Məhkəmə qərarları › İş №2(012)-3896/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3896/2023

22.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3896/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız tərtib olunmuş 10 iyun 2023-cü il tarixli, 033209 saylı aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış 400 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o,Abşeron rayonu,Xırdalan şəhəri, BQF yaşayış massivində yerləşən fərdi yaşayış evində (abunə kodu: **********122543) yaşayır.Bundan təxminən 4 ay əvvəl Abşeron rayonu, Xırdalan şəhəri,BQF yaşayış massivində yerləşən fərdi evinə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 031620 saylı qanunsuz akt tərtib olunmuş və bu akt əsasında 1052,63 manat borc hesablanmışdır.Tərtib olunmuş akt qanunsuzdur və əsassız şəkildə borc hesablanmışdır.Həmin aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur.. Onun iddiası qismən təmin olunaraq əsassız borcun böyük bir hissəsi silinmişdir.Bütün bunlardan sonra "xxxx" ASC yenidən onun yaşadığı evə gələrək qanunsuz akt tərtib etmiş və əsassız olaraq borc hesablamışdır. "xxxx" ASC tərəfindən 033209 nömrəli 10 iyun 2023-cü il tarixli qanunsuz akt tərtib edilmişdir. "xxxx" ASC-nin işçiləri tərəfindən bu dəfə də yaşadığı Abşeron rayonu,Xırdalan şəhəri,BQF yaşayış massivində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılmışdır.Bu dəfə "xxxx" ASC-nin işçiləri özbaşına bütün naqilləri sökərək aparmışlar.Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir.O,dəfələrlə idarəyə gedib aktın tərtib olunması səbəbini soruşanda ,ona əsaslı cavab verilməmişdir.Akt 10 iyun 2023-cü il tarixdə tərtib olunsa da,ona 14 iyun 2023-cü il tarixdə verilmişdir. Bu qanunsuzdur, aktın üzərində aşkar edilmiş pozuntu hissəsinə “v.s.pozuntu” olaraq qeyd edilsə də,bu pozuntunun tam açıqlaması göstərilməmişdir.Həmin akt qərəzli olaraq tərtib olunmuşdur.Ona yazılmış əsassız borcun məbləği haqqında tam olaraq onlara məlumatlı deyil və bu məbləğ təxmini olaraq 400 manat kimi məlumdur.Bu böyük bir qanunsuzluqdur. Akt tərtib olunarkən hesablanmış borc barədə cavabdeh ona dəqiq məlumat verməmişdir. Bütün bunlara əsasən 10 iyun 2023-cü il tarixli, 033209 saylı aktın ləğv edilməsini, həmin akt əsasında yazılmış qanunsuz borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək izahatında bildirdi ki, elektron məlumat bazasında sayğac (abunə kodu: **********122543) iddiaçının adınadır. Həmin sayğaca müdaxilə izləri aşkar edilmiş,033209 nömrəli 10 iyun 2023-cü il tarixli akt tərtib olunmuş, İddiaçı cərimələnmişdir.Tərtib olunmuş akt qanuni olaraq yazılmışdır.”Azərişıq”ASCnin əməkdaşları xüsusi qurğunu elektrik naqilinə yaxınlaşdırmaqla “sıfır” xəttində oxunma olmadığı, “İmpuls”xəttində isə oxunma müşahidə olunur.Tərtib edilmiş akt” Qaydalar”ın tələblərinə uyğun tərtib olunmuş və Qaydalara xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, 8-17.1-ci bəndinə uyğun olaraq, istehlakcı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacindan kənar elektrik xətti vasitəsi ilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda,enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan cox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar cəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.Tərtib olunan aktın hesablanma müddəti 60 gün müddəti üçün nəzərdə tutulmuşdur. Bu müddət aktı tərtib edən idarənin səlahiyyətindədir. 84 kvts x 9 qəpik,3745 kvts x 13 qəpikdən hesablanmaqla cəmi 494,41 manat cərimə hesablanmışdır. Elektrik enerjisinin pozulması faktı aşkar olunarsa həmin faktı aşkar etmiş qurum foto və videoçəkiliş aparmaqla rəsmiləşdirməli və bu zaman xəbərdarlıq edilməsinə gərək yoxdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə hazırlıq iclaslarında iştirak etmiş,lakin məhkəmə baxış iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli, 033209 saylı aktdan görünür ki, abonent kənarda sıfir xətti götürməklə sayğacı dövriyyədən kənarlaşdırmışdır İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblərə dair Qərar”ının surətindən görünür ki, abunə kodu **********122543 olan İddiaçı məxsus ünvana quraşdırılmış sayğaca baxış keçirilərkən yoxlama zamanı məlum olmuşdur ki, abonent kənarda sıfir xətti götürməklə sayğacı dövriyyədən kənarlaşdırmışdır.4,4 kvts x 24 saat x (0.7) x 60 gün - 606 kvts = 3829 kvts, Tarif (0.09 man) - 84 kvts x 0.09 = 7,56 manat, Tarif (0.13 man) - 3745 kvts x 0.13 = 486,85 manat, cəmi = 494,41 manat borc hesablanmış, sxem bərpa olunmuş və aktın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, 033209 saylı akt olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 033209 saylı akta əsasən, 494,41 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən eyni zamanda, göründüyü kimi, iddiaçı iddia ərizəsində barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 033209 saylı aktın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarında olan akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 033209 saylı akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, həmin aktın tərtib olunması zamanı “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni elektrik enerjisindən istifadə olunmasını tamamilə inkar edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Eyni zamanda, “Qaydalar”ın 8.34. bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Hesablaşma elektrik sayğacına baxış keçirilməsi və göstərişinin yazılması üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonenti tərəfindən iki hesablaşma dövrü müddətində elektrik sayğacının quraşdırıldığı yerə buraxılmadıqda, onlar məişət abonentinə bununla əlaqədar rəsmi bildiriş verirlər.Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, 033209 saylı aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə ala bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, tərtib olunmuş akt natamam şəkildə tərtib olunduğundan, qanunvericiliyin tələblərini əks etdirmədiyindən sübut növü kimi qəbul edilə bilməz, bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, “Qaydalar”ın 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli akt əsasında hesablanmış 494,41 manat pul məbləği abonentə 60 gün ərzində elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq iddiaçının elektrik enerjisinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla elektrik enerjisindən istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də, məhkəmə xx.xx.2023-cü il tarixli, 033209 saylı akt əsasında 60 gün müddətində hesablanmış 494,41 manat pul vəsaitinin 30 gün müddətinə hesablayıb sadə riyazi hesablama qaydasına riayət edərək, 494,41 manat / 2 = 247,20 manat olmaqla, qalıq 247.20 manat pul vəsaiti abonent İddiaçı məxsus abunə hesabından silinməlidir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, abunə kodu **********22543 olan İddiaçı barəsində hesablanmış 494,41 manat pul vəsaiti yarısı yəni 247,20 manatı abonentin hesabından silinməli,qalan 247,20 manat X2 tutulmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixli, 033209 saylı aktının ləğv olunmasını xahiş etsə də, həmin akt üzrə məhkəmə tərəfindən iddiaçının 247,20 manat borcu olduğu müəyyən edilmişdir. Ona görə də,iddia bu hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin: 107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu,Xırdalan şəhəri, BQF yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********22543 olan sayğac üzrə xx.xx.2023-cü il tarixli, 033209 saylı akt görə İddiaçı hesablanmış 494,41 manatın ½ hisəsi yəni 245,20 manat məbləğində borc silinsin. Azərişıq» ASC-dən dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar