Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-398/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə2, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxs X2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.2000-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il təvəllüdlü X7 Ərizəçi oğludur. Oğlu İİ qrup əlildir və ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq, davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən oğlu öz hərəkətlərini anlaya bilmir və idarə edə bilmir. Bu səbəbdən də, X5 nəzarətsiz qoymaq mümkün deyildir. Ona görə də özünü idarə edə bilməyən X6 anası olaraq ərizəçi baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini anası çəkir. Buna görə də ərizəçi heç bir yerdə işləyə bilmir. Əlavə olaraq, hər hansı sənədləşmə işi lazım olduqda X7 qeyd olunan xəstəlikdən əziyyət çəkdiyi üçün sənədlərə imza ata bilmir və bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda, X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 4470 saylı rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli İ-AZ № 158875 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 618 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, anası Ərizəçidır. -xx.xx.2020-ci il tarixli SX № ******* saylı hərbi biletin surətindən görünür ki, X7 hərbi xidmət keçmədən hərbi xidmətə yararsız hesab olunmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş əlillik haqqında arayışdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən, orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0- F62.9, F45-F45.9, F48-F48.9, F70-F79), ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış pozuntuları diaqnozu qoyulmuşdur. -3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 186 saylı arayışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə psixiatr tərəfindən müayinə olunmuş, F72.1-ağır kəmağıllılıq, kəskin imbesillik, kobud davranış pozuntuları diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 4470 saylı rəyindən görünür ki, İ motivləşdirici hissə. X3 ağır əqli gerilik davranış pozuntuları ilə (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar-körpəlikdən kobud nevroloji əlamətlərin və qıcolma tutmalarının qeyd olunması, Böyük Britaniyada və ABŞ-da uzun müddət müalicə alması, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, 3 nömrəli şəhər poliklinikasında müayinə olunarkən “Ağırkəmağıllıq, kəskin imbesillik kobud nitq davranış pozuntuları ilə” diaqnozunun təyin edilməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyyətini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissə: Mülki iş materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X2 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X2 xəstəliyi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X1 rayonu Görədil kəndi N.Gəncəvi küçəsi 40 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Görədil kəndi N.Gəncəvi küçəsi 40 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 4470 saylı rəyindən müəyyən olunur ki, X7 “Ağırkəmağıllıq, kəskin imbesillik, kobud nitq davranış pozuntuları” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2022-ci il tarixli 4470 saylı rəydə X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu - xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov