Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4269/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən yaşadığı abonent kodo - **********00030 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 3 saylı fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* nömrəli Aktın ləğv edilməsi və həmin akt əsasında əsasız hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı **********00030 nömrəli abonent kodu ilə iddiaçının adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə iddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. 2023-cü ilin aprel ayında həmin qaz sayğacının istismar müddəti bitdiyi üçün xarab olmuş və bu barədə cavabdehə şifahi müraciət etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz olunmuş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12 aprel 2023-ci il tarixli, ******* nömrəli Akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, qaz sayğacının istismar müddəti bitmişdir, kartrideri kartı qəbul etmir. Cavabdeh İB tərəfindən çıxarılmış istismara yararsız olan sayğac laboratoriyaya yoxlanış üçün göndərilmiş və “Qaz sayğacının yoxlanılması barədə” 29 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5-4180-1 nömrəli Akt tərtib olunmuşdur. Həmin aktda qaz itkisi və müdaxilə qeyd olunmuşdur. Bir neçə gündən sonra məlum olur ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* nömrəli Akt əsasında ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı ilə bağlı iddiaçıya 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimə yazılmışdır. İddiaçı, ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə küçədə quraşdırılmışdır. Lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq iddiaçının üzərimə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq iddiaçının üzərimə qoyulmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* nömrəli Akt ləğv edilməli və 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, sayğac dəyişdirilərkən iştirak etmişdir. Həmin vaxt ona heç bir qüsur aşkar edilməmişdir. .onun əvvəlki sayğacı kartla işləmiş və həmin sayğaca görə borcun olması mümkün deyildir. Sonra tərtib olunan aktdan məlumatı olmamışdır. Sayğac digərlərində olduğu kimi, mənzildən kənarda, həyətdə quraşdırılmış və onun, eyni zamanda, ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyindən çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Köhnə sayğaca laboratoriyada baxış keçirilmiş, sayğacın hissələrində rəng fərqləri müəyyən edilmişdir. Buna əsasən akt tərtib edilmiş, cərimə hesablanmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1102AQ**********0 saylı sayğaca baxış keçirilmiş, sayğacın kartrideri kartı qəbul etmədiyindən sayğac Zenner markalı, G-4 tipli STS**********154 saylı sayğacla əvəz olunmuşdur. -Abonent kodu **********00030 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4 Smart **********154 nömrəli sayğac quraşdırılmış, cihazlar: 3 gözlü qaz plitələri (PQ-3)(1/1) Kombi (su qızdırıjı)(1/1) Aktlara əsasən hesablanmış, abonentin 2023-cü ilə aid olan borcu 3110,40 manat göstərilmişdir. - Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, MSK-14-2- 2/3-5-4180-1 saylı rəyinə əsasən 1102AQ**********0 sayğacın qaz itkisi və müdaxilə aşkar olunmuşdur. - Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 25920 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. - “Azəriqaz» İB-nin Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK- 14-2-2/3-5-4180-1 saylı aktından görünür ki, 1102AQ**********0 saylı sayğac yararsız hesab olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 3110,40 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında istehlakçı barəsində cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək iddiaçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda iddiaçının “İmtina etdi” barədə qeydi aparılsa da, həqiqətən də, həmin aktın iddiaçının iştirakı təmin olunmaqla aktı qəbul etməkdən imtina etməsi nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də iddiaçı tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Ona görə də iddia tələbinin “aktın ləğv edilməsi” hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 manat borc məbləği abonent kodu **********00030 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 51.10 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc abonent kodu **********00030 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 51.10 (əlli bir manat on qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov