Məhkəmə qərarları › İş №2(012)-4181/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4181/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4181/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1772 manat məbləğində maddi ziyanın və cavabdehin oğurladığı xarici istehsalı olan qol saatının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, hazırki iddia ilə bağlı Şamaxı Rayon Məhkəməsinə də müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsi cavabdehin Qobustan kəndində qeydiyyatda olduğunu bildirərək sənədlərini ona vermək əvəzinə noyabr ayında Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Dekabrın 18-da Apelyasiya Məhkəməsi qərardadı ilə Şamaxı Rayon Məhkəməsinə geri qaytarmışdır və ona Şamaxıdan sənədlərini alıb Abşeron Rayon Məhkəməsinə təqdim etməsini bildirmişlər. Şamaxı Rayon Məhkəməsi sənədlərini ancaq may ayında qaytarmış, rüsumu isə bu günə kimi ala bilməmişdir. 2017-ci ilin iyul ayında Şamaxı rayonunda qaynıgildə qonaq olduğu müddətdə məhkəmənin arxasındakı kafedə Misirxan adlı şəxslə tanış olmuşdur. Misirxan onun tez-tez Göyçaya getdiyini bilərək, onun maşınını Misirxanın yaşadığı evin həyətində saxlamağı təklif etmişdir. O, Misirxanın bu təklifi ilə razılaşmış və bir neçə dəfə Misirxandan maşınını götürüb Göyçay rayonuna getmişdir. 20.09.2017-ci il tarixdə kafenin sahibindən Misirxanın onun maşınıyla içkili vəziyyətdə yol polisi tərəfindən məhkəməyə verildiyini və 6 gün həbsə məhkum edildiyini bilmişdir. Bu zaman Misirxan maşınını xarici istehsallı, özüqurulan bahalı qol saatı ilə (Bakıda bu saata 700 manat təklif edilmişdir) birgə tanışı Cavabdeh təhvil vermişdir. Cavabdeh onu maşınıyla Göyçaya aparmaq üçün etibarnamənin vacib olduğunu bildirərək, 2017-ci ilin 28 sentyabr tarixində bir illik etibarnamə almışdır. Daha sonra Cavabdeh maşının özündə qalmasını və hər ay 30-40 manat məbləğində pulu ona göndərəcəyini bildirmişdir. O, Cavabdeh pula ehtiyac olmadığını bildirmiş, yalnız maşınını işlək vəziyyətdə saxlamasını xahiş etmişdir. Cavabdeh isə maşınını işlək vəziyyətdə saxlayacığına söz vermişdir. 2018-ci il 15 yanvar tarixdə 3-cü dəfə Cavabdeh onun hesabına maşını ilə onu Göyçaya aparmışdır. Hər dəfə gələndə maşınının bir hissəsinin əzildiyini görmüşdür. Qədiov Yaqub maşının əzilmiş hissəsini təmir etdirəcəyini bildirərək, onu arxayın yola salmışdır. Lakin 2018-ci il 26 sentyabr tarixinə kimi (bu vaxt Cavabdeh maşını Sabir kəndindən aİıb Bakıya gətirmişdir) maşının sol küncündəki qapıdakı, sağ qanadındakı əziklər düzəldilməmiş, üstəlik sürət qutusu da sıradan çıxmış, 4 və 5-ci sürətlər tutmamışdır. Hətta 2017-ci ilin iyun ayında yeni aldığı akkumulyator 2 yeni təkər, reduktor, startyor, yük yerinin dəri döşəməsi də dəyişdirilmişdir. Cavabdeh maşınından qeyd etdiyi qol saatını gizli yolla oğurlayaraq, polisə 5-6 manatliq qol saat təqdim etmişdir. 2018-ci ilin aprel ayının əvvəlindən "Paşa Sığorta"dan Cavabdeh aprelin 16-da maşının sığortasının müddətinin bitdiyi və 01.05.2018ci il tarixə qədər texniki baxışdan keçirilməsi bildirilmişdir. O, maşını "V.Teymuroğlu-2” MMC-də baxışdan keçirərkən məlum olmuşdur ki, reduktor və startyor hökmən yenisi ilə əvəz olunmalıdır. O da 170 manata reduktor, 110 manata startyor, 75 manata yeni akkumulyator, iyun ayında isə 70 manata almış, 20 manata yeniləmiş, sürət qutusunu da təmir etmişdir. Qeyd etdiklərindən başqa 2 cərimə 36+96=132 manat, yük yerində olan 120 manatlıq maşına gərək olan yeni ehtiyyat hissələri- 2 cür nasos, domkrat, apteçka, qəza göstərən cihaz, açarlar, texniki baxışdan keçirilmədiyinə görə verdiyi 50 manat cərimə, ayaqaltı rezinlər 65 manat, oturacağın arxa hissəsinin çuxolları, 2 təkər 110 manat ona zərər dəymişdir. Ümumilikdə cavabdeh tərəfindən ona 1772 manat ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə onu kəndçisi olan Misirxan adlı şəxs tanış etmişdir. Belə ki, İddiaçı Göyçay rayon məhkəməsində iddia tələbinə baxıldığı və Misirxan adlı şəxsin sürücülük vəsiqəsi olmadığı üçün iddiaçıya məxsus avtomobil ilə ayda bir neçə dəfə Göyçay rayonuna aparmağını xahiş etmişdir. Bu səbəbdən də iddiaçı ona maşını hüquqi əsaslarla idarə etmə üçün etibarnamə vermişdir. Ona avtomobil verilən zaman avtomobildə qızıl saat olmamışdır. Misirxan maşın ilə inzibati xəta törətdikdən sonra avtomobili ona təhvil verməmişdir. Eyni zamanda, iddiaçının ona 300 manat borcu vardır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, iddiaçının maşınının ehtiyat hissələrini maşını Niva markalı avtomobilin ehtiyat hissələri ilə dəyişdirməmiş və maşını satmamışdır. İddiaçı pulunu Misirxan adlı şəxsdən ala bilmədiyi və maşını idarə etmək üçün ona etibarnamə verdiyi üçün onu məhkəməyə vermişdir. İddiaçının ondan tələb etdiyi məbləğ avtomobilin bazar qiymətindən çoxdur. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddianın əsasını təşkil edən halları sübutetmə vəzifəsi İddiaçı üzərinə düşsə də, iddiaçı cavabdeh tərəfindən ona 1772 manat məbləğində maddi ziyanın dəyməsini və ona məxsus xarici istehsalı olan qol saatını oğurlamasını təsdiq izahatından başqa hər hansı bir mötəbər sübutu məhkəməyə təqim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin, yuxarıda qeyd olunduğu kimi iddiaçı özünün izahatından başqa digər sübutlar təqdim edə bilmədiyindən məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona dəymiş 1772 manat məbləğində maddi ziyanın və cavabdehin oğurladığı xarici istehsalı olan qol saatının ona qaytarılması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar