Məhkəmə qərarları › İş №2(012)-4042/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4042/2023

27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4042/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əiyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “öhdəliyin icrası və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən Akkord Gənclər Şəhərciyinin 26 saylı evin 146 saylı mənzilinə dair elektrik sayğacına görə tərtib olunmuş 254224 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış 263.88 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən X1 26 saylı evin, 146 saylı mənzili İddiaçı mülkiyyətində və istifadəsində olan evə aid elektrik enerjisinə dair **********60146 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı mənzilə gələrək 254224 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Həmin aktda mənzilə aid olan elektrik sayğacının giriş qrifinin əriməsi və axan yükün onlar tərəfindən ölçülməsi qeyd edilmişdir. Bunun nəticəsi olaraq həmin akt əsasında sayğaca görə 263.88 manat məbləğində borc yaranmışdır. Qeyd olunur ki, İddiaçı tərəfindən sayğaca və elektrik xətlərinə heç bir müdaxilə olunmamışdır. Belə ki sayğac binanın blokunda və çox hündür yerdə yerləşir, ora müdaxilə edilməsi mümkünsüzdür, eyni zamanda sayğaca dövlət nəzarəti var və bu da nəzarətçinin üzərinə düşür və onların nəzarətində olan işdir. Lakin bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması nəticəsində onun hüquqları pozulmuşdur. Belə ki o, işıq pulu gələndə şübhələndiyi üçün cavabdeh təşkilata telefon vasitəsi ilə məlumat vermişdir. Müvafiq qurumun Şamil adlı əməkdaşı gələrək onun evinə gedən xətdi tam söndürdükdən sonra xətt dayandırılsa da, sayğacın fırlandığını müşahidə etmişdir. O özü aktın aktın tərtib olunmasını tələb etmişdir. Lakin bütün bunlara baxmayaraq cərimə İddiaçı adına yazıldığı ona məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC İddiaçı qarşı “öhdəliyin icrası və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsinini və İddiaçı istifdadə etdiyi elektrik enerjisi üzrə və tərtib olunmuş akta əsasən yaranmış 304.12 manat borcu və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumunun, cəmi 334.52 manat pul məbləğinin İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı adına olan abonent kodunun hal-hazırda "Azərişıq” ASC qarşısında 304.12 manat borcu vardır. Həmin borc məbləğinin 57.84 manatı xx.xx.2022-ci il tarixində tərtib olunmuş Rİ 254224 nömrəli akta əsasən, 246.28 manatı isə elektrik enerjisindən istifadə nəticəsində yaranmış debitor borcdur. Buradan aydın olur ki, İddiaçı məhkəməyə müraciət edərək, həm məhkəmənin vaxtını, həm də işə cavabdeh kimi cəlb edilən, səhmlərinin 100% dövlətə məxsus olan "xxxx" ASC-nin vaxtını alaraq elektrik enerjisindən istifadə nəticəsində yaranmış 263.88 manat debitor borcun silinməsi niyyətindədir. Qarşılıqlı cavabdeh İddiaçı adına olan **********60146 saylı abonent kodu xx.xx.2016-cı ildə açılmış, xx.xx.2022-ci ildə həmin kod üzrə sayğac dəyişikliyi olmuşdur. Bu illər ərzində, yəni xx.xx.2016-ci ildən qarşılıqlı iddia arizəsinin verildiyi cari günə, yəni xx.xx.2023-cü ilədək həmin kod üzrə sayğac oxunması 316.28 manat, yazılan akt 57.84 manat, ödəmə 70 manat, yaranmış borc isə 304.12 manat olmuşdur. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, İddiaçının elektrik enerjisindən istifadə etməsi müqabilində az ödəniş etməsi nəticəsində "xxxx" ASC-ya cəmi 304.12 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 304.12 manat borcu bu günə qədər ödəməkdən qəsdən yayınmışdır. Abşeron rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(012)-4042/2023 saylı qərardadına əsasən, ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “öhdəliyin icrası və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi iddiaçının ərizəsi əsasında baxılmamış saxlanılmışdır. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, xx.xx.2023cü il tarixinə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən, onun iştirakı olmadan baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və mülki iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 254224 saylı aktdan görünür ki, abunə kodu **********60146 olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, Akkord Gənclər Şəhərciyi 26 saylı ev, 146 saylı mənzil ünvanında yerləşən evə quraşdırılmış sayğaca baxış zamanı elektrik enerjisindən istifadə qaydaları yoxlanılmış və sayğacın giriş qrifinin əriməsi səbəbindən sayğacdan axan yük ampermaşa vasitəsilə yoxlanılmış, nəticədə, sayğac yenisi ilə əvəz edilmişdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abunə kodu **********60146 saylı abunə haqqında saldodan görünür ki, abunə barəsində yekun olaraq elektrik enerjisindən istifadəyə görə 263.88 manat borc hesablanmışdır. - Abunə kodu **********60146 saylı abunə haqqında saldodan görünür ki, xx.xx.2019cu il tarixdə 50 manat və xx.xx.2020-ci il tarixdə isə 20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş xx.xx.2022-cü il tarixli, 254224 saylı akta əsasən, 263.88 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən eyni zamanda, göründüyü kimi, iddiaçı iddia ərizəsində barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 254224 saylı aktın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarında olan akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş xx.xx.2022-ci il tarixli, 254224 saylı akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, həmin aktın tərtib olunması zamanı “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni elektrik enerjisindən istifadə olunmasını tamamilə inkar edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Eyni zamanda, “Qaydalar”ın 8.34. bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Hesablaşma elektrik sayğacına baxış keçirilməsi və göstərişinin yazılması üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonenti tərəfindən iki hesablaşma dövrü müddətində elektrik sayğacının quraşdırıldığı yerə buraxılmadıqda, onlar məişət abonentinə bununla əlaqədar rəsmi bildiriş verirlər. Beləliklə, məhkəmə xx.xx.2022-ci il tarixli, 254224 saylı aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə ala bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, tərtib olunmuş akt natamam şəkildə tərtib olunduğundan, qanunvericiliyin tələblərini əks etdirmədiyindən sübut növü kimi qəbul edilə bilməz, bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, “Qaydalar”ın 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, abunə kodu **********60146 olan İddiaçı barəsində hesablanmış 263.88 manat pul vəsaiti abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Abunə kodu **********60146 olan İddiaçı barəsində hesablanmış 263.88 (iki yüz altmış üç manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar