Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4063/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış (Abonent kodu: **********000) borc məbləği 700 (yeddi yüz) manat cərimə pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad rayonu, Mədətli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hər sərf etdiyi kommunallara görə ödəniş edir. Lakin son günlərdə çətinliklə üzləşmişdir. Ondan su borcuna görə 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul tələb olunur. Həmin 744 manat məbləğində pul 10 il ərzində yazılmışdır. Onun isə həmin puldan yenicə xəbəri olmuşdur. 44 manat pulun borcu olduğunu bilir, 700 manat isə hardan və necə yarandığını bilmir. O, bir neçə gündür sudan istifadə edə bilmir və evinə verilən su borca görə dayandırılmışdır. O, dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş və sonda ona məhkəməyə müraciət etməyi bildirirlər. O, Azərbaycan Respublikasının bir vətəndaşı kimi qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə2 MPM-nin 54-cü maddəsinə istinad etməklə, əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, "xxxx" ASCni əsl olan Cavabdeh PHŞ ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, sayğacı dəyişəndən bir ay sonra 1300-1400 manat borc yazılmışdır. O, müraciət etdikdən sonra pulun yarı silinmiş, lakin yarısı qalmışdır. İkinci dəfə müraciət etdikdə ona bildirilmişdir ki, pulun az hissəsini ödəsə, qalan hissəsi silinəcək. O, sayğacı dəyişmək üçün müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçının evinə sayğac quraşdırılmışdır. xx.xx.2024-cü il tarixinədək sayğac 5 dəfə dəyişdirilmişdir. Hər abonentə sayğac ödənişsiz 1 dəfə quraşdırılır. Əlavə sayğac dəyişilməsi isə abonent tərəfindən şikayət və müraciət olunarsa edilir. Abonent tərəfindən 2021-ci ilin ilk ayından 2023-cü ilin fevral ayına qədər bir dəfə ödəniş edib 58 manat. Amma su sərfiyyatı olmuşdur və borcu yaranmışdır. Abonentin 2024-cü ilin 11-ci ayına olan borcu 756 manat təşkil edir. Həmin borc abonent tərəfindən istifadə edilmiş su sərfiyyatına görə yaranmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 021355 saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə su sayğacı quraşdırılmışdır. İşdə olan İddiaçı məxsus saldonun surətindən görünür ki, ünvan 1 ünvanına xx.xx.2013-cü il tarixli, 28343962 saylı müqavilə əsasında sayğac quraşdırılmış və 2016- 2024-cü illər üzrə sərfiyyat üzrə 756,83 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin: İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı İddiaçı "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq, həmin xidmətlərin göstərilməsinə görə dəyərini tam və vaxtında ödəməməklə müqavilə öhdəliklərini pozmuşdur. İddiaçının silinməsini tələb etdiyi borc onun su və kanalizasiya xidmətlərindən istifadəsi əsasında yaranmış debitor borcdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus abonent kodu **********000 olan sayğaca "xxxx" ASC tərəfindən hesablanmış 700 (yeddi yüz) manat məbləğində borc sərfiyyat üçün hesablandığından iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4063/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4063/2024
25.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver