Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4176/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********03551 olan işıq sayğacına yazılan 175,36 (yüz yetmiş beş manat otuz altı qəpik) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan olan köçkündür. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evinə quraşdırılan işıq sayğacının abonent kodu **********03551-dir. İşıq sayğacının quraşdırıldığı gündən bu günədək istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtı-vaxtından ödəmişdir. Ödənişlərlə bağlı "xxxx" ASC ilə bağlı hər hansı bir problem olmayıb. Məcburi köçkün kimi dövlət tərəfindən onlar üçün limit nəzrədə tutulmuşdur. Bu yaxınlarda kommunallarla bağlı sənədləşmə işi apararkən xx.xx.2016-cı il tarixə 175,36 (yüz yetmiş beş manat otuz altı qəpik) manat borcu olduğu məlum olmuşdur. Həmin borc qanunsuz və əsassız olaraq hesablanmışdır. Borcun yazılması tarixdən 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq bir dəfədə olsun "xxxx" ASC-nin əməkdaşları ona borc barəsində məlumat verməmiş həmin borcu donduraraq sistemdə saxlamışlar. Bu praktika "xxxx" ASC də geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və artıq bu özbaşınalığa son qoyulmalıdır. Cavabdehə onun tərəfdən əsassız yazılmış borcun silinməsi barədə müraciət olunsa da borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Şərh edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi Nümayəndə2 mülki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədi və iddia tələbi ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdı. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********03551 nömrəli, Xırdalan şəhəri, ev (bina) 0010, mənzil 3551 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2016-ci ilədək ona cəmi 175,36 manat borc hesablanmışdır. Həmin borc “Qaçqın borcu silinmə” altlığı ilə qeyd edilmişdir. - AA 155990 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda iddiaçının yaşadığı mənzilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 175,36 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinmə” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 175,36 manat tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********03551 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 175,36 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********03551 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 175,36 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4176/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4176/2024
29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver