Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4040/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına yaranmış 500 manat borcun iddia müddəti keçməsi səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında 1990-cı ildən halhazıra qədər yaşayır. Yaşadığı evə 4-5 il olar ki, su sayğacı quraşdırılmışdır. Lakin həmin vaxt borcunun olması ona bildirilməmiş və bu günə qədər ona borcunun olması barədə bildirş göndərilməmişdir. Yalnız 2024-cü ilin aprel ayında 2005-ci ildən onun 500 manat borcu olduğu bildirilmişdir. O, isə bununla bağlı bu günə qədər nə üçün həmin borcun ondan tələb edilmədiyini, bu barədə ona bildiriş göndərilmədiyini bildirmişdir. Daha sonra isə həmin borcu ödəməyə imkanı olmadığını, həm də həmin borcun yaranmasından 20 il keçdiyini bildirərək borcun silinməsini tələb etmişdir. Cavabdeh təşkilat isə borcu silməkdən imtina etmişdir. Göstərilən səbəbdən də məhkəməyə müraciət etmişdir. O, dəfələrlə cavabdeh təşkilata gedərək boc məbləğinin nə vaxtdan və nə qədər yaranması barədə rəsmi sənəd tələb etsə də, ona şifahi imtina verilmişdir. Sonuncu dəfə cavabdehə ünvanladığı ərizənin surətini iddia ərizəsinə əlavə etmişdir. 20 il əvvəl yaranmış borc silinməlidir. 2021-ci ildə sayğac quraşdırılanda da həmin borc ondan tələb olunmamışdır. Sayğac quraşdırıldığı dövrdən 2024-cü ilin aprel ayına qədər suyu sayğac vasitəsi ilə işlədərək həmin dövr üçün xidmət haqqı ödəyəndə də əvvəlki borc ondan tələb olunmamışdır. Yalnız 2024-cü ilin aprel ayında əvvəlki borc nəzarətçilər tərəfindən tələb olunmuş, ödəmədiyinə görə su borusu kəsilərək bağlanmışdır. Bu günə qədər sudan istifadə edə bilmir. Yalnız su maşını ilə su gətirib işlədir. Bu da onun maddi vəziyyətini daha da çətinləşdirir. Bu borcun ödənilməsi müddəti keçmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən onun adına yaranmış 500 manat borcun iddia müddəti keçməsi səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən bütün vətəndaşların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2016-cı il tarixə olan borcu silinmişdir. İddiaçı hazırda cavabdeh təşkilata olan borcu 485 manat təşkil edir. İddiaçının silinməsini tələb etdiyi borc 2016-cı il tarixdən bu günə kimi yığılmış borcdur. Belə ki, iddiaçı aylıq ödənilməli olan borcdan cüzi ödənişlər etmiş, bununla da qeyd edilən borc məbləği yığılmışdır. Qeyd edilən borc məbləği abonentin kartından əks olunmuşdur. Hazırda silinmə tələb edilən məbləğ yalnız sudan istifadəyə görə hesablanmış və ödənməyərək yaranmış borcdan ibarətdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: **********630 kodlu abonentin (İddiaçı) abonent kartından görünür ki, xx.xx.2005-cı il tarixli, 28820713 nömrəli müqavilə üzrə abonent İddiaçı ünvan 2 ünvanı üzrə su təchizatına görə 485,83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli "xxxx" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 31 yanvar 2011-ci il tarixli 01 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli 06 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən su təchizatına görə xidmət haqqı tam həyata keçirilməmiş və nəticədə borc yaranmışdır. Belə ki, iddiaçının hazırda silinməsini tələb etdiyi məbləğ su təchizatına görə yaranmış borc məbləğidir. İş materiallarına əlavə edilmiş abonen kartından da görünür ki, iddiaçının hazırda 2016-cı il tarixdən bu günə kimi su təchizatına görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 485,83 manat yığılmış borcu vardır. İddia tələbində və həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona əsassız yazıldığını və 2016-cı il tarixdən əvvəlki dövrə aid olduğunu bildirsə də, məhkəmənin təklif etməsinə və tərəfin mübahisələndirməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov
Məhkəmə qərarları › İş №2(012)-4040/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4040/2025
04.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver