Məhkəmə qərarları › İş №2(012)-4175/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4175/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4175/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********02192 olan işıq sayğacına qanunsuz yazılmış 383,18 (üç yüz səksən üç manat on səkkiz qəpik) manat inteqrasiya dövr borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən, fərdi yaşayış evində ailə üzvlərimlə birlikdə yaşayır. İ qrup əlildir. Sözügedən yaşadığı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********02192 olan işıq sayğacından istifadə edir. Ona məxsus Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının kodu **********02192-dür. Cavabdeh istifadə etdiyi sayğaca qanunsuz və əsassız olaraq xx.xx.2015-ci il tarixə 383,18 (üç yüz səksən üç manat on səkkiz qəpik) inteqrasiya dövr borcu hesablanmışdır. Belə ki, sözügedən inteqrasiya dövr borcundan bu yaxınlarda komunalarla bağlı sənədləşmə işi apararkən xəbəri olmuşdur. Bundan sonra o, "xxxx" ASC-yə müraciət edərək, xx.xx.2015ci il tarixə yaranmış inteqrasiya dövr borcunun hansı əsaslarla hesablandığını soruşduqda, ona cavab olaraq həmin dövrdə “Azərenerji” -dən "xxxx" ASC-yə keçid dövrü olduğunu və həmin dövrdə belə borcun yarandığını ona bildirmişlər. O, cavabdehə İ qrup əlil olduğunu, onun təqsiri olmadan bu borcun yazıldığını və yazılmış borcun silinməsini xahiş etsə də, bununla bağlı müsbət nəticə əldə olunmamış və yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Şərh edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, həmin borcdan xəbəri olmayıb. Borc barədə cavabdeh tərəfdən indiyə qədər heç bir bildriş göndərilməyib. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********02192 nömrəli, Xırdalan, Hökməli qəsəbəsi, ev 0060, mənzil 2192 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-ci il tarixə ona 383,18 manat borc hesablanmışdır. Həmin borc “İnteqrasiya Dövr borcu” altlığı ilə qeyd edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda iddiaçının yaşadığı mənzilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 383,18 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “İnteqrasiya Dövr borcu” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 383,18 manat tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********02192 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 383,18 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********02192 saylı abonent kodu üzrə İddiaçı məxsus sayğaca "xxxx" ASC tərəfindən hesablanmış 383,18 (üz yüz səksən üç manat on səkkiz qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar