Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3941/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv olunması və 1944 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********04170 olan qaz sayğacı ona məxsusdur. Ailə üzvləri ilə birgə həmin fərdi yaşayış evində yaşayırlar. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ona məxsus mənzilin qaz sayğacına baxış keçirilmiş, guya evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla bağlı sayğacdan kənar qeyri-qanuni qaz xətti və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq heç bir məlumat verilməmiş, xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Sayğaca baxış keçirilərkən Birliyin əməkdaşları tərəfindən sayğaca müdaxilə olunmuşdur. Onlar sayğacı açarkən nöqsanlarla bağlı hər-hansı bir çəkilişləri, yaxud sübutları varsa bunu təqdim etməlidirlər. Bu aktda göstərilən nöqsanlar tamamiiə əsassızdır və heç bir həqiqəti əks etdirmir. Sayğaca o və ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışlar. Sayğac həyətyanı sahədən tamamilə kənarda, xeyli uzaq məsafədə quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, sayğaca onun, yaxud ailə üzvlərinin müdaxilə etməsi mümkün deyil. Əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 16200 m3 qaza görə ümumilikdə 1944 manat məbləğində cərimənin ödənilməsi onun öhdəsinə qoyulmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, xx.xx.2022ci il tarixli akt əsasında hesablanmış 1944 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsində yerləşən 22 saylı fərdi yaşayış evindəki (abonent kodu: **********04170) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halı müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı cəmi “16200 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və istehlakçı İddiaçı adına olan **********04170 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı cəmi “16200 m3” həcmində müəyyən edilərək, abonentə birdəfəlik 1944 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 162 manat (7,5 x 6 x 30 = 1350 kub.metr x 0,12 manat) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum akt üzrə 162 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********04170) Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsində yerləşən 22 saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1782 (1944-162) manat borc abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********04170) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 1782 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 37,82 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3941/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3941/2024
11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver