Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4177/2024 14.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********780 nömrəli abonent koduna yazılan 1132,25 manat əsassız borcun silinməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Laçın rayonundan olan məcburi köçkündür. Ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Şamaxı şossesi, Mexkalon qəsəbəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh ASC tərəfindən xx.xx.2016-cı il tarixli müqavilə əsasında adına **********780 nömrəli abonent kodu açılmışdır. İstifadə etdiyi suyun pulunu vaxtı-vaxtında ödəmişdir. Cavabdeh ASC tərəfindən isə ona xx.xx.2024-cü il tarixə qədər 1132,25 manat miqdarında əsassız borc hesablanmışdır. Cavabdehə əsassız yazılmış borcun silinməsi barədə müraciət olunsa da, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Buna görə də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********780 nömrəli abonent koduna yazılan 1132,25 manat əsassız borcun silinməsi haqqında qətnamə qəbl edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Laçın rayonundan olan məcburi köçkündür. Ona məxsus ünvanda sayğac yoxdur. Sayğacsız onunla birlikdə 6 nəfərdən ibarət ailə üzvlərinə adambaşına sudan istifadəyə görə aylıq ödəniş hesablanır. Hər ay ona 14-15 manat ödəniş ödəniləcəyi bildirilmişdir. O da həmin məbləği ödəmiş, bunun qarşılığında ona qəbz yazılıb verilmişdir. Bundan 2-3 il sonra isə ona borcunun olduğunu və buna görə su təchizatını kəsəcəklərini bildirmişlər. Bununla bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən də o, məsələnin aydınlaşdırılması üçün məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, ona məxsus ünvana sayğac qoyulmasını Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xahiş etsə də, bu xahişi təmin edilməmişdir. O, işlətdiyi suyun pulunu ödəmiş və qarşılığında ona bununla bağlı ödəniş qəbzləri verilmişdir. Köçkünlər üçün nəzərdə tutulan aylıq 60 manat məbləği alır. Hazırda özünə məxsus ünvanda sudan istifadə edir və aylıq 20 manat ödəniş ödəyir. Məhkəməyə müraciət etməsinin digər bir səbəbi borca görə suyun verilişini dayandırmaları barədə ona xəbərdarlıq etmələri ilə bağlıdır. Ona məxsus ünvana sayğac quraşdırılacağına söz verilsə də, quraşdırılmamışdır. 6 nəfər ailə üzvi olmaqla birlikdə qalırlar. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, əsassız iddia tələbidir. Belə ki, dövlət tərəfindən hər bir köçkün ailəsinə 60 manat məbləğində aylıq pul verilir ki, aylıq kommunal borclarını ödəsinlər. İddiaçının iddia ərizəsində yazdıqları həqiqəti əks etdirmir. Belə ki, 2021-ci ildə 321 manat borc yaransa da, iddiaçı 60 manat ödəniş etmişdir. 2022-ci ildə 363 manat borca görə 248 manat ödəniş edilmişdir. 2024-cü il tarixdə 334 manat hesablanmış borca görə 150 manat ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ödənişlər tam şəkildə ödənilməmiş, nəticədə bu günə təxminə 1.200 manata yaxın borc məbləği yığılmışdır. Ümumilikdə ödənilməli olan 1.800 manat qarşılığında 600 manat ödəniş edilmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, 1993-cü il tarixdə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ərazilərində məskunlaşmış köçkünlər barədə məlumat verilir, bu məlumat əsasında müvafiq tədbir görülür və nəticədə yığılmış borc məbləği silinirdi. Daha sonra isə dövlət tərəfindən 60 manat aylıq pul vəsaiti ayrılmışdır ki, kommunal ödənişlər həmin məbləğdən ödənilsin. İddiaçının cavabdeh təşkilata hər hansı bir məbləğdə dəbbə pulu borcu yoxdur. Ümumiyyətlə təmsil etdiyi təşkilat tərəfindən dəbbə pulu hesablanmır. Cavabdeh istəsə dəbbə pulu tətbiq edə bilər, lakin bunun marağında deyildir. İddiaçının hazırda silinməsini tələb etdiyi məbləğ cavabdeh təşkilata bu günə olan borc məbləğidir. Hazırda silinmə tələb edilən məbləğ yalnız sudan istifadəyə görə hesablanmış və ödənməyərək yaranmış borcdan ibarətdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: **********780 kodlu abonentin (İddiaçı) abonent kartından görünür ki, xx.xx.2016-cı il tarixli, 34573989 nömrəli müqavilə üzrə abonent İddiaçı ünvan 3 ünvanı üzrə su təchizatına görə 1.208,25 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli Cavabdeh Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 31 yanvar 2011-ci il tarixli 01 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli 06 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən su təchizatına görə xidmət haqqı tam həyata keçirilməmiş və nəticədə borc yaranmışdır. Belə ki, iddiaçının hazırda silinməsini tələb etdiyi 1.132,25 manat məbləğ su təchizatına görə yaranmış borc məbləğidir. İş materiallarına əlavə edilmiş abonen kartından da görünür ki, iddiaçının hazırda su təchizatına görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 1.208,25 manat borcu vardır. İddia tələbində və həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona əsassız yazıldığını bildirsə də, məhkəmənin təklif etməsinə və tərəfin mübahisələndirməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su borcunun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-4177/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4177/2024
14.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver