Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3874/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 24.12.2018-ci il tarixli ******* nömrəli və 29.03.2019-cu il tarixli ******* nömrəli aktların ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən yazılmış 464.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanının mülkiyyətçisidir. Bu yaxınlarda 24.12.2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri iddiaçının evində quraşdırılmış qaz sayğacına iddiaçının iştirakı olmadan baxış keçirmiş, baxış zamanı Cavabdeh İB-nin nümayəndələri 24.12.2018-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Aktda qeyd etmişlər ki, G-4 markalı, 1502AZ**********06 nömrəli sayğacda yüklənən məbləğ silinmir. Akt tərtib olunan vaxt iddiaçı orada olmamışdır. Bundan sonra Cavabdeh İB-nin nümayəndələri 29.03.2019-cu il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Aktda sayğacın giriş plastmas borusunun deşilməsi göstərilmişdir. Cavabdeh İB-nin nümayəndələri bu aktı iddiaçıya təqdim etmədən aktda qeyd etmişlər ki, iddiaçı aktdan imtina etmişdir. Nəticə etibarı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində itirilmiş qazın hesablanmasına dair qərar qəbul edilmişdir. Qərarda itirilmiş qazın cəmi 4644 m3 olduğu göstərilmişdir. Cavabdeh İB-nin nümayəndələri sayğacı dəyişəndə, onu laboratoriyada yoxlayanda iddiaçının iştirakını təmin etməli idilər. Bu günə qədər hazırda qazın kartının balansına nə qədər pul yükləsə də, yüklənən pul məbləğinin əlli faizi silinir. Məsələ ilə bağlı Cavabdeh İB-yə rəsmi qaydada müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: - 24.12.2018-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Pürəkəşkül ünvanında yerləşən evində quraşdırılmış İtron G-4 markalı, 1602AZ**********06 saylı sayğaca baxış keçirilmiş, Azəriqaz İB-nin əməkdaşları tərəfindən çıxarılaraq, əvəzində İtron G-4 markalı, 176L**********19 saylı yeni sayğac quraşdırılmışdır. - Azəriqaz İB-nin 29.03.2019-cU il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4644 m3 ödənilməsi qərara alınmışdır. Əsas 29.03.2019-cu il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh əməkdaşları tərəfindən 29.03.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, abonent kodu **********02080 olan İddiaçı Abşeron rayonu, Müşviqabad qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman “MSK-nın 29/1710-00015-4 saylı rəyinə əsasən 1502AZ**********06 saylı sayğacın hesablama mexanizminin minimal və kommunal sərfiyyatla keçən qazın həcmini qeyd etmir. Sayğac Alarm rejimindən çıxarıldı. Çıxış plastmas borusu deşildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən evə aid abonent kodu **********02080 olan abonentin saldosundan görünür ki, 2019-cu ildə qaz sərfiyyatı “4644 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 464.4 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 464.4 manat borc silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********02080) dair hesablanmış 464,4 (dörd yüz altmış dörd manat 40 qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 (iyirmi) manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3874/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3874/2021
14.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver