Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4089/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.04.2021-ci il tarixli 019/21 saylı əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 07.07.2020-ci il tarixdən merçendayzer vəzifəsinə işə qəbul olunmuşdur. Bununla bağlı cavabdeh tərəf rəsmi əmr vermişdir. Həmin müəssisənin 14.04.2021-ci il tarixli, 019/21 saylı əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı cavabdehin əmrini aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı işdən çıxarılması ilə bağlı cavabdeh təşkilata yazılı müraciət etmişdir. Cavabdeh təşkilatın rəhbərinin 27.04.2021-ci il tarixli cavab məktununda qeyd olunur ki, iddiaçıya 05.02.2021-ci il tarixdə vəzifəsinin icrası zamanı iş yerində olmadığına görə İnzibati tənbeh verilmişdir. İdarənin rəhbərliyi nədənsə iddiaçını işdən çıxartmaq mövqeyini tutaraq aprel ayının əvvəlindən iddiaçını işə buraxmamışdır. Lakin, iddiaçı iş yerinə gələrək öz əmək funksiyalarını yerinə yetirməyə davam etmişdir. İddiaçı müəssisənin rəhbərliyinin qanunsuz əməlləri barədə əmək müfəttişliyinə yazılı surətdə müraciət etmişdir. Onlar da, iddiaçıya işini davam etdirməyi məsləhət görmüşlər. Lakin cavabdeh təşkilatın nümayəndələri iddiaçını işə buraxmamış, 14 aprel 2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçını işdən çıxarmışdır. İddiaçı bununla bağlı əmrin surətini istəsə də, iddiaçıya vaxtında məlumat verilməmişdir. 17.05.2021-ci il tarixdə əmrin surəti və əmək kitabçası tərtib olunmuş, qəbzə əsasən iddiaçıya təhvil verilmişdir. Əmrin surətindən müəyyən edilir ki, 05.02.2021-ci il tarixdə və 06.04.2021-ci il tarixdə intizam tənbehi verilmişdir. 12.04.2021-ci il tarixli aktdan görünür ki, guya iddiaçıya qarşı intizam tənbehi verilmiş, guya iddiaçı intizam tənbehi ilə tanış olmaqdan və izahat yazmaqdan imtina etmişdir. Aktdan da belə müəyyən edilir ki, guya iddiaçı işə gəlməmişdir. İntizam tənbehi iddiaçıya verildikdən sonra akt tərtib edilir. Halbuki, intizam tənbehi verilən anda onunla tanış olmadıqda akt tərtib olunmalı idi. Cavabdeh 14.04.2021-ci ildə iddiaçının işdən çıxması barədə əmr vermişdir.İddiaçıya təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, guya iddiaçı aprel ayının əvvəlindən işə çıxmır. Əmək müqaviləsinin bir tərəfli qaydada pozulması məqsədi ilə cavabdeh təşkilat saxtakarlığa yol vermişdir. İddiaçı cavabdehlə 07.07.2020-ci il tarixdə müqavilə bağlayarkən əmək funksiyalarının nədən ibarət olduğunu bilirdi və onlara hər zaman əməl etmişdir. Cavabdeh təşkilatın nümayəndələri hansısa səbəbdən iddiaçını işdən çıxartmaq fikrinə düşərək yuxarıda göstərilən əmrləri vermişdir. Halbuki, iddiaçı hər gün işdə olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, təmsil etdiyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı işdən çıxma barədə əmri qanuni və əsaslıdır. Belə ki, cavabdeh təşkilat müxtəlif vaxtlarda monitorinq keçirilmişdir. 29.01.2020-ci il tarixdə məlum olmuşdur ki, iddiaçı “Tac” marketdə olmamışdır. Bu səbəbdən 05 fevral 2021-ci il tarixdə iddiaçıya töhmət verilmişdir. Daha sonra, 02 aprel 2021-ci il tarixdə də iddiaçı bütün günü işə gəlməmişdir. Buna görə də 06 aprel 2021-ci il tarixdə iddiaçıya töhmət verilmişdir. Daha sonra 14 aprel 2021-ci il tarixdə qeyd edilən töhmətlər əsas götürülərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 07 iyul 2020-ci il tarixli 067/20 nömrəli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 iyul 2020-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölgə müdiri X1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış 29.01.2021ci il tarixli məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 29.01.2021-ci il tarixində ərazidə işçilərin yerində olub-olmaması ilə bağlı yoxlama apararkən şirkətin merçendayzer vəzifəsində çalışan İddiaçı iş başına olmadığı, bununla bağlı “Tac” marketə getdiyi, satış müdiri Xudiyev Vüqarın da həmin marketə gəldiyi, Könülü axtardıqları, yerində olmadığı, yalan məlumat verdiyi aşkarlanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin merçendayzeri İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış 29.01.2021-ci il tarixli izahatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, K.Məmmədova bildirmişdir ki, 29.01.2021-ci il tarixində statistika yaxınlığında olan “Tac” marketdə olmuş, işini görmüş, çıxarkən atdığı konumu gec atmış, bir də təkrarlanmayacağına söz vermişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış müdiri Vüqar Xudiyev tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Məmmədova ünvanlanmış 29.01.2021-ci il tarixli xidməti məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı 29.01.2021-ci il tarixində saat 16.15 radələrindən əraziyə baxış keçirilən zaman öz qeyd etdiyi dükanda olmamışdır. Bu fakt bölgə müdiri Loğman Mustafazadə tərəfindən aşkar edilmişdir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı verilmiş 05 fevral 2021-ci il tarixli töhmətin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, bağlanmış 07 iyul 2020-ci il tarixli müqaviləyə əsasən merçendayzer vəzifəsinə işə qəbul olunmuşdur. 29 yanvar 2021ci il tarixində işində bir sıra nöqsanlar aşkar olunmuşdur. Belə ki, vəzifə üzrə öhdəliklərini yetərincə düzgün yerinə yetirməmiş, işinə məsuliyyətsiz yanaşaraq iş yerini icazəsiz tərk etmiş və rəhbərliyə bu haqda yalnış məlumat vermişdir. Bütün bunlar nəzərə alınaraq 05 fevral 2021-ci il tarixində töhmət verilmişdir. İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyası yenidən pozularsa və bu kimi hallar yenidən təkrarlanarsa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilərək əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəmiyyətdə normal iş vaxtında əmək funksiyalarını kobud şəkildə pozduğuna və gələcəkdə belə halların təkrar olunmaması məqdəsilə verilmiş 05 fevral 2021-ci il tarixli 006/21 nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı vəzifə üzrə öhdəliklərini yetərincə düzgün yerinə yetirmədiyinə və işinə məsuliyyətsiz yanaşaraq iş yerini icazəsiz tərk etdiyinə və bu barədə rəhbərliyə yalnış məlumat verdiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “a” bəndinə əsasən töhmət verilmişdir. Gələcəkdə belə hal təkrar olunarsa, işçi ilə bağlanmış 07 iyul 2020-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edərək birtərəfli qaydada ləğv olunması əmr edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölgə müdiri Loğman Mustafazadə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Məmmədova ünvanlanmış 03.04.2021-ci il tarixli xidməti müraciətin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 02 aprel 2021-ci ildə şirkətdə merçendayzer vəzifəsində çalışan İddiaçı işə heç bir məlumat və icazə olmadan çıxmamışdır. Gün ərzində dəfələrlə zəng edilsə də, cavab verməmişdir. Bununla bağlı şirkətə dəvət edilmiş, lakin izahat yazmaqdan imtina etmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı 05 fevral 2021-ci il tarixində işdə göstərdiyi nöqsanlara görə şirkət tərəfindən töhmət verilmişdir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı verilmiş 06 aprel 2021-ci il tarixli töhmətin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, bağlanmış 07 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən merçendayzer vəzifəsinə işə qəbul olunmuşdur. 05 fevral 2021-ci il tarixində işinə məsuliyyətsiz yanaşaraq iş yerini icazəsiz tərk etdiyinə görə töhmət verilsə də, İddiaçı yenidən hərəkətləri ilə müəssisənin iş ahəngini pozaraq 02 aprel 2021-ci il tarixində rəhbərliyə heç bir məlumat vermədən və icazə almadan bütün iş günü gəlməmişdir. Dəfələrlə əlaqə yaradılmasına cəhd göstərilməsinə baxmayaraq, əlaqə yaratmaq mümkün olmamışdır. Bununla da İddiaçı həm özünün əmək funksiyasını yerinə yetirməyərək, şirkətin intizam qaydalarını pozmuş, həm də iş prosesinə mane olmuşdur. Bütün bunlar nəzərə alınaraq 06 aprel 2021-ci il tarixində sonuncu töhmət verilmişdir. İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyasını təkrarən pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilərək əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli, direktor müavini X7, bölgə müdiri X1 və satış müdiri X5 tərəfindən tərtib olunmuş töhməti imzalamaqdan imtina olunmasına dair aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Merçendayzer vəzifəsində işləyən İddiaçı heç bir məlumat vermədən bütün günü işə gəlməmişdir. Əlaqə yaratmağa cəhd olunsa da, həmin gün işçi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra işçi ilə əlaqə saxlanılmış və ofisə dəvət olunmuşdur. Bununla bağlı olaraq işçidən işə gəlməmə səbəbinin izahı tələb olunduğu halda heç bir əsas gətirmədən izahat verməkdən imtina etmişdir. Bu səbəbdən işçiyə intizam tənbehi verilmiş, lakin işçi bu intizam tənbehi ilə tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Hal-hazırda işçi heç bir səbəb göstərmədən işə gəlməməkdə davam edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 019/21 nömrəli 14 aprel 2021-ci il tarixli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilərək əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması səbəbindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 14 aprel 2021-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçı 05 fevral 2021-ci il və 06 aprel 2021-ci il tarixində verilmiş töhmətdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 17 may 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən özünə məxsus olan ******* nömrəli əmək kitabçasını almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 iyul 2020-ci il tarixdə bir il müddətinə merçendayzer vəzifəsinə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halına görə) xitam verilmiş, əsas kimi 05 fevral 2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə verilmiş töhmət göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. Belə ki, İddiaçı Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğu halda, əmək müqaviləsinə eyni zamanda iki əsasla - 05 fevral 2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə verilmiş töhmət əsas götürülməklə xitam verilmişdir.Qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən əmək intizamını iki dəfə pozması qeyd edilmiş və həmin pozuntuya görə də ona müvafiq olaraq cavabdeh tərəfindən 05 fevral 2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə töhmət verilmişdir.İİddiaçı işdən azad edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmrinin verilməsi üçün iddiaçı tərəfindən hər hansı əmək intizamı pozuntusu qeydə alınmamış, eyni əmələ görə təkrarən intizam məsuliyyətinə cəlb etməklə onun barəsində 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2021-ci il tarixli 019/21 saylı əmri ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4089/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4089/2021
16.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver