Məhkəmə qərarları › İş №2(012)-3877/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3877/2021

20.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3877/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümyəndəsi X3, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə 20 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 miras qalmış “Mercedes” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və qanun üzrə vərəsə kimi 1/1 hissədə payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümyəndəsi X7 iddia tələbinin onunla əsaslandırdı ki, İddiaçı 3 nəfər ailə üzvü ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. İddiaçının övladı X8 uzun sürən ağır xəstəlikdən sonra 30.09.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının övladı vəfat etdikdən sonra iddiaçının gəlini olan Cavabdeh2 evi tərk etmiş, 11 yaşlı nəvəsiylə birlikdə həmin evdə yaşamaqla həyatlarını davam etdirirlər. Mərhumun özünün şəxsi "Mercedes“ markalı 10-Vİ122 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının həyətində saxlanılır. Həmin avtomobil faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Qeyd edir ki, iddiaçı, mərhum övladının 1-ci növbə vərəsələrindən biridir. İddiaçının həyat yoldaşı X9 və Cavabdeh2 notarial qaydada ərizə verərək miras paydan imtina etmişlər.İddiaçı avtomobilə dair mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ilə Abşeron rayon 1 saylı Notariat Kontoruna ərizə müraciət etsə də, 736 nömrəli qərar ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan avtomobil mərhum həyat yoldaşı Hüseynov Kənan ilə birgə nikahda olan dövrdə alınmışdır. Həyat yoldaşı Hüseynov Kənan vəfat etdikdən 4 ay sonra qaynatası İddiaçı evin təmirə ehtiyacı olduğunu və bunun üçün mərhum həyat yoldaşından qalan avtomobili satmaq istədiyini bildirmişdir.İddiaçı tərəfindən aldadılaraq Abşeron rayon 1 saylı Notariat Kontoruna aparılmış və notariusda mirasdan imtina barədə ərizəyə imza etdirmişdir. Bu hadisədən bir neçə ay sonra İddiaçı evdə qəsdən dava salaraq, övladını ondan almış və onu evdən qovmuşdur. Odur ki, o, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 vəkili-nümayəndəsi X10 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. Cavabdeh ünvan 1 ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Ağdam Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 22.07.1981-ci ildə Ağdam rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X6r. İş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 03 sentyabr 2020-ci il tarixli, 281-05/69 №-li sənəddən görünür ki, X8 və Cavabdeh2 24.12.2003-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 № ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdam Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-T № 130659 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 01.10.2009-cu ildə Ağdam rayonunda doğulmuşdur. X1, anası Cavabdeh2dır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 043797 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 30.09.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********431 saylı ərizədən görünür ki, Cavabdeh2 30.09.2019-cu ildə vəfat etmiş X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. İş materiallarında olan X9 tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********432 saylı ərizədən görünür ki, X9 30.09.2019-cu ildə vəfat etmiş X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olumalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Mülki Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X8 vəsiyyətnamə qoymadığından onun ölümü ilə mülkiyyətində olan “Mercedes” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qanun üzrə vərəsəlik açılmışdır. Həm İddiaçı, həm Cavabdeh2, həm də X9 və X11 mirasqoyan X4 atası, həyat yoldaşı anası və övladı olduqları üçün onlar sonuncunun birinci növbədə vərəsələri hesab olunurlar. Lakin iş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********431 saylı ərizədən və X9 tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********432 saylı ərizədən göründüyü kimi Cavabdeh2 və X9 30.09.2019-cu ildə vəfat etmiş X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməkdən imtina etmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı və X11 mübahisəli əmlaka aid mərhuma məxsus 1/2 hissəni miras əmlak kimi faktiki qəbul etmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə və işin faktıkı hallarına istinad edərək hesab edir ki, tərəflər qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququna malik olduğundan “Mercedes” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə İddiaçı miras payı 1/2 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı madələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X4 ölümündən sonra miras qalmış “Mercedes” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı payı 1/2 hissədə müəyyən edilsin və “miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar