Məhkəmə qərarları › İş №2(012)-3920/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3920/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3920/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 254099 saylı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 430.13 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin qalan hissədə saxlanılmaq şərtilə, ona məxsus sayğacın qüsurlu işləməsi barədə yazılmış 254099 saylı aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq borc məbləği hesablanmışdır. Qanunsuz hesablamanın səbəbi isə sayğacda yaranmış nasazlıqlar olmuşdur. Belə ki, iddiaçı, yəni onun həyat yoldaşı İddiaçı artıq ödəniş gəldiyi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin qaynar xəttinə şikayət etmiş və bundan sonra 11, 12 və 14 mart tarixlərində ərazi nümayəndəsi gələrək sayğaca baxış keçirmiş və sayğacın nasaz olması müəyyən edilmişdir. Bundan sonra sayğacın yenisi ilə dəyişdiriləcəyi, bunun üçün ərizə yazmalı olduğu iddiaçıya bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan ETSİ-ə gedərək artıq ödənişlərin olması və sayğacdakı nasazlığa görə əvəzlənərək yenisinin qoyulması barədə ərizə yazmış, xx.xx.2022-ci il tarixdə Xırdalan ETSİ-nin əməkdaşları işıq sayğacını dəyişdirmiş, lakin qanunsuz hesablanmış borc silinməmiş, qısa müddətdə ödəməyəcəyi halda elektrik enerjisinin verilməsinin dayandıracaqları barədə hədə-qorxu gəlmişlər. Lakin sayğacda nasazlıq iddiaçının təqsiri üzündən baş verməmiş, hesablanmış artıq borc qanunsuz olmaqla birdən-birə əvvəlki aylara nisbətdə 6-10 dəfəyə yaxın artıq enerji sərf etməsi qeyrimümkün və ağlabatan deyildir. 254099 nömrəli aktdan da görünür ki, cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15 və 8.33-cü bəndlərinin tələblərini pozaraq iddiaçının və iki nəfər hal şahidinin iştirakı olmadan aktlaşdırma və sayğacın yoxlanılmasını həyata keçirmişlər. Aktdan da görünür ki, sayğacın möhürü normaldır, sayğaca hər hansı müdaxilə yoxdur. Sayğaca müdaxilə olmadan sayğac normadan 6-10 dəfə artıq göstərici ilə hesablama aparırsa, deməli, sayğacın texniki qüsurları vardır, sayğac elektrik enerjisinin sərfiyyatını düzgün hesablamır. Buna baxmayaraq, həmin aktda yalan olaraq sayğacın normal xəta ilə işlədiyi göstərilmişdir. Sual yaranır ki, birincisi əgər sayğac normal işləyirdisə niyə görə sayğacı dəyişdirirək yenisi ilə əvəz etmişlər? Normal işləyirdisə və cavabdeh borc məbləğini hesablamaqda haqlı idisə həmin sayğacı olduğu kimi saxlayardılar. İkincisi, sayğac normal xəta ilə işləyirdisə necə oldu ki, əvvəlki dövrlərdə sayğacın göstəricisi mart və aprel ayı ilə müqayisədə 6-10 dəfə az olub? İddiaçı abonent olaraq “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə uyğun olaraq, istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında və lazımi həcmdə ödəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2021-ci ilin dekabr ayına kimi ona işıq pulu olaraq 10-14 manat borc gəlirdisə, yanvar ayında ona 20 manat borc yazılmışdır. Mart ayının 12-də isə o, telefon vasitəsilə ödəniş etmək istəyəndə borc olaraq 220 manat ödənişin olduğu müəyyən olunmuşdur. O, dərhal "xxxx" ASC-yə müraciət etmiş, ASC-nin səlahiyyətli nümayəndələri gələnə kimi o, öz sayğacına baxmış və hər hansı bir qüsur olmadığını aşkar etmişdir. Onun sayğacı elektron olmaqla sürətli şəkildə işləyir və bu barədə telefonunda videogörüntüləri də vardır. Lakin "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi ona sayğacın işləmədiyini bildirmiş və o, sayğacın dəyişilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, sayğacı dəyişilməmiş, sonradan qeyri-iş günləri ilə əlaqədar o, rayona gedib-qayıtdıqdan sonra və evdə heç kim olmadığı təqdirdə günə 8-10 manat sərfiyyat hesablanmışdır. Sayğaca əlavə olaraq kənar heç bir qoşulma olmamışdır. Mart və aprel ayında bu hesablamalar olmuş, aprel ayının 28-də isə ona zəng edilərək sayğacın aparıldığı bildirilmiş, həmin tarixdə də yeni sayğac qoyulmuş və yeni sayğacın əlavə sərfiyyat hesablamadığından o, əmindir. Lakin buna baxmayaraq, iyun ayının 3-də 430.13 manat borcun üzərinə 39 günə əlavə borc gələrək cəmi 439.49 manat borc, bu ay üçün isə 15 manat borc hesablanmışdır. Buna görə də o, sayğacın qüsurlu işləməsi nəticəsində hesablanmış borcun silinməsini istəyir. Sayğac “AAAF-Park” yaşayış kompleksində ona məxsus olan mənzilin yerləşdiyi binanın zirzəmisində quraşdırılmışdır. Sayğac qəfəslikdə yerləşir və qıfılla bağlanmışdır. Sayğac binanın komendantı və "xxxx" ASC-nin nümayəndələri tərəfindən mühafizə olunur. Sayğaca müdaxilə olunması mümkün deyildir. Çünki o, komendantın iştirakı ilə sayğaca baxmış, özü tikinti şirkətində çalışdığından və bu barədə məlumatlı olduğundan müdaxilə olunmanın mümkün olmadığı qənaətindədir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc debitor borcudur. Aktın nömrəsi saldoda qeyd olunmuş və borc məbləği 0 (sıfır) manat olmaqla göstərilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -»Azərişıq» ASC-nin bildirişindən görünür ki, abonent kodu 9007077B0050032 olan Günay Mənəfliyə qalıq borc olaraq xx.xx.2022-ci il tarixinə 430.13 manat hesablanmışdır. -»Azərişıq» ASC-nin bildirişindən görünür ki, abonent kodu 9007077B0050032 olan Günay Mənəfliyə qalıq borc olaraq xx.xx.2022-ci il tarixinə 439.49 manat hesablanmışdır. -»Azərişıq» ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 254099 saylı aktdan görünür ki, abonent Günay Mənəflinin ərizəsi əsasında mənzilə məxsus olan elektrik hesabat sayğacı yenisi ilə əvəz olunmuş, sayğacın laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi qərara alınmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 24 manat və xx.xx.2022-ci il tarixdə 16 manat ödəniş edilmişdir. -»Azərişıq» ASC-nin abunə haqqında sənədindən görünür ki, abunə kodu 9007077B0050032 olan Günay Mənəfliyə məxsus ünvan 1 ünvanına yerləşdirilmiş elektrik sayğacına cəmi 430.13 manat borc hesablanmış, 2022-ci ilin mart və aprel ayına görə isə sayğacın nasaz işləməsi nəticəsində 128.96 manat və 142.32 manat olmaqla, cəmi 271.28 manat borc hesablanmışdır. -»Azərişıq» ASC-nin nümayəndələri Y.Nəzirov, Ə.Poladlı, R.Yusibov və G.Rzayeva tərəfindən tərtib olunmuş sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 25409 saylı akt-protokoldan görünür ki, sayğacın AZS möhürünün normal olması, həmçinin, normal buraxılan xəta ilə işləməsi müəyyən olunmuşdur. -xx.xx.2022-ci il tarixli 139825 saylı protokoldan görünür ki, 254099 saylı akta əsasən, sayğac çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Qax rayonu Güllük ərazi dairəsi Güllük kəndində qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacının nasaz işləməsi nəticəsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuş, sonuncu barəsində "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli 254099 saylı akt tərtib olunmuş, sayğacın qüsurlu işləməsi öz təsdiqini taparaq sayğac yeni sayğacla əvəz olunmuş, lakin sayğacın mart və aprel aylarında qüsurlu işləməsi nəticəsində isə 271.28 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin aktın ləğv edilərək hesablanmış 430.13 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia ərizəsində barəsində tərtib olunmuş aktın ləğv edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə əvvəlki məhkəmə iclasında iddiaçı barəsində tərtib olunmuş aktın sayğacın qüsurlu işləməsi səbəbindən yeni sayğacla əvəz olunmasına dair tərtib olunduğunu, abonent barəsində hesablanmış pul vəsaitinin isə debitor borcu olduğunu bildirmişdir. Məhkəmə, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli 254099 saylı akta hüquqi qiymət verərək belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Bundan başqa, abonent tərəfindən imza edilməklə onun iştirakı ilə tərtib olunmuş akt abonentə məxsus evə quraşdırılmış sayğacın yenisi ilə əvəz olunmasına dair tərtib olunmuşdur ki, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmuş aktın qüsurlu şəkildə tərtib olunması müəyyən olunmadığından iddia ərizəsi bu hissədə əsaslı hesab edilib təmin edilə bilməz. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan evə quraşdırılmış sayğacın mart və aprel aylarında qüsurlu işləməsi nəticəsində elektrik enerjisindən istifadəyə görə abonentə əlavə borc hesablanmış və mülki iş materiallarında olan abonent saldosundan da göründüyü kimi, iddiaçı barəsində elektrik enerjisindən istifadəyə görə 2021-ci il ərzində borc hesablandığı halda, 2022-ci ilin mart və aprel ayında 128.96 manat və 142.32 manat borc hesablanmışdır ki, qeyd olunan borc məbləğləri də əvvəlki aylara münasibətdə yüksək olmaqla ziddiyyət doğurur. "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğacın yenisi ilə əvəz olunmasına dair xx.xx.2022-ci il tarixdə 254099 saylı akt tərtib olunmuş, nəticədə, aktın tərtib olunduğu tarix ilə həmin borcların hesablandığı tarix üstüstə düşməklə, 271.28 (128.96+142.32=271.28) manat borcun məhz sayğacın qüsurlu işləməsi tarixinə təsadüf edərək hesablanması müəyyən olunduğundan məhkəmə iddia ərizəsinin qismən təmin edilərək, 271.28 manat borcun iddiaçıya məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, Qaydaların 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, abunə kodu 9007077B0050032 olan İddiaçı barəsində hesablanmış 271.28 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abunə kodu 9007077B0050032 olan İddiaçı barəsində hesablanmış 271.28 (iki yüz yetmiş bir manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar