Məhkəmə qərarları › İş №2(012)-425/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-425/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-425/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, vətəndaşların adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, vətəndaşların adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli qərarına əsasən Xırdalan şəhəri, 28-ci məhəllədə cizgidə göstərilən sərhəd daxilində ona 0,26 hektar torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən isə ona həmin torpaq sahəsinə dair JN - 0048 saylı, KOD 30801006 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrində müxtəlif xidmət sahələri fəaliyyət göstərmişdir. Eyni zamanda uzun müddətdir ki, ona məxsus həmin torpaq sahəsinin 21,3 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsi mağaza kimi fəaliyyət göstərmək üçün tərəfindən əmisi oğlu Cavabdeh2, 51,8 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsi isə mağaza kimi fəaliyyət göstərmək üçün digər əmisi oğlu Cavabdeh1 istifadəsinə verilmişdir. Baxmayaraq ki, xeyli müddətdir ki, hər iki əmioğlu ilə aralarında bəzi münasibətsizliklər yaranmışdır, yenə də ona məxsus torpaq sahəsində olan həmin qeyriyaşayış sahələri ilə əlaqədar onlardan heç bir tələbi olmamışdır və bu gün də yoxdur. Sadəcə son vaxtlar ona məlum olmuşdur ki, Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsini X26 adlı şəxsə satmışdır. Bu səbəbdən də o, vəkil vasitəsi ilə araşdırma apararkən və Cavabdeh3nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin 21,3 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsi xx xxx 2005-ci il tarixdə Cavabdeh2, 51,8 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi isə xx xxx 2005-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hər iki alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, guya həmin alqı-satqı predmetləri olan qeyri-yaşayış sahələri ona Abşeron rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 saylı arayışına və xx xxxxx 2005-ci il tarixli 625 saylı qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur və guya tərəfindən həmin şəxslərə satılmışdır. Halbuki, onun belə bir qeydiyyat vəsiqələri olmamışdır, həmin nömrəli və həmin tarixli Qeydiyyat vəsiqəsi isə oğlu Elmar Orucovun adına olmuşdur. Mülkiyyətində olan sözügedən 0,26 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən ona həmin torpaq sahəsinə dair verilmiş JN - 0048 saylı, KOD 30801006 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından sonra ona yalnız xx xxxxxx 2013-cü il tarixdə 0.17609 hektar torpaq sahəsinə dair Seriya RX, ******* nömrəli, 0.053516 hektar torpaq sahəsinə dair Seriya RX, ******* nömrəli və 0.0304 hektar torpaq sahəsinə dair Seriya RX, ******* nömrəli çıxarışlar verilmişdir. Qeyd edilən çıxarışlar ona verildikdən sonra o, Cavabdeh3nə müraciət edərək sözügedən çıxarışlar əsasında ona məxsus olan torpaq sahəsinin cizgilərinin yerində dəqiqləşdirilməsini xahiş etmiş, lakin ona heç bir köməklik göstərilməmişdir. Bu səbəbdən də o, xx xxx 2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərizəsinə verdiyi xx xxxx 2020-ci il tarixli, **********22 saylı cavab məktubunda qeyd edilmişdir ki, “adı çəkilən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN - 0048 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan üç konturdan ibarət torpaq sahəsinin 0,0304 ha hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydə alınaraq ona xx xxxxxx 2013-cü il tarixli **********17 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin 0,0535 ha və 0,17609 ha konturları isə üzərində yerləşən qeyri-yaşayış binaları ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir. Müraciəti ilə bağlı torpaq sahəsinə mütəxəssislər tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Aparılmış yoxlama-ölçü işləri zamanı iddia etdiyi torpaq sahəsinin mülkiyyətində olan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir”. Əvvəla, ərizəçi olaraq onun iştirakı olmadan hansı mütəxəssisin yoxlama-ölçü aparması ona məlum deyil. İkincisi isə, onun mübahisələndirdiyi torpaq sahəsi yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələridir. Çox maraqlıdır, gah saxta sənədlər tərtib edilərək guya sözügedən qeyri-yaşayış sahələrinin onun tərəfindən alqı-satqı yolu isə satıldığı qeyd edilir, gah da qeyd edilir ki, guya həmin qeyri-yaşayış sahələri onun mülkiyyətində olan torpaq sahələrində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi bildirilir. Bu səbəbdən də belə hesab edir ki, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yuxarıda göstərilən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin qanunsuz olduğu cavabdehlərə əvvəlcədən məlum olmuşdur. Bu səbəbdən də daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ona məlum olmayan sənədlər əsasında notarial əməliyyat aparılmış və son zamanlar bütün bunları araşdırmaq məqsədi ilə də Dövlət Reyestri Xidmətinə verilmiş ərizəsinə və müraciətlərinə qeyri-müəyyən cavablar verilmişdir. Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh1 ilə alqısatqı edilməsinə dair xx xxx 2005-ci il tarixli və 21.3 kv.m sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 ilə alqı-satqı edilməsinə dair xx xxx 2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh1 və həmin ünvanda yerləşən torpaq sahəsinin 21.3 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrılıqda ərizə verərək, iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrinə münasibətdə iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən dəlillərin hamsı yalandır. Namiq iddia etdiyi kimi notariat ofisində alğı-satqı zamanı iştirak etməsəydi alğı-satqı ola bilməzdi. Namiq notariat ofisində alğı-satqıda iştirak etmiş və qanunla nəzərdə tutulmuş qaydada qeyri- yaşayış binasını ona satılmışdır və o alğı-satqı müqaviləsin əsasən qeyri- yaşayış binasını öz adına özəlləşdirmişdir.Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizələrinin nəzərə alınıb, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, izahatında göstərmişdir ki, İddiaçı onun əmisi oğludur. Cavabdehlə onların birgə müəssisəsi olmuşdur və mübahisəli əmlakda həmin müəssisənin əmlaklarından biri olmuşdur. Müəssisədən ayrılan zaman onlar aralarında razılığa gəmişlər və sözü gedən alğı-satqı müqaviləsi imzalanmışdır. Hətta alğı-satğı zamanı notariat ofisində iddiaçıının həyat yoldaşı Təranə Hüseynovada alğı-satqıya razı olduğuna dair ərizə vemişdir. İddiaçı iddiada göstərdiyi xüsusatların yalan olduğunu bildirmiş və eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizələrinin nəzərə alınıb, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X18 nümayəndəsi X9 iddianı qəbul etməyib, izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatlar qanuni əsaslarla aparılmışdır. Tərəflər arasında alğı-satqı müqavilələri olmuşdur. İddiaçının iddia etdi kimi, qeydiyyatların ləğvinə heç bir əsas olmadığın bildirmiş. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehlərin iddia müddətinin tətbiq olunması barədə ərizələrini, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ehtiyyat fondu torpaqları kateqoriyasına aid 0.0304 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə istifadə etməsi üçün xx xxxxxx 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam payda İddiaçı adına qeydiyyata alınmışdır; -Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli 630 nömrəli məktubunun surətindən görünür ki, Xırdalan Bələdiyyəsi tərəfindən xx xxxx 2004-cü il tarixli 02 nömrəli qərarı ilə X2 0,26 ha torpaq sahəsi DT və XK-si tərəfindən verilmiş JN- 00xx xxx 30801006 nömrəli Dövlət Aktında göstərilən koordinatlar üzrə torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur; -İddiaçı ilə Cavabdeh2 arasında xx xxx 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyesterdə 4Ə/-1198 nömrə ilə qeyd edilmiş qeyriyaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Orucov X22 rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 saylı arayışına və xx xxxxx 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “C” tikinti hissəsini ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 (on milyon) manata Cavabdeh2 satmış, həmin şəxs də almışdır; -İddiaçı ilə X25 arasında xx xxx 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyesterdə 4Ə/-1197 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, Orucov X22 rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 nömrəli arayışına və xx xxxxx 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “A” tikinti hissəsini ümumi sahəsi 581,0 kv.m olan Şadlıq evini, “D” hissəsini ümumi sahəsi 104,0 kv.m olan emalatxananı, “E” hissəsini ümumi sahəsi 32,0 kv.m olan mağazanı X16 bağışlamışdır. Tərəflər qeyri-yaşayış sahələrini 1.225.000.000 manata qiymətləndirmişlər; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.00213 ha torpaq sahəsində yerləşən 17,8 kv.m daşınmaz əmlak-qeyri-yaşayış binası xx xxxxxx 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam payda Cavabdeh2 adına qeydiyyata alınmışdır; -Abşeron rayon X7 tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası xx xxx 2005-ci il tarixdə 625b qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır; -İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyesterdə 4Ə/-1199 nömrə ilə qeyd edilmiş qeyriyaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Orucov X22 rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 nömrəli arayışına və xx xxxxx 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 (iyirmi milyon) manata Cavabdeh1 satmış, həmin şəxs də almışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, M.Hüseynzadə küçəsi 563B-də 0.00518 ha torpaq sahəsində yerləşən 44,7 kv.m qeyriyaşayış binası xx xxxxxx 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam payda X17 adına qeydiyyata alınmışdır; -Abşeron rayon X7 tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası xx xxx 2005-ci il tarixdə 625 qeydiyyat nömrəsi ilə X15 adına qeydiyyata alınmışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.053516 ha torpaq sahəsində yerləşən 119,1 kv.m qeyri-yaşayış binası xx xxxxxx 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam payda İddiaçı adına qeydiyyata alınmışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.17609 ha torpaq sahəsində yerləşən 530,2 kv.m qeyri-yaşayış binası xx xxxxxx 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam payda İddiaçı adına qeydiyyata alınmışdır; -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və Dövlət X10 tərəfindən xx xxxxx 2004-cü il tarixdə təsdiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0048 nömrəli (KOD 30801006) dövlət aktının surətindən görünür ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli 02 nömrəli qərarı ilə tikinti məqsədi ilə satılmış 0.26 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır; -Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********22 nömrəli məktubundan görünür ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinə dair verilmiş texniki pasportda torpaq sahəsinin planının dəqiqləşdirilməsinə köməklik göstərilməsi barədə xx xxx 2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan üç konturdan ibarət torpaq sahəsinin 0,0304 ha hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona xx xxxxxx 2013-cü il tarixli **********17 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin 0,0535 ha və 0,17609 ha konturları isə üzərində yerləşən qeyri-yaşayış binaları ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki pasportu tərtib edilmişdir. Müraciətlə bağlı torpaq sahəsinə mütəxəssislər tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Aparılmış yoxlama-ölçü işləri zamanı iddia etdiyi torpaq sahəsinin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir; -Cavabdeh1 ilə X26 arasında Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Orucov X22 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə ümumi sahəsi 44,7 kv.m olan qeyriyaşayış sahəsini 69.500 manata X6, həmin şəxs də almışdır; -Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 xx xxxxxx 1981-ci il tarixdə nikahlarını bağlamışlar; -X8 Abşeron rayon 1 saylı dövlət notariat kontoruna ünvanladığı və həmin notariat kontorunda imzası ilə təsdiq edilmiş xx xxx 2005-ci il tarixli ərizənin surətindən görünür ki, o, həyat yoldaşı İddiaçı məxsus olan və Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx xxx 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyesterdə 4Ə/-1198 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqısatqısı barədə müqaviləsinə əsasən Orucov X22 rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 saylı arayışına və xx xxxxx 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “C” tikinti hissəsini ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 (on milyon) manata Cavabdeh2 satmış, həmin şəxs də almışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyesterdə 4Ə/-1199 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqaviləsinə əsasən Orucov X22 rayon X4 xx xxxxx 2005-ci il tarixli 1018 nömrəli arayışına və xx xxxxx 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 (iyirmi milyon) manata Cavabdeh1 satmış, həmin şəxs də almışdır. Hazırda İddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi, habelə əmlakların həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatına dair çıxarışların ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin ilkin hissəsini Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxx 2005-ci il tarixli müqavilənin və həmin torpaq sahəsinin 21.3 kv.m sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinə dair onunla Cavabdeh2 arasında bağlanmış xx xxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. Mülki prosessual qanunvericiliyə görə isə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Mübahisələndirilən xx xxx 2005-ci il tarixli müqavilələrə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında həqiqi iradə ifadəsi olmuşdur, müqavilə tərəflərin müraciəti əsasında notariat qaydada bağlanmışdır, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, mülkiyyətçi əmlakı müvafiq pul məbləği qarşılığında satmış, alıcı isə pulu ödəyərək əmlakı almışdır, tərəflər müqavilələri şəxsən imzalamışlar. İddiaçı, tərəflər arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırsa da, müqavilələrin etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələbini belə sübutlara uyğun əsaslandırmamışdır. İddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər heç də müqavilənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz, mübahisənin predmetinə aid olmayan dəlillərdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. Hazırkı tələbin xarakterindən irəli gələrək məhkəmə hesab edir ki, burada sübutetmə yükü iddia edənin, İddiaçı üzərinə düşdüyü halda, o, xx xxx 2005-ci il tarixli müqavilələrin etibarsız sayılmalı olduğunu təsdiq və iddiasının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişdir, belə sübutlar məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, İddiaçı həmin qeyri-yaşayış sahələrini xx xxx 2005-ci il tarixdə Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında satmışdır və onunla birgə nikahda olan X1 rayonu 1 saylı dövlət notariat kontoruna ünvanladığı və həmin notariat kontorunda imzası ilə təsdiq edilmiş xx xxx 2005-ci il tarixli ərizəsində həyat yoldaşı İddiaçı məxsus olan, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxxx 2004-cü il tarixli Qərarına əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırkı iş üzrə mübahisələndirilən, yəni İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmış 0,26 ha torpaq sahəsinin 51,8 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1, həmin torpaq sahəsinin 21,3 kv.m hissəsində inşa edilmiş qeyriyaşayış sahəsinin isə Cavabdeh2 satılması barədə xx xxx 2005-ci il tarixli müqavilələr notarial qaydada bağlanaraq reyesterdə qeydə alınmışdır, notariat hərəkətlərinin aparılması zamanı isə iddiaçının birgə nikahda olduğu həyat yoldaşı notarial qaydada verdiyi ərizə ilə bu alqı-satqı əməliyyatının həyata keçirilməsinə öz razılığını vermişdir. Buradan da görünür ki, alqı-satqı əməliyyatı zamanı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilmişdir, Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə qəbul etdiyi qərarı ilə müəyyən edilmiş hallarla da uyğunluq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyri-yaşayış sahələrinin yerləşdiyi 0.26 ha torpaq sahəsi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli 02 nömrəli qərarı ilə tikinti məqsədi ilə İddiaçı satılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və Dövlət X10 tərəfindən xx xxxxx 2004-cü il tarixdə təsdiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0048 nömrəli (KOD 30801006) dövlət aktına əsasən həmin torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Republikası mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki qanunvericiliyin mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdeh1 mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmış qeyri-yaşayış sahəsini notarial qaydada alqı-satqı müqaviləsinə əsasən X3 və müvafiq olaraq həmin şəxs də qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmışdır. Bu baxımdan Cavabdeh1 əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmişdir və o, alqı-satqı müqaviləsini bağlayarkən əmlakın ilkin mülkiyyətçisi kimi İddiaçı fikrini soruşmalı və ya razılığını almalı deyildi. Ona görə iddiaçının bununla bağlı irəli sürdüyü dəlillər də müqavilənin etibarsız hesab edilməsi əsaslarından hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarına əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məlum olduğu kimi, tərəflər arasında olan müqavilələr xx xxx 2005-ci il tarixdə bağlanmışdır, müqavilə tərəfi olan hazırkı İddiaçı isə müqavilələrin bağlandığı vaxtdan 15 il keçdikdən sonra bu müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi yoxlanılan hissədə rədd edilərkən iddiaçının iddia müddətini ötürdüyü və cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizələri də nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “qeyri-yaşayış sahələrinin cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, həmin tələblər ilkin tələbə münasibətdə əlavə tələblərdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsızlığına dair iddia qaldırılmış müqavilələr əsasında aparıldığını, müqavilələrin etibarsız sayılmasına əsasların müəyyən edilmədiyini, habelə həmin tələbin irəli sürülməsi üçün iddia müddətinin ötürüldüyünü, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, əlavə tələb üzrə də iddia müddəti tətbiq olunmaqla iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu, habelə iddiaçı iddia müddətini ötürdüyü və cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizə verdikləri üçün iddia tələbi ümumilikdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X12 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh1 ilə alqı-satqı edilməsinə dair xx xxx 2005-ci il tarixli və 21.3 kv.m sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 ilə alqısatqı edilməsinə dair xx xxx 2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinin cavabdehlərdən Cavabdeh1 və həmin ünvanda yerləşən torpaq sahəsinin 21.3 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar