Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-23/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı İbrahımova Arzu Aydın qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İbrahımova Arzu Aydın qızının cavabdehlər Cavabdeh1 və Hüseynzadə Səkınə Əlıağa qızına qarşı "mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahımova Arzu Aydın qızının cavabdehlər Cavabdeh1 və Hüseynzadə Səkınə Əlıağa qızına qarşı "mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, cavabdehlər X12 və Cavabdeh1 Bakı şəh, Nəsimi ray, M.İbrahimov küç.,ev 66 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və ona dəymiş 5000 (beş min) manat maddi, 3000 (üç min) manat mənəvi zərər olmaqla cəmi 8000 (səkkiz min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3121/2009 nömrəli xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən X2 İddiaçı xeyrinə 22456 manat və 2000 ABŞ dolları məbləğində pul (tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulmalıdır. İcra vərəqəsi xx.xx.2009-cu il tarixdə verilmişdir. İcra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, borclunun daşınmaz əmlakı olduğu müəyyən edilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsindəki 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin (bundan sonra – mübahisəli ev) üzərinə həbs qoyulmuş, "xxxx" MMC tərəfindən həmin daşınmaz əmlak 28000 manat qiymətləndirilmiş, əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2017-ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar İddiaçı 22400 manata satılmışdır. Hərracın keçirilməsindən təxminən 5 ay sonra borclu X9 vəfat etmişdir. Hərrac xx.xx.2017-ci il tarixində keçirilmiş olsa da, keçmiş mülkiyyətçi Hüseynzadə Hüseyn həmin hərracın nəticələrini öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixinədək mübahisələndirməmişdir. Mərhumun bacısı Cavabdeh2 mülkiyyətçinin hüquqi varisi kimi cavabdeh “X19” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçirilmiş hərracın nəticələrinin-xx.xx.2017-ci il tarixli, 249 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(005)-4846/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(103)-3818/2019 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(005)- 4846/2018 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhəməsinin xx.xx.2019 tarixli, 2(102)-5756/2019 saylı qərarı ilə Məhkəmə Kollegiyası hesab etmişdir ki, hərrac xx.xx.2017-ci il tarixində keçirilmiş olsa da, keçmiş mülkiyyətçi Hüseynzadə Hüseyn həmin hərracın nəticələrini öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixinədək mübahisələndirməmişdir. Hüseynzadə Hüseynin qanun üzrə birinci növbə vərəsəsi-anası olduğu halda, iddianın bacısı Cavabdeh2, yəni Hüseynzadə Hüseynin qanun üzrə ikinci vərəsəsi qaldırmışdır. Hüseynzadə Hüseynin 08 may 2018-ci il tarixində ölməsinə baxmayaraq, onun hal-hazırda qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olması müəyyən edilməmişdir. Hüseynzadə Hüseynin həm anası həm də bacısı vərəsə statusnun əldə edilməsi üçün qanunvericiliklə müəyyən proseduru keçməmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 cavabdeh “X19” MM-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə meraciət etmək üçün subyektiv hüquqa malik deyildir və bu səbəbdən iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Ali Məhəməsinin xx.xx.2019 tarixli, 2(102)- 5756/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(103)- 3818/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 anası Cavabdeh1 (bundan sonra – iddiaçı) “X19” MMC-yə qarşı “keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2000/19 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(103)- 12911/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin xx.xx.2020 tarixli, 2(102)-3046/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(103)- 12911/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6582/2021 saylı iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “X19” MMC-nin apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1445/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6582/2021 saylı iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq İddiaçı xeyrinə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli 2(102)-1445/2021 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə İddiaçı Cavabdeh1 tərəfindən veirlm iş kassasiya şikayəti təmin edilməməsindən sonra, cavabdeh İddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********21-10301 reyestr nömrəli Çıxarışını əldə etmişdir. Cavabdehlər xx.xx.2017-ci il tarixdən mənzili təhvil vermədən suni şəkildə iddialar qaldıraraq hərracdan əldə etdiyi mənzildən istifadə hüquqlarını məhdudlaşdırmışlar. Bu günədək mənzildən istifadə etməyinə imkan vermirlər. Artıq 4-cü ildir ki, cavabdehlərin suni maneləri ilə üzləşmişdir. 4 ildir ki, məhkəmələrdə onu süründürürlər. Hesab edir ki, mənzili satın aldığı xx.xx.2017-ci il tarixdən bu günədək həmin mənzildən istifadə edə bilmədiyi hər ay üçün 100 manat, olmaqla xx.xx.2022-ci il tarixədək 49 ay olmaqla 4900 manat, dövlət rüsumu olaraq ödədiyim 100 manat, ümumilikdə 5000 (beş min) manat maddi və 4 il ona verdikləri əzaba görə, keçirdiyi streslərə görə 3000 (üç min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdeh Hüseynzadə Səkınə Əlıağa qızı etiraz ilə məhkəməyə müraciət ederək, İddiaçı cavabdehlər X8 və Cavabdeh1 qarşı "mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassız hesab olunaraq rədd ediməsini xahiş etmişdi. Etiraz onunla əsaslandırılmışdır ki, anası Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə həbs edilmişdir. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Qanunvericiliyin tələblərinə əsasən anasının onun istifadə hüququna xitam verilməsi qanunsuzdur. Özü ilə bağlı bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsində yerləşən 66 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş arayışda onun həmin mənzildə qeydiyyatda olduğu öz əksini tapmışdır. Sözügedən mənzil onun yeganə yaşayış yeridir. Onun həmin mənzildən başqa yaşayış yeri yoxdur. Ümumiyyətlə bildirir ki, iddiaçının paylı mülkiyyət əsasında Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsində yerləşən 66 saylı mənzilin yalnız 4/42 hissəsinin mülkiyyətçisidir. İddiaçının yalnız mülkiyyətçisi olduğu 4/42 hissə ilə bağlı sərəncam vermək hüququna malikdir. Bu səbəbdən onun ümumilikdə həmin mənzildə qeydiyyatda olan və istifadə hüququ olan onun və anası Cavabdeh1 istifadə hüququna xitam verilməsini və mənzilin boşaldılmasını tələb etmək hüququ yoxdur. Maddi və mənəvi zərərlə bağlı bildirir ki, iddiaçının bununla bağlı iddiaları tamamilə əsassızdır. Çünki hərracın nəticələrindən məhkəməyə müraciət və məhkəmə qərarlarından şikayət vermək onun və anasının qanunvericiliklə müəyyən olunmuş hüquqlarıdır və biz bu hüquqlarından istifadə etmişlər. Hərracın nəticələri ilə bağlı mübahisə məhkəmə müstəvisində həll olunduğu üçün və bununla bağlı yekun məhkəmə aktı qəbul olunmadığı üçün iddiaçının hər hansı mülkiyyət və ya istifadə hüququ olmayan mübahisəli mənzildən istifadə edə bilməməsində hər hansı qanunazidd əməl müvcud deyildir. İddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, mübahisə ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra iddiaçı mənzilin ona aid hissəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alaraq mülkiyyət hüququ əldə etmişdir. Məhz çıxarış alındıqdan sonra iddiaçının mənzilin ona aid olan hissəsindən istifadə etmək hüquq yaranmışdır və həmin vaxtı da ona hər hansı mancəçilik törədilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahımova Arzu Aydın qızının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə mülki iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs İddiaçı qarşı Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinə dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə inzibati işə mahiyyəti üzrə baxılıb sona çatanadək icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 23/2024 saylı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan “hərracın yekunları barədə” 249 nömrəli protokoluna əsasən 30 noyabr 2017-ci il tarixdə, 11:00-da keçirlənən hərracda X7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsi 22.400 manata İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 66 2/42 mülkiyyət hüququ üzrə X4, 2/42 mülkiyyət hüququ üzrə X10, 8/42 mülkiyyət hüququ üzrə Adilə Abbaş Qulu qızının, 4/42 mülkiyyət hüququ üzrə X5, 20/42 mülkiyyət hüququ üzrə X50 İsmayılovnanın, 2/42 hissə A tik.-1 otaq, y/s 15.0 kv.m, k/s 11.3 kv.m mülkiyyət hüququ üzrə X21 və 4/42 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən, X13, X28, X22, X14, X11, X25, X26, Cavabdeh1, X6, X23, X24, X15, X16, X27 Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 66-da qeydiyyatdadırlar. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin 462 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 1959-cu ildən, qızı X17 1978-ci ildən, qızı X18 1979-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 66-da qeydiyyatdadırlar. Məhkəmə ilk öncə tələbin “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hala – cavabdehlərin onun mənzilindən istifadə hüquqlarının olmasına və həmin evdə yaşamalarına dair sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi İddiaçı 22400 manata satılmış və bununla da X3 və onun vərəsələrinin (hazırda cavabdehlər Cavabdeh1 və Hüseynzadə Səkınə Əlıağa qızı) həmin mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Həmçinin mülki işin materiallarından və cavabdeh ilə iddiaçının izahatlarından görünür ki, cavabdehlər Cavabdeh1 (Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssəsində cəza çəkir) və Hüseynzadə Səkınə Əlıağa qızı hazırda mübahisə predmeti olan mənzildə yaşamırlar. Beləliklə cavabdehlərin iddiaçının mənzilindən istifadə hüquqları yoxdu, onlar orda yaşamırlar, mənzildə sadəcə olaraq qeydiyyatdadırlar və olmayan hüquqa xitam verilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. İddiaçı tərəfindən cavabdehin törətdiyi hüquqazidd hərəkətləri nəticəsində xx.xx.2017-ci il tarixdən bu günədək mənzildən istifadə edə bilmədiyi qeyd etmiş, lakin bu xüsusatlarla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırsada maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehlərin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı İbrahımova Arzu Aydın qızının cavabdehlər Cavabdeh1 və Hüseynzadə Səkınə Əlıağa qızına qarşı "mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İbrahımova Arzu Aydın qızının cavabdehlər Cavabdeh1 və Hüseynzadə Səkınə Əlıağa qızına qarşı "mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-23/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-23/2024
08.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver