Məhkəmə qərarları › İş №2(012)-4286/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4286/2024

27.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4286/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 30 oktyabr 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5-10114/Q001 №-li aktına əsasən G4 markalı 1602AZ**********00 №-li sayğacda qaz itkisi və müdaxilə aşkar edilmişdir. Sözügedən akt tamamilə qanunsuz və əsassızdır. İddiaçı hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 30 oktyabr 2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 777,60 manat məbləğində borc hesablanmışdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib edilərkən iddiaçının aktın tərtib edilməsi ilə bağlı heç bır məlumatı olmamışdır. “Azəriqaz” İstehsalat Birliyi isə qanunvericiliyin tələblərini pozaraq iddiaçının iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə iddiaçının borcu olmamış, sayğaca heç vaxt o və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçının heç bir təqsiri olmadan, sayğacda aşkar edilmiş zərərlər o və ailə üzvləri tərəfindən törədilmədiyi halda, iddiaçını günahlandırmışlar. İstehlakçı əgər iddiaçıdırsa, onun iştirakı da təmin olunmalı, sayğaca onun iştirakı ilə baxış keçirilməlidir. Buna baxmayaraq, əməkdaşlar bu barədə iddiaçıya heç bir məlumat vermək, iştirakını təmin etmək ehtiyacı duymadan öz qanunsuz hərəkətlərini törətmişlər. Qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi gaz paylayıcısı daşıyır. Bundan əlavə ganunvericiliyin tələbinə əsasən gaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayarag yoxlama keçirtməli olduğu halda, onlar tərəfindən heç bir yoxlanış keçirilməmişdir. Cavabdeh aktda sayğaca müdaxilə olunduğunu geyd etsə də, həmin müdaxiləni əsaslandırmamış, hətta bunu araşdırmag zərurətini görməmiş, bu nəticəyə gələrkən iddiaçının iştirakını təmin etməmişdir. Bu da onu göstərir ki, burda heç bir araşdırmadan söz belə gedə bilməz. Burdan da məlum olur ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt saxtadır. Bundan əlavə dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Sayğacı daimi olaraq nəzarətdə saxlamaq qeyrimümkündür. Başqasının təqsirinə görə qanunsuz olaraq iddiaçıya borc yazılır. Əlavə olaraq yazılmış cərimə borcundan iddiaçının uzun müddət keçdikdən sonra xəbəri olmuşdur. Necə olur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt xx.xx.2023-cü il tarixində tərtib olunduğu və iddiaçıya qanunsuz və əsassız borc yazıldığı halda, iddiaçının bu barədə məlumatı bu qədər müddət keçdikdən sonra, yəni 2024-cü ildə olur. Burdan da göründüyü kimi heç bir sübut və əsas olmadığı halda iddiaçıya borc yazılmış, əksinə olaraq iştirakı təmin olunmamış, hüquqları kobud şəkildə pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Göstərilənlərə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, istifadə etdiyi təbii qaza görə aylıq ödənişləri vaxtında həyata keçirmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən aktın nə vaxt yazıldığından xəbəri yoxdur. Verilmiş suallara cavabında qeyd edir ki, ona məxsus ev Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Arif küçəsində yerləşir. Sayğac çöldə quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının nə vaxt gəlib akt tərtib etdiklərindən xəbəri olmamışdır. Lakin həmişə ödənişləri vaxtında ödəmişdir. Akt düzgün tərtib edilməmişdir və əsassızdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sonuncu dəfə gəlib sayğacına baxdıqda silinməsini tələb etdiyi məbləğdə borcunun olduğunu bildirmişlər. O, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlamışdır. Ordan gələn əməkdaşlar isə təbii qaza görə 19 manat borcu olduğunu ona bildirmişlər. Göstərilənlərə əsasən qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********11490) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK-14-2-2/3-5-10114/Q001 saylı rəyinə əsasən 1602AZ**********00 nömrəli sayğacda qaz itkisi v müdaxilə aşkar edilmiş, bununla əlaqədar olaraq 30 oktyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, ******* nömrəli akta əsasən İddiaçı 6x12x90=6480 m3 (777,60 manat) əlavə ödəniş hesablanmışdır. 04 iyul 2024-cü il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********11490 olan ünvan üzrə oktyabr 2023-cü il tarixli akt əsasında 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğaca müdaxilənin, nəticədə sayğacda qaz itkisində iddiaçının təqsiri sübuta yetirilmədiyindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********11490) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********11490) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar