notariat ofisində cavabdehin əri Mehti Hüseynov notariusun otağına girmiş, təxminən 20- 25 dəqiqə sonra alqı-satqı müqaviləsi bağlamaq üçün Z.Mərdiyevadan etibarnamənin əslini və şəxsiyyət vəsiqəsini alaraq təkrar otağa girmişdir. Alqı-satqı müqaviləsi hazır olduqdan sonra cavabdehin əri Mehti Hüseynov sənədləri Z.Mərdiyevaya uzatmış və imza etməyi tələb etmişdir. Z.Mərdiyeva sənədləri imzaladıqdan sonra cavabdehin əri Mehti Hüseynov alqı-satqı müqaviləsini və digər sənədləri özündə saxlayaraq Bakı Hava limanında yerləşən “Kapital Bank”ın filialına gəlmişlər. Banka gələrkən cavabdehin əri Mehti Hüseynov Z.Mərdiyevaya gəlir vergisinin faizi çox olduğu üçün alqı-satqı müqaviləsinə 27000 manat pul yazıldığını, vergi rüsumunun az tutulması üçün və pulu bankdan götürdükdən sonra təkrar notariusa qaytarılacağını, səhəri gün isə yerdə qalan pul məbləğinin onların və notariusun iştirakı ilə Z.Mərdiyevaya veriləcəyini bildirmişdir. Habelə, alqı-satqı müqaviləsi, qəbz və digər sənədlərin əsillərini də cavabdehin əri Mehti Hüseynov özündə saxlamış və səhəri gün notariusda verəcəyini bildirmişdir. Onlar “Kapital Bank”ın filialına daxil olmuş və cavabdehin əri Mehti Hüseynov sənədləri banka təqdim etmişdir. Bank işçisi sənədləri qəbul etdikdən sonra pulu kassadan almaq üçün Z.Mərdiyevanı çağırmış, sonuncu pulu almaq üçün kassaya yaxınlaşdıqda cavabdehin əri də onunla birlikdə kassaya yaxınlaşmışdır. Həmin vaxt kassada əyləşən bank işçisi cavabdehin əri Mehti Hüseynova onun pulu saymağa hüququ olmadığını deyərək iradını bildirmişdir. Cavabdehin əri vəkillik fəaliyyəti ilə məşğul olduğunu və Z.Mərdiyevaya kömək etmək məqsədi ilə pulu saydığını bildirmişdir. Bundan sonra cavabdehin əri Z.Mərdiyevadan pulu götürmüş və notariusun əməkdaşı gəlib pulları aparacağını bildirmişdir. Cavadehin əri Z.Mərdiyevaya təkrar bildirmişdir ki, o, hüquqşünasdır, vəkil kimi fəaliyyət göstərir, bu sənədləşmə ilə heç kim onu aldada bilməz deməklə Z.Mərdiyevanı bir daha arxayın etmişdir. Bir neçə dəqiqə sonra notariusun əməkdaşı avtomaşınla hava limanına yaxınlaşmış və cavabdehin əri pulları götürüb onun avtomaşınına əyləşmişdir. Təxminən 5-10 dəqiqə sonra notariusun əməkdaşı hava limanından ayrılmış, cavabdehin əri isə onlar əyləşən avtomaşına qayıtmışdır. Avtomaşında olarkən cavadehin əri Z.Mərdiyevaya 4600 manat məbləğində pul vermiş, səhəri gün isə qalıq pulu notariusdan götürəcəyini bildirmişdir. Sonradan cavabdeh və cavabdehin əri Z.Mərdiyevaya zəng vuraraq notariusun əməkdaşının orada olmadığını, rəhbərinin isə işə gəlmədiyini, həftənin altı-bazar günü olduğun bildirmiş, Z.Mərdiyevaya yalandan vədlər vermiş və müxtəlif bəhanələrlə aldatmağa başlamışlar. Z.Mərdiyeva aldanıldığını bildikdən dərhal sonra Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi vermiş, daha sonra Xəzər rayon Binə qəsəbəsində yerləşən 31 saylı Notariat kontoruna gəlmiş və ərizə ilə alqı-satqı müqaviləsinin dayandırılmasını tələb etmişdir. Sonradan isə X11 Komitəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və bir daha aldandığını başa düşmüşdür. Belə ki, cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bu hal iddiaçının mülkiyyətində olan evdən istədiyi kimi, maneəsiz və tam istifadə etmə imkanlarını məhdudlaşdırır və qanunla qorunan mülkiyyət hüquqlarını kobud pozuntusu kimi qiymətləndirilməlidir. Daha sonra iddiaçının nümayəndəsi, vəkil X3 məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Xəzər rayon 31 saylı Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx xxxxxx 2019-cu tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və ünvan 2 ünvanına dair Azərbaycan Respublikası X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli, **********99-10301 saylı çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Mərdiyeva Züleyxa Xanış qızı və iddiaçının nümayəndəsi, vəkili X3 iddia ərizəsinə uyğun məzmunda izahatlar verərək, iddianın və iddia tələbinin həcminin artırılması barədə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə Cavabdeh dəftərxana vasitəsilə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona və digərlərinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ona verilmiş, **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyətində olmuşdur. Qeyd olunan əmlakla bağlı iddiaçı qardaşı qızı Mərdiyeva Züleyxa Xanış qızına etibarnamə vermiş və sonuncu Xəzər rayonu 31 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlamışdır. İddia ərizəsindən həmçinin görünür ki, guya alqı-satqı üzrə ödənilmiş pul vəsaitini onun əri Mehdi Hüseynov götürmüşdür. İddiada qeyd olunanlar şər və böhtandan ibarətdir. Göründüyü kimi, iddiaçı qeyd olunan hüquq normalarına əməl etməmiş, müqavilənin ləğv edilməsi barədə ona yazılı təklif etməmiş, bu barədə imtina almadan birbaşa məhkəməyə müraciət etmişdir ki, bu da maddi hüquq normalarının tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir və iddianın rədd olunması üçün əsasdır. O, qeyd olunan əmlakı almaqla nəzərdə tutulmuş pul məbləğini satıcıya ödəmişdir. Əgər həmin pul vəsaiti satıcı tərəfindən mülkiyyətçiyə verilməmişdirsə, mülkiyyətçi satıcıya qarşı pul tələbinə dair iddia qaldıra bilər. Alqı-satqı müqaviləsi bağlanarkən o, vicdanlı alıcı olmaqla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Qeyd olunanlar müqavilənin ləğvi üçün əsas deyildir, o, iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında cavabdehin nümayəndəsi, vəkil X10 iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs ünvan 3 ünvanlayaraq məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə işə cavabdeh Azərbaycan Respublikası X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin və üçüncü şəxs Bakı şəhəri 31 saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş AR-İ № 821317 saylı, xx xxxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Mərdiyeva Züleyxa Xanış qızına Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməsinə dair baş etibarnamə vermişdir. Etibarnamə 50 il müddətinə verilmiş, yəni xx.xx.2069-cu il tarixədək qüvvədə olmuşdur. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxxxxx 2019-cu tarixli, reyestrdə 1S-5336 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı adından Mərdiyeva Züleyxa Xanış qızı, “Alıcı” Cavabdeh ünvan 2 ünvanında yerləşən 120 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evini 27000 (iyirmi yeddi) manata satmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Mərdiyeva Züleyxa Xanış qızının Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-786/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Mərdiyeva Züleyxa Xanış qızının apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məһkəməsi Mülki Kollegiyasının 2(102)-3172/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Mərdiyeva Züleyxa Xanış qızının kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-786/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” Mərdiyeva Züleyxa Xanış qızına 11000 (on bir min) manat borc pul verməyi, Mərdiyeva Züleyxa Xanış qızı həmin məbləği Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X5 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi qeydiyyat nömrəsi**********, **********99-10301 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Məһkəmə qətnaməsi һaqqında” Azərbaycan Respublikası Ali Məһkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məһkəmə qətnaməsi mülki və iqtisadi mübaһisələrdən irəli gələn işlər üzrə ədalət müһakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübaһisəli һüquq münasibətlərlərində müəyyənlik yaranmalı, pozulmuş və mübaһisə edilən һüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının X5 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmuş Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməsinə dair xx xxxxxx 2019-cu il tarixdə Mərdiyeva Züleyxa Xanış qızına etibarnamə vermişdir. Mərdiyeva Züleyxa Xanış qızı həmin etibarnamə əsasında İddiaçı tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh ilə xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və həmin müqavilə əsasında fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçı onun tərəfindən Mərdiyeva Züleyxa Xanış qızına xx xxxxxx 2019-cu il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh və əri Mehdi Hüseynov tərəfindən aldadılaraq real dəyərindən ucuz qiymətə satıldığını əsas gətirərək həmin müqavilənin və xx.xx.2019-cu il tarixli, **********99-10301 saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Hazırki mübahisə üzrə Mərdiyeva Züleyxa Xanış qızı iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək, alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, İddiaçı tərəfindən Mərdiyeva Züleyxa Xanış qızına Abşeron rayonu, Saray qəsəbəsi, Etibar Hacıyev küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsinə verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti xx xxxx 2069-cu il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni xx xxxxxx 2019-cu il tarixdə etibarnamə qüvvəsində olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan sonra notariat orqanına müraciət edərək Mərdiyeva Züleyxa Xanış qızına verdiyi etibarnamədən imtina etməsi barədə ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi, Mərdiyeva Züleyxa Xanış qızı qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında torpaq sahəsinə və fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bundan əlavə, AN-İ № ******* nömrəli, xx xxxxxx 2019-cu tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin alqı-satqı müqaviləsi əsasında verilmiş ünvan 2 ünvanına dair Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X5 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, **********99-10301 saylı çıxarışın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddianı əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar