Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-394/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və itirilmiş 47520 m3 qaza görə hesablanmış 5702.40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu. Hökməli qəsəbəsi, Nuru Paşa küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********08800 olan qaz sayğacı ona məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus mənzilin sayğacına baxış keçirilmiş, guya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair itirilmiş 47520 m3 qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması barədə tələbnamə tərtib olunmuşdur. Sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona heç bir xəbərdarlıq edilməmiş. 8 ay bundan əvvəl tərtib edilmiş akt barəsində ona 2023-cü ilin sentyabr ayında məlumat verilmişdir. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Yaşadığı fərdi yaşayış evinə məxsus qaz sayğacı evin həyətyanı sahəsindən xaricdə quraşdırıldığına görə ətrafından hər gün yüzlərlə insan keçir. Sayğaca o yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunulmamışdır. Akt tərtib edilən zaman ümumiyyətlə həmin evdə yaşayış olmamışdır, nə o nə də ailə üzvləri həmin evdə olmamışdır. Əsassız olaraq tərtib edilmiş aktlara əsasən itirilmiş qaza görə ümumilikdə 5702.40 (beş min yeddi yüz iki) manat məbləğində cərimənin ödənilməsi öhdəliyinə qoyulmuşdur. Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan və yazılmış cərimə tamamilə əsassızdır. Bu səbəbdən də. barəsində əsassız tərtib edilmiş aktın ləğv olunması və 5702.40 (beş min yeddi yüz iki) manat məbləğində cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, evin 2022-ci ilin sentyabrında alındığını, evdə qeyri-qanuni xətt olmadığını, evə yalnız qonşudan şlanq vasitəsilə su çəkildiyini, fotoşəkillərdə olan şlanqın su şlanqı olduğunu bildirmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayonu. Hökməli qəsəbəsi, Nuru Paşa küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********08800 olan qaz sayğacı iddiaçıya məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində məxsus mənzilin sayğacına baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair itirilmiş 47520 m3 qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması barədə tələbnamə tərtib olunmuşdur. Tələbnaməyə əsasən 5702.40 manat cərimə hesablanmışdır. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki,Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 47520 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********08800 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanına xx.xx.2019-cu il tarixdə Smart G-4 İtron Diafraqma tipli, 1602AZ**********33 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Akta əsasən hesablanmış, abonentin 2023-cü ilə aid olan borcu 5702.40 manat göstərilmişdir. -Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventar aktından görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, məhkəmənin tapşırığına əsasən ünvana baxış keçirilmiş, Agis bazasında göstərilən şəkil ünvana aid deyildir. Qeyd olunan akt şahidlər tərəfindən imza edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, sözügedən aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli, ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş, fotoşəkillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 5702.40 manat cərimə hesablanmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə fərdi yaşayış evinin hasarının önünə qaz sayğacının quraşdırılması və şlanq vasitəsilə qeyri-qanuni qoşulma halı müəyyən olunsa da, mülki iş materiallarına əlavə olunmuş, Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş inventar aktından göründüyü kimi, abonentə məxsus olan mənzilə baxış keçirilən zaman qeyri-qanuni xəttin olması aşkar edilməmiş, Agis bazasında göstərilən şəklin həmin ünvana aid olmaması müəyyən olunmuşdur. Başqa sözlə, abonent tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulduğunu iddia edən cavabdehin tələbi ilə iddia tələbinin əsasını təşkil edən hallar və faktlar ziddiyyət təşkil edir və həmin halları sübuta yetirən sənədlər isə cavabdehin tələbini inkar edir. Bununla bağlı Cavabdeh İB-nin nümayəndəsi istinad etdiyi həmin halı, yəni, sayğacın və həmin sayğacın quraşdırıldığı fərdi yaşayış evinin həqiqətən də, abonentə məxsus olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkli əsas sübut növü kimi nəzərə almır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, akt əsasında iddiaçıya cərimə hesablanması ilə nəticələnən aktın inventar akt ilə iddiaçıya məxsus olan evə aidiyyətinin olmaması öz təsdiqini tapmamışdır Ona görə də məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatlarını və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5702.40 manat borc məbləği abonent kodu **********08800 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi tələbini münasibət bildirərək məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilmədiyindən və hüquqmüəyyənedici sənəd olmadığından, iddia ərizəsi “aktın ləğv edilməsi” hissəsində əsaslı hesab edilməməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 77.02 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5702.40 (beş min yeddi yüz iki manat qırx qəpik) manat borc abonent kodu **********08800 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 77.02 (yetmiş yeddi manat iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov