Məhkəmə qərarları › İş №2(012)-4237/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4237/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4237/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Kazımovun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Kəlbəcər rayonunun Almalıq kəndində qeydiyyatdadır və məlum hadisələrlə əlaqədar hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. 2019-cu ilin fevral ayında məskunlaşdığı ərazidə qaz sayğacını dəyişən zaman ona məxsus sayğac da götürülmüş və yenisini quraşdırmışlar. Sayğac dəyişdirilən zaman o, orada olmamış, yəni sayğac quraşdırıldıqdan sonra, 2019-cu ilin fevral ayından 2021-ci ilin əvvəlinədək onun qaz istifadəsi ilə bağlı borcunun olması barədə məlumatı olmamışdır. 2021-ci ildən məbləğindən asılı olaraq etdiyi hər bir ödənişdən müəyyən məbləğdə vəsait tutularaq borca silinmişdir. Yalnız bundan sonra müəyyən olundu ki, 2019-cu ilin fevral ayında qaz sayğacında yaranmış nasazlıq səbəbindən, onun məlumatı və imzası olmadan aktlaşdırılaraq sayğac çıxarılmış, dəymiş ziyan hesablanaraq sayğac üzrə hesaba əlavə olaraq 486 manat borc yazılmışdır. Bu barədə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun iştirakı və imzası olmadan akt tərtib olunmuş, dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbnamə yazılmışdır. 2019-cu ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacının sökülərək aparılması və yenisi ilə əvəz olunması səbəblərinin respublikada aparılan quruculuq və abadlıq işlərinin bir istiqaməti olaraq düşündüyündən, təqdirəlayiq hal kimi qəbul etmiş, bu kimi qanunsuz və əsassız borc yazılmasına gətirib çıxarmasını heç düşünməmişdir. 2019-cu ildə yazılmış borca görə tutulmaların 2021-ci ildən başlanması bir daha sübut edir ki, 486 manat borcun yazılması əsassız və qanunsuzdur. Çünki, əgər qeyd etdikləri kimi sayğaca hansısa müdaxilə olunsaydı, qaz sayğacını dəyişən zaman akt tərtib olunardı və ona tərtib edilmiş akta görə izah edib qazın hara sərf olunmasını göstərərdilər. Həmçinin, qaz sayğaçı evin çöl hissəsində yerləşmiş, beləliklə nəinki onun, istənilən şəxsin müdaxiləsi üçün açıq şəraitdə quraşdırlmışdır. Hər hansı müdaxilə olunmadan onların istifadəsində olan sayğacın cavabdeh idarənin əməkdaşları tərəfindən dəyişdirilərək aparılmasından sonra öz maraqlarına uyğun hansısa qüsur müəyyən edilməsi barədə rəy almaları qanuna müvafiq deyildir. Göründüyü kimi, ona münasibətdə qanunverciliyin tələbləri kobud şəklidə pozulmuşdur. Cavabdeh tərəfə bu günə kimi dəfələrlə şifahi müraciət etməsinə, eləcə də əsassız və qanunsuz borc məbləğinin ləğvini tələb etməsinə baxmayaraq, bir heç əsaslı cavab verilməmiş və borcun ödənilməsinin təmin edilməsi üçün müxtəlif bəhanələr gətirilmişdir. Bunun özü bir daha sübut edir ki, mübahisəni məhkəmədən kənar şəkildə həll etmək və razılaşmaq mümkün deyildir. Bu səbəbdən o, pozulmuş hüquqlarının bərpası və ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, 28 fevral 2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh istehlakçı İddiaçı ünvan 2 ünvanında yaşadığı evi təbii qazla təmin edir. Birliyin nümayəndələri tərəfindən İddiaçı yaşadığı evin G4 markalı, 1302A**********922 nömrəli qaz sayğacına texniki baxış keçirilmiş, köhnə sayğac sükülərək laboratoriya göndərilmiş və məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Bununla bağlı, 27.02.2019-cu il tarixli, № QSN-29/1710-00654/76 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” akt tərtib olunmuşdur. Nəticədə, Cavabdehnə 4860 m3 dəymiş ziyan hesablanmışdır. Dəymiş maddi ziyan abonentin hərəkətləri nəticəsində yaranmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 27.02.2019-cu il tarixli, QSN-29/1710-00654/76 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktın surətindən görünür ki, Cavabdeh nümayəndələri mühəndis E.Quliyev, F.Feyzullayev və R.İbrahimov tərəfindən istehlakçı İddiaçı ünvan 2 ünvanında yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman G4 markalı, 1302A**********922 zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. 28.02.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, 28.02.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********00220) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 27.02.2019-cu il tarixli, QSN-29/1710-00654/76 nömrəli akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş və istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 28.02.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, 28.02.2019-cu il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 1.2x6x90=648 m3, - 2.6x18x90=4212 m3, cəmi 4860 m3 dəymiş ziyan hesablanmışdır. Abonentin saldosundan çıxarışdan görünür ki, abonent kodu: **********00220 olan İddiaçı 2020-ci ilin əvvəlinə olan borcu 486,0 manat olmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonenet kodu: **********00220) dair hesablanmış 486 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 28 fevral 2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, həmin akt iş üzrə sübut vasitəsidir və yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə etibarilə məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına hesablanmış 486 manat cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonenet kodu: **********00220) dair hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar