Məhkəmə qərarları › İş №2(012)-4231/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4231/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4231/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin ona məxsus Abşeron rayon, Saray qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən abonent kodu **********00303 olan sayğaca qanunsuz yazdığı 917,54 (doqquz yüz on yeddi manat, 54 qəpik) manat işıq borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan olan məcburki köçkündür. Yaşadığı fərdi yaşayış evi Abşeron rayon, Saray qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşir. Ona məxsus işıq sayğacının kodu **********00303-dür. Cavabdeh ona qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz olaraq ona yazılmış işıq borcunun məbləği 917,54 (doqquz yüz on yeddi manat, 54 qəpik) manatdır. Biz işığı çox az istifadə edirik, məcburi köçkünlər üçün ayrılmış limit var idi. Belə olduğu halda, həmin borc ona nə vaxt, necə yazılıb bunu o bilmir. Bu borc ona heç bir səbəb olmadan, yalnışlıq səbəbindən əsassız olaraq hesablanıb və “Azərişıq’' ASC həmin borcu dondurulmuş borc kimi onun balansında saxlayıb. Özü Laçın rayonundan məcburi köçkündür. O, cavabdehə dondurulmuş borcun haradan yaranması ilə bağlı müraciət etsə də, tərəf ona yazdıqları bu borc məbləğinin yaranma səbəbini əsaslandıra bilmir və buna görədə ona məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Dondurulmuş borcdan bu yaxınlarda xəbəri olmuşdur. Cavabdeh orqan adına gizlicə bu qədər borc yazıb dondurmuşdur. Qanunvericiliyin tələbinə görə isə, mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət Azərişığın üzərinə düşür. Bu praktika Azərişıqda geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və artıq bu özbaşınalığa son qoyulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi cərimə məcburi köçkün limitini keçdiyi üçün yazılıb. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********00303 nömrəli, Bağlar, Qurd dərəsi (F3,F4), ev 0050, mənzil 0303 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək ona cəmi 917,54 manat borc hesablanmışdır. Həmin borc “Qaçqın borcu silinmə” altlığı ilə qeyd edilmişdir. - AA 187186 məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildə Laçın rayonundan məcburi köçkün olmaqla, Abşeron rayonunda məskunlaşmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda iddiaçının yaşadığı mənzilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 917,54 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinmə” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 917,54 manat tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********00303 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 917,54 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********00303 saylı abonent kodu üzrə İddiaçı məxsus sayğaca "xxxx" ASC tərəfindən hesablanmış 917,54 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar