Məhkəmə qərarları › İş №2(012)-4064/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4064/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4064/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinə köçürülməsi və orada yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 1952-ci ildə anadan olandan 2004-cü ilin yaz aylarınadək anası X3 mülkiyyətində olan Bakı şəhəri, Həzi Aslanov küçəsinin 62 saylı evin 3 saylı mənzilində yaşayaraq oradan istifadə etmişdir. Anasından başqa, onunla birlikdə həmin mənzildə 2 bacısı və 2 qardaşı - Xanım Quliyeva, Cavabdeh1, Əli Quliyev və Xalıq Quliyev yaşamışlar. Anası 09.01.1967-ci il tarixdə vəfat etmişdir. Həmin mənzili 2004-cü ilin yaz aylarında böyük bacısı Xanım Quliyeva satmışdır. O, satışdan əldə edilən 190000 manat müqabilində özü üçün Bakı şəhərində Yaşıl bazarın yanında bir mənzil və onlar üçün isə mübahisəli evi kiçik X14in adına almışdır. O vaxtdan bu günədək o, həmin evdə pasport qeydiyyatındadır. X14 Cavabdeh1 2006-cı ildə pasport qeydiyyatına alınması üçün razılıq vermişdir. Sonuncu qeydiyyata düşsə də, həmin evdə heç vaxt yaşamamışdır. Beləliklə, 2004-cü ilin iyun ayından o, qardaşı və qardaşının övladlığa götürdüyü bacısı Xanım Quliyevanın doğma oğlu - Cavabdeh2 ilə mübahisəli evdə yaşamışlar. Digər qardaşı Əli Quliyev isə ailəsi ilə başqa yerdə yaşamışdır. Qardaşı X.Quliyev 2011-ci ildə vəfat etmişdir. 2020-ci ilin əvvəllərində Cavabdeh2 onun razılığı olmadan Dilşad adlı xanımı yaşadıqları evə köçürmüşdür. Yay aylarında onu evdən qovmağa nail olmuşlar. Digər Cavabdeh1 isə Cavabdeh2 ilə birləşərək evə qayıtmağına icazə vermir. Elə əvvəldən böyük bacısı Xanım Quliyevanın rəhbərliyi ilə cavabdehlər onu yaşayış sahəsindən məhrum etmək niyyətində olmuşlar və buna nail olmaqdadırlar. O, artıq 10 aydır ki, çöldə yatmamaq üçün gecəsi 3 manata olan şəraitsiz bir hosteldə tanımadığı hər cür insanla yaşamağa məcbur olmuşdur. Bunun xərci isə aya 90 manat edir. Özü isə 258 manat pensiya alır. Mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır. Yaşamağa isə başqa yeri yoxdur. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o özü həmin evdə qeydiyyatda olsa da, yaşamır. Mübahisəli ev mülkiyyət hüququ əsasında vəfat edən qardaşı X6 məxsusdur. Evdə hazırda qardaşı oğlu Cavabdeh2 yaşayır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 08.06.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 22 iyun 2004-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X9 (13.12.1992), X10 (24.05.1958) və Cavabdeh1dır (xx.xx.1955). Abşeron RPŞ tərəfindən 21.06.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X7 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə 1, ev 13 ünvanında qeydiyyatdadır. 4 saylı MTİİTS tərəfindən 08.07.2021-ci il və 12.07.2021-ci il tarixlərdə verilmiş arayışlardan görünür ki, İddiaçı və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş 22.05.2004-cü il tarixli 226130 nömrəli müqavilənin təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evini X11 X1. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 05.05.2006-cı il tarixdə verilmiş Seriya MH ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə araşdırması zamanı və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evi iddiaçının qardaşı X10 alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və ev onun adına qeydiyyata alınmışdır. Evin mülkiyyətçisi X10 vəfat etmişdir. İddiaçı mübahisəli evdə 22 iyun 2004-cü ildən qeydiyyatda olsa da, onun həmin evə istifadə hüququ yoxdur. Beləliklə, İddiaçı ilə mülkiyyətçi X10 arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığından iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar