Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3820/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 583 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli akt qəbul edilmiş və həmin aktın əsasında İddiaçı 583 manat məbləğində cərimə yazmışlar. Aktda qeyd edilmişdir ki, əraziyə baxış keçirirlən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə olunmuşdur. 30.04.2020ci il tarixli akt tərtib edilən zaman cərimə yazılmış evdə ümumiyyətlə yaşayış olmamışdır. Yaşayış olmadığı üçün qaz, işıq və su xətləri çəkilməmiş və bir sözlə kommunal xətləri quraşdırılmamışdır. Belə ki, 2020-ci ilin mart-aprel aylarında Hökməli qəsəbəsində köhnə sayğaclar yenisi ilə əvəz olunmuşdur. Evin yerləşdiyi küçəyə də Cavabdeh əməkdaşları gəlmiş və yaşayış olan digər evlərə yeni sayğaclar quraşdırılmışdır. İddiaçı da həmin şəxslərlə söhbət zamanı Cavabdeh əməkdaşı iddiaçıya ona məxsus evə yeni qaz sayğacı quraşdırmağı təklif etmişdir. İddiaçı da razılaşmışdır. Qaz sayğacı quraşdırılsa da, ev təmir olunduğu üçün yaşayış olmamışdır. Ev təmir olunub başa çatdıqdan sonra iddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Bundan sonra iddiaçı evə qazın verilməsi üçün Cavabdeh Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İdarəsinə müraciət etmişdir. Müraciətindən sonra Cavabdeh tərəfindən iddiaçıya akt, abonentin saldosu və evinə aid olmayan fotoşəkillər təqdim edilərək, qeydiyyatsız qazdan istifadə etdiyi üçün 583 manat cərimə olunduğu, həmin pulu ödədikdən sonra evinə təbii qazın veriləcəyi bildirilmişdir. Sənədlərə baxış keçirdikdən və təqdim edilmiş evin fotoşəkillərinin ona aid olmadığını dedikdən sonra iddiaçıya texniki səhv baş verdiyi, bu səbəbdən də Cavabdeh Bakı X6 Departamentinin rəisinə ərizə yazması bildirilmişdir. İddiaçı da 24.11.2020-ci il tarixdə ərizə yazmışdır. Lakin bu günə kimi dəfələrlə həm departamentə, həm də Cavabdeh Xırdalan İdarəsinə müraciət etsə də, bu günə kimi iddiaçı heç bir cavab ala bilməmişdir. Sonuncu dəfə idarədən iddiaçıya aktın ancaq məhkəmə qaydasında ləğv edilə biləcəyi bildirilmişdir. Lazımı sənədlər iddiaçıya təqdim edilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı da hüquqlarının bərpa olunmasında ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********00257 saylı abonent koduna tətbiq edilmiş borc əsassız olduğu üçün silinməlidir. Cavabdeh tərəfindən müəyyən edilmiş ümumillikdə 583 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyib izahatında bildirdi ki İddiaçı tərəfindən ünvan 1ində yaşadığı evdə sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edilməsi aşkar olunduğundan Cavabdeh əməkdaşları tərəfindən əsaslı olaraq 30 aprel 2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən hesablanmış 583,20 manat borc hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24.04.2020-ci il tarixli, 14/1547 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarından olan 30.04.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən edilir ki, 30.04.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00257) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 30.04.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.04.2020-ci il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 24 saat x 90 gün = 2592 m3, 1,5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, cəmi 5832 m3 (583,20 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 25 may 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********00257 olan ünvan üzrə aprel 2020-ci il tarixli akt əsasında 583,20 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş materiallarında olan aktdan göründüyü kimi akt Cavabdeh ilə İddiaçı arasında təbii qazdan istifadəyə dair 24.04.2020-ci il tarixli, 14/1547 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin tarixindən əvvəlki dövrlərə, yəni sayğacdan əvvəlki dövrlərə aid tərtib edilmişdir. Eyni zamanda, işin materiallarından göründüyü kimi abunə kodu **********00257 olan ünvan üzrə qeydiyyatsız təbii qazdan istifadəyə görə aprel 2020-ci il tarix üçün 583,20 manat cərimə borcu hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanına adi qaz sayğacına (abonent kodu **********00257) dair aprel 2020-ci il tarix üçün hesablanmış 583 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 30.04.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanına aid qaz sayğacına (abonent kodu **********00257) dair hesablanmış 583 manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3820/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3820/2021
26.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver