Məhkəmə qərarları › İş №2(012)-4266/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4266/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4266/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 216.00 (iki yüz on altı) manat məbləğində cərimə borcunu əsassız hesab edərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixədək ödənişi “kartla” etməklə qaz sayğacından istifadə etmiş, qazdan heç bir şikayəti olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam radələrində bir qrup Cavabdeh İB-nin işçiləri tərəfindən ona yeni qaz sayğacı quraşdırılacağı bildirilmişdir. O kart vasitəsilə hər ay normal ödəniş edərək qazdan istifadə etdiyini bildirmişdir. İradı qəbul olunmamışdır. Kartla işləyən qaz sayğacımı “mexaniki” sayğacla əvəz etmişdilər. Sayğac əvəzləndikdən sonra xx.xx.2020-ci il tarixdə tərtib etdikləri akta ona qol çəkdirmişdilər. Əlavə olaraq heç bir səbəb göstərməmişlər, həmin vaxtdan xx.xx.2023-ci il tarixə qədər “mexaniki” sayğac vasitəsilə hər ay qaz nəzarətçisinin verdiyi “Qəbz” əsasında pul ödəyərək qazdan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə təsadüfən Qaz İdarəsində olarkən ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktdan sonra Cavabdeh İB-nin Bakı Regional Qazım Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 216.00 manat itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, cərimə barədə qəbz göndərilməmişdir. Həmin tarixdə bu faktı araşdırmaq üçün Abşeron rayon Qaz İdarəsindən mövcud sənədləri tələb etmiş və sənədlər ona verilmişdir. iddiaçı sənədləri aldıqdan sonra məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh İB Abşeron rayon Qaz İdarəsi tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş ******* nömrəli aktda sayğacın dəyişdirilməsi səbəbi kimi əvəzləmə göstərilsə də, “Digər qeydlər” hissəsində sayğacın elementi bitmiş və sayğacın giriş-çıxışda yivli hissələrin deformasiyaya uğraması yazılmış, bu barədə heç bir məlumat verilmədən akta imza etdirilmişdir. Əldə olunmuş sənədlərə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş ******* nömrəli aktda yivli birləşmələrin “Korroziyaya” uğraması səbəbi bildirilməklə dəymiş ziyanın hesablanması barədə akt tərtib olunmuş və imza etməli olduğu yerə “imtina etdi” yazılmışdır. Halbuki, bu akt barədə iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. İddiaçı xx.xx.2023-ci il tarixdə Cavabdeh İB-nin Baş Direktorunun satış üzrə müavini Rəşad Cavadova ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda “Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan blombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir” rəyi verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın giriş çıxış yivli birləşmələri deformasiyaya uğradığından həmin sayğac Zenner mexaniki markalı G-4 tipli **********1 nömrəli sayğacla əvəz olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi ərazidə baxış zamanı MSK- 29/1710-01090 saylı rəyə əsasən 1002AQ**********5 nömrəli sayğaca yivli birləşmələri korroziyaya uğramışdır. - Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2020-ci tarixli ******* saylı akt olmuşdur. - Abonent kodu **********32330 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 2=361- Qulçuluq massivi ev 0V mən 233 ünvanına xx.xx.2020-ci il tarixdə Zenner G4 Mexaniki **********1 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar(1/1) Qızdırıjı radiator peçi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 06.2020-ci ilə aid olan borcu 216 manat göstərilmişdir. - “Azəriqaz» İB-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdehnə ünvanlanmış müraciətlə istehlakçı hesabında (**********32330) yaranmış borcun araşdırılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-11-14780/2023 nömrəli müraciətə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 3 ünvanında istehlakçı kodu iddiaçının adına olan öncədən ödənişli G-4 markalı 1002AQ**********5 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK-29/1710-01090-1 aktına əsasən, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf'nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 2160,0 m3 (216,00 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra-“Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexaniki tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Beləliklə, məhkəmə araşdırması zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş »Azəriqaz» İB-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın giriş çıxış yivli birləşmələri deformasiyaya uğradığından həmin sayğac Zenner mexaniki markalı G-4 tipli **********1 nömrəli sayğacla əvəz olunması müəyyən olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi nəticəsində dəyişilməsi ilə nəticələnsə də, sayğaca kənar müdaxilələrin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Bu da öz növbəsində, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığını təsdiq edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın giriş çıxış yivli birləşmələri deformasiyaya uğradığından həmin sayğac Zenner mexaniki markalı G-4 tipli **********1 nömrəli sayğacla əvəz olunmuşdur. Göründüyü kimi, sayğacın dəyişilməsinə dair tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində yaranmış qüsura görə tərtib olunmamışdır. Bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Yəni, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, nüfuz edilməsi mümkün deyildir. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 216 manat borc məbləği abonent kodu **********32330 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc abonent kodu **********32330 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar