Məhkəmə qərarları › İş №2(012)-4090/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4090/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4090/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 22 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladının İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzildən çıxarılması, cavabdehdən həmin mənzildə yaşadığı üçün bir aylıq kirayə haqqının, yəni 300 manatın, habelə "xxxx" ASC-yə 5 manat, “Azəriqaz” İB-yə 20 manat, "xxxx" ASC-yə 17 manat olmaqla, cəmi 342 manat məbləğində pul vəsaitinin və 10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh və onun azyaşlı övladının İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, cavabdehdən həmin mənzildə yaşadığı üçün bir aylıq kirayə haqqının, yəni 300 manatın, habelə "xxxx" ASC-yə 5 manat, “Azəriqaz” İB-yə 20 manat, "xxxx" ASC-yə 17 manat olmaqla, cəmi 342 manat məbləğində pul vəsaitinin və 10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzil dövlət reyestrindən verilmiş 07.08.2020-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətindədir. Cavabdeh və azyaşlı övladı ona məxsus mənzildə 2 aydır ki, kirayədə yaşayır. Cavabdeh ilk ayın kirayə haqqını ödəsə də, sonradan nə kirəyə haqqını, nə də kommunal ödənişləri ödəmişdir. Bu səbəbdən iddiaçı ondan həmin mənzildən çıxmağı tələb etsə də, cavabdeh onunla kobud rəftar edərək çıxmayacağını bildirmişdir. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzil İddiaçı mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə onun adına qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh azyaşlı övladı ilə birlikdə iddiaçıya məxsus mənzildə kirayədə qalmışdır. İlk ay kirayə haqqını ödəsə də, sonradan kirayə haqqını, habelə kommunal ödənişləri ödəməmişdir. İddiaçı ondan mənzildən çıxmağı tələb etsə də, cavabdeh çıxmayacağını bildirmişdir. Hazırda cavabdehin əşyaları da həmin mənzildədir. İddiaçı rəsmi qaydada cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını və kommunal ödənişlər, kirayə haqqı ilə birlikdə ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və onun azyaşlı övladı əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzildən çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin “maddi ziyan” hissəsində iddiaçı dəymiş maddi ziyanla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və onun azyaşlı övladı əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 20-də yerləşən 76A saylı mənzildən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar