Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4003/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı «itirilmiş sənədlərin etibarsız sayılması və həmin sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 arasında bağlanmış ünvan 1 ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin 5-ci girişində 6-cı mərtəbəsindəki ümumi sahəsi 77,5 kv.m olan 2 otaqlı mənzilin tikilərək izolə edilmiş halda təhvil verilməsi barədə 26 aprel 2011-ci il tarixli müqavilənin və onun tərəfindən mənzilin dəyəri olaraq 24800 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə maliyyə arayışının etibarsız sayılması və həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısı Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.11-ci maddələrində göstərilmişdir. Belə ki, Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin xahişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinin tələblərinə uyğun deyildir, belə ki, ərizəçi tələbində onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 arasında bağlanmış ünvan 1 ünvanda inşa edilən 12 mərtəbəli yaşayış evinin 5-ci girişində 6-cı mərtəbəsindəki ümumi sahəsi 77,5 kv.m olan 2 otaqlı mənzilin tikilərək izolə edilmiş halda təhvil verilməsi barədə 26 aprel 2011-ci il tarixli müqavilənin və onun tərəfindən mənzilin dəyəri olaraq 24800 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə maliyyə arayışının etibarsız sayılması və həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də hazırki tələb yuxarıda qeyd edilən normalara əsasən xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısında nəzərdə tutulmamışdır, həmçinin sözügedən tələb qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan digər faktlardan bəhs edən Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinin təsirinə düşmür. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi itirilmiş sənədlərin ona yenidən təqdim olunması üçün "xxxx" MMC-yə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı «itirilmiş sənədlərin etibarsız sayılması və həmin sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəçiyə itirilmiş sənədlərin ona yenidən təqdim olunması üçün "xxxx" MMC-yə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4003/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4003/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver