Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3875/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 22 ünvanında yerləşən 13 saylı mənzilə dair 15781 reyestr nömrəli qeydiyyat vəsiqəsinin mərhum həyat yoldaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, ərizəçi laraq həyat yoldaşı X3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Ona cavab olaraq aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu bildirilmişdir. Bildirir ki, 15781 reyestr nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibinin adı “X4” göstərildiyi halda şəxsiyyət müəyyən edən sənədlərdə adı “X5” kimi göstərilmişdir. O, göstərilən yalışlığın aradan qaldırılması barədə maraqlı şəxs olan orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilən hallara görə o, ərizəçi olaraq ünvan 1 ünvanında olan fərdi yaşayış sahəsinə dair qeydiyyat vəsiqəsinin mərhum həyat yoldaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 15781 reyestr qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 22 ünvanında yerləşən yaşayış sahəsi-46,7 m2, köməkçi sahəsi-18,2 m2 olan, 3 otaqdan ibarət 13 saylı mənzil X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 270366 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizəçinin həyat yoldaşının soyadı səhv olaraq “X5” əvəzinə “X4” olaraq göstərilmişdir. Lakin ölüm haqqında şəhadətnamədə X5 olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 22 ünvanında yerləşən 13 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 15781 reyestr qeydiyyat vəsiqəsinin mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X2 adına verilmiş 15781 reyestr nömrəli qeydiyyat vəsiqəsinin Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 270366 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3875/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3875/2023
13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver