Məhkəmə qərarları › İş №2(012)-4062/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4062/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4062/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.264, 60 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayon, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, İİ qrup əlil və İ Qarabağ müharibəsi veteranıdır. Sözügedən yaşadığı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********05943 olan işıq sayğacından istifadə edir. Cavabdeh sayğaca qanunsuz və əsassız olaraq 1.264,60 manat işıq borcu hesablamışdır. Belə ki, 2017-ci ilin iyul ayında yaşadığı fərdi yaşayış evinin küçəsi ilə hərəkətdə olan kamaz markalı avtomobil işıq dirəyindən sayğaca gələn xəttə ilişərək sayğacı yerindən dartıb çıxardaraq həmin ərazidən uzaqlaşmışdır. Bu hadisə nəticəsində sayğac zədələnmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmiş, məlumat əsasında idarənin əməkdaşları yaşadığı ünvana gəlmiş və sayğacı yeni sayğac ilə əvəzləmişlər. Sonradan iddiaçıya cavabdeh idarənin 1.264,60 manat məbləğində işıq borcu hesabladığı məlum olmuşdur. İddiaçı cavabdehə İİ qrup əlil, İ Qarabağ müharibəsi veteranı olduğunu, onun təqsiri olmadan bu hadisənin baş verdiyini və yazılmış borcun silinməsini xahiş etsə də, bununla bağlı müsbət nəticə əldə olunmamış və yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Bu praktika "xxxx" Açıq Səhmdar Cəmiyyətində geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.264,60 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.006,21 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, avtomobil tərəfindən sayğac əzildikdən həm 1 il əvvəl, həm də 1 il sonrakı tarixlərə abunə haqqında sənədə baxılsa onun heç vaxt ay ərzində 1.000 manat elektrik enerjisi istifadə etmədiyini görmək olar. O, sayğac dəyişdirildikdən sonra laboratoriyada sayğaca baxışda iştirak etmək istəsə də, cavabdeh təşkilat tərəfindən buna şərait yaradılmamışdır. Laboratoriyada sayğaca baxışda iştirak etmək istəməsinin səbəbi orda əməkdaşlar tərəfindən sayğac üzrə istənil məbləğdə borc yazılması barədə məlumatı olması ilə bağlı idi. Daha sonra isə sayğacın artıq silindiyi və mövcud olmadığı ona bildirilmişdir. Silinməsini tələb etdiyi məbləğdə onun tərəfindən elektrik enerjisi istifadə edilməmişdir. Bunun nəzərə alınaraq məhkəmə tərəfindən ona yazılmış borcun silinməsini istəyir. Həmçinin sayğac dəyişdirilməzdən əvvəl və 2017-ci ildən sonrakı 3 il ərzində də istifadə etdiyi elektrik enerjisinə görə aylıq yaranmış borc məbləğində dəyişiklik olmamışdır. Eləcə də aylıq yaranan elektrik enerjisinə görə verilən qəbzdə ödənilməmiş keçən aylara görə yığılmış borc göstərilir. Həmçinin cavabdeh təşkilatın nümayəndəsinin iddia etdiyi kimi təşkilatın əməkdaşları ilə onun sövdələşməyə getməsi absurd fikirdir. Çünki qeyd edilən illər ərzində əraziyə baxan müxtəlif əməkdaşların hamısı ilə ayrıayrılıqda sövdələşməyə getməsi mümkün deyildir. Verilmiş suallara cavabında qeyd edir ki, cavabdeh təşkilatın ona qarşı qərəzi yoxdur. Dəfərlərlə cavabdeh təşkilata müraciət etsə də, onun adına olan sayğacı ortaya çıxarmamışlar. Belə ki, həmin sayğacda qeyd olunan istifadə edilmiş və ödənilməmiş elektrik enerjisi öz əksini tapmamışdır. Əgər cavabdeh təşkilat həmin borcu ona sübut edə bilirsə, o, yaranmış borc məbləğini ödəməyə hazırdır. Sayğac çox pis şəkildə yarasız hala düşmüşdür. Bunu görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları özləri ona sayğacın bu vəziyyətdə oxunmasının qeyri mümkün olduğunu və laboratoriyada sayğaca baxışda iştirak etməsini ona bildirmişlər. Laboratoriyada sayğaca baxışda iştirak etməsi ilə bağlı dəfələrlə yazılı müraciətləri olmuşdur. Lakin həmin müraciətlərini iş materiallarına əlavə etməmişdir. Sayğac laboratoriyada oxunmamışdan əvvəl müraciətləri olmuşdur. O, cavabdeh təşkilatdan sayğaca baxışda iştirak etməsini tələb etmiş, lakin tələbi təmin edilməmişdir. Aktda sayğacın yük avtomobili tərəfindən əzildiyi göstərilmişdir. Aktda göstərilən fiziki təsir sayğacın avtomobilin altında qalaraq əzilməsini nəzərdə tutur. Hadisədən sonra əraziyə gələn cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib ediləndə iştirak etmiş və bu barədə aktda müvafiq imzası mövcuddur. O, sayğac qoyulduqdan sonra bir gün belə aylıq elektrik enerjisinə görə hesablanmış məbləğin ödənilməsini gecikdirməmişdir. Məsələ ilə bağlı 2017-ci il tarixdən keçən 7 il ərzində 20 dəfədən çox olarkı, cavabdeh təşkilata müraciət etmişdir. Lakin məhkəməyə müraciət etməli olduğunu bilməmişdir. Hansı aylarda nə qədər borc hesablanması barədə cavabdeh tərəf ona sübut təqdim edə bilməz. Göstərilənlərə əsasən İİ qrup əlil, İ Qarabağ müharibəsi iştirakçısı olmasının və maddi imkanının olmamasının nəzərə alınaraq ona yazılmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı adına olan sayğacın göstəricisinin oxunması zamanı sayğacın üzərində 1.196,90 manat öncədən oxunmamış və sərf edilmiş elektrik enerjisinin dəyəri müəyyən edilmişdir. Bu məbləğin 769,30 manat hissəsi sayğac göstəricisi, 427,60 manatı isə limitdən artıq sərfiyyatdır. Hazırki mübahisənin yaranması 2017-ci ildən başlayır. Ola bilər ki, o dövrdə də və ya ondan sonrakı dövrdə iddiaçı cavabdeh təşkilatın hansısa əməkdaşı ilə sövdələşmə aparılmış, nəticədə həmin əməkdaş istifadə edilən elektrik enerjisinin dəyərini az göstərmişdir. Məsələn ayda istifadə edilən 10 manat dəyərində elektrik enerjisini 3 manat sərfiyyat kimi göstərmişdir. Bu şəkildə aylıq istifadə edilmiş, lakin ödənilməmiş borc yığılmışdır. Daha sonra yararsız hala düşmüş sayğacın laboratoriyada yoxlanılması nəticəsində qeyd olunan yığılmış borc məbləği müəyyən edilmişdir. Borcun yaranmasına səbəb aylıq istifadə edilən 100 kilovatlıq elektrik enerjisinin 30 və ya 110 kilovatlıq elektrik enerjisinin 40 kilovat kimi göstərilməsi ilə bağlıdır. Nəticədə isə qeyd edilən 1.196,90 manat borc yaranmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 30 iyun 2017-ci il tarixli, R 062997 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, elektrik sayğacının yük maşını tərəfindən vurulduğu, sındığı, sayğacın tam yararsız vəziyyətə düşdüyü məlum olmuş, bununla əlaqədar 30 iyun 2017-ci il tarixli, R 062997 saylı akt tərtib edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvana aid **********05943 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və xx.xx.2024-cü il tarixinə elektrik enerjisinə görə 1.328,26 manat borcun olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə Xırdalan EŞ-in əməkdaşları tərəfindən elektrik hesabat sayğacının istismara yararsız olduğuna dair Rİ 062997 nömrəli akt tərtib edilmişdir. Sayğac xx.xx.2017-ci il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan 40122007 nömrəli sayğac laboratoriyada yoxlanılmışdır. Sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı və qırmızı möhürün siminin qırıq olduna dair rəy verilmişdir. Sayğacın gövdəsi açılmış və üzərindəki göstərici (“17512”) xüsusi cihazla oxunmuş və xx.xx.2017-ci il tarixdə kompüter məlumat bazasına daxil edilmişdir. “17512” göstəricisinə görə yaranmış borcun yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, 19 noyabr 2024-cü il tarixinə İddiaçı "xxxx" ASC qarşısında 1.328,26 manat borcu yaranmışdır. Qeyd edilən borc məbləğinin 98,87 manatı 30 iyun 2017-ci il tarixində Xırdalan EŞ-in əməkdaşları tərəfindən elektrik hesabat sayğacının istismara yararsız olduğuna dair Rİ 062997 nömrəli akta əsasən hesablanmışdır. Sayğac 06 iyul 2017-ci il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan 40122007 nömrəli sayğac laboratoriyada yoxlanılmışdır. Yoxlama zamanı sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığına dair rəy verilmişdir. Daha sonra sayğacın gövdəsi açılmış və üzərindəki göstərici xüsusi cihazla oxunmuşdur. Oxunma zamanı sayğac üzərində 1.196,90 manat (769,30 manat sayğac göstəricisi + 427,60 manat limitdən artıq sərfiyyat) öncədən oxunmamış və sərf edilmiş elektrik enerjisinin dəyəri abonent koduna əlavə edilmişdir. Qeyd: akt üzrə hesablanmış məbləğ - 98,87 manat; sayğac üzərində olan oxunmamış məbləğ - 1.169,90 manat; elektrik enerjisindən istifadəyə görə - 32,49 manat; ümumi cari borc - 1.328,26 manat. Abunə haqqında sənəddən görünür ki, xx.xx.2017-ci il tarixdə kompüter məlumat bazasına 17512 göstəricisinə görə iddiaçıya 769,30 manat sayğac göstəricisi və 427,60 manat limitdən artıq sərfiyyat daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra - Qaydalar) 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. . Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 30 iyun 2017-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, elektrik sayğacının yük maşını tərəfindən vurulduğu, sındığı, sayğacın tam yararsız vəziyyətə düşdüyü məlum olmuş, bununla əlaqədar 30 iyun 2017-ci il tarixli, R 062997 saylı akt tərtib edilmişdir. Həmin sayğac 06 iyul 2017-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriyada yoxlanılmış, yoxlama zamanı sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığına dair rəy verilmişdir. Daha sonra sayğacın gövdəsi açılmış və üzərindəki göstərici - “17512” xüsusi cihazla oxunmuşdur. Nəticə etibarı ilə oxunma zamanı sayğac üzərində 769,30 manatı sayğac göstəricisi və 427,60 manat limitdən artıq sərfiyyat olmaqla, cəmi 1.196,90 manat məbləğində öncədən oxunmamış və sərf edilmiş elektrik enerjisinin dəyəri müəyyən edilmiş və həmin məbləğ abonent koduna əlavə edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi tam həyata keçirilməmiş və nəticədə borc yaranmışdır. Belə ki, iddiaçının hazırda silinməsini tələb etdiyi məbləğ elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğidir. İş materiallarına əlavə edilmiş abunə haqqında sənəddən də görünür ki, iddiaçının hazırda elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu vardır. İddia tələbində və həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona əsassız yazıldığını bildirsə də, məhkəmənin təklif etməsinə və tərəfin mübahisələndirməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, silinməsi tələb edilən borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 iyul 2017-ci il tarixdə kompüter məlumat bazasına daxil edilmişdir. Həmin tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddiası təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar