Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1703/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyət hüququnun tanınması, miras əmlakın qəbul edilməsi faktının müəyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 400 kv.metr həyətyanı torpaq sahəsi üzərində onun və mərhum həyat yoldaşı X3 ümumi birgə mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinin və yaşayış evinin mərhum həyat yoldaşı X4 məxsus 50 faiz hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qeyd olunan fərdi yaşayış evi və 400 kv.metr həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun müəyyən edilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mərhum X3 və İddiaçı ümumi birgə mülkiyyət hüquqlarının tanınması və hər birinin payının 50 faiz müəyyən edilməsi, qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin 50 faiz hissəsinin Balamət Əmrahovun miras kütləsinə daxil edilməsi və həmin 50 faiz hissənin ərizəçi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır (hakim Anar Qasımov). Qərardadla razılaşmayan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayət verilərək Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qəradadının ləğv edilməklə apellyasiya şikayətinin Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri tərəfindən aparıldığından qətnamə onları hüquqlarına toxunur. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi rəsmi qaydada xx.xx.2024-cü il tarixdə onlara verilmiş və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişlər.Sözügedən qətnamənin qəraddadda qeyd edildiyi kimi xx.xx.2010-cu il tarixdə alınmasını sübut edən hər hansı məlumat iş materaillarında öz əksini tapmamışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Anar Qasımov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq şikayətin dəlillərində qeyd olunan halların araşdırılması, o cümlədən hazırki işə baxılıb obyektiv qərar qəbul edilməsi üçün tərəflərin iştirakı və onların dindirilməsi zərurəti olduğundan şifahi məhkəmə prosesində baxılmasına təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizəçi İddiaçı ərizəsi əsasında xx.xx.2010-cu il tarixli, 2(029)-492/2009 saylı məktubu ilə göndərilmiş və həmin qətnamədən apellyasiya şikayəti 14 il keçdikdən sonra verilmişdir.Bundan başqa qətnamə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hər hansı maraq və mənafeyinə təsir etmir.Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə işə baxarkən miras əmlakın miras qoyan şəxsin və ya digər şəxsin adına qeydiyyata alınıb-alınmaması məsələsi araşdırılmamışdır. Eyni zamanda apellyasiya şikayətinə digər şəxsin adına verilmiş çıxarış əlavə olunsa da, həmin çıxarışa nəzər saldıqda onun barəsində şikayət verilən qətnamədən təxminən 4 il sonra verildiyi müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə diqqət yetirdikdə müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ünvanda daşınmaz əmlaka digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş xüsusatlara münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarışın olduğunu, qeyd edilən çıxarışın verildiyi fərdi yaşayış evi ilə mübahisə predmeti olan fərdi yaşayış evinin eyni olub-olmamasını, həmin daşınmaz əmlakın digər şəxsə satılması halının olub-olmamasını, eyni ünvan üzrə başqa və ya həmin daşınmaz əmlaka çıxarış verilməsi halını aydınlaşdırmadan apellyasiya şikayətini geri qaytarmışdır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi xx.xx.2010-cu il tarixdə Qusar Rayon Məhkəməsinə müraciət edərək hazırki iş üzrə çıxarılmış qətnamənin icrası üçün icra vərəqəsinin DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsinə göndərilməsini xahiş etmiş, bununla əlaqədar birinci instansiya məhkəməsinin işin 50-ci vərəqində olan xx.xx.2010-cu il tarixli məktubunda Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsinin surəti və icra vərəqəsinin icra dilməsi üçün Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinin rəisi Vaqif Ağayevə göndərildiyi qeyd edilmişdir. Lakin həmin məktubun və icra vərəqəsinin həmin İdarəyə çatdırılması iş materialları ilə təsdiq olunmur.Bununla əlaqədar birinci instansiya məhkəməsi həmçinin uzun müddət keçməsinə baxmayaraq həmin qətnamənin icra olunub-olunmamasının səbəblərini araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi hazırki iş üzrə çıxarılmış qətnamənin apellyasiya şikayəti vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlarına toxunubtoxunmaması məsələsinə hüquqi cəhətdən düzgün qiymət verməmişdir. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-492/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsndən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən maraqlı şəxs kimi verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1703/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1703/2024
29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver