Məhkəmə qərarları › İş №2(012)-430/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-430/2024

09.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-430/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1982-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 68 B saylı evdə ailəsi, anası və əlil qardaşı X6 ilə birlikdə yaşayır.1982-ci il təvəllüdlü qardaşı - Firudin Abasov xx.xx.1993-cü il tarixdən ömürlük əlildir. Qardaşı Firudinə İİ qrup əlillik dərəcəsi təyin olunsa da, o, tamamilə fəaliyyət qabiliyyətsizdir və tək başına özünü idarə edə bilmir. Demək olar ki, yataq xəstəsidir. Ona əslində İ qrup əlillilk dərəcəsi təyin olunmalı idi. Məlum səbəblərə görə 1-ci qrup əlillik dərəcəsi verilmişdir. O, əlil qardaşından başqa ahıl yaşlı anasına da baxır. Qardaşının sağlamlığı olduqca məhduddur. Ona kimsə kömək etməsə heç bir hərəkət edə ehtiyacını ödəyə bilmir. Ona köməkçi lazımdır və daim onun qulluğunda durur. O, qeyd edilən bu ciddi məsələ ilə bağlı qeydiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etdi və bildirdi ki, RİH-nin qəbulda olmuş və ona şifahi olaraq izah olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmədə olan məsləhətçi isə ona bildirdi ki, rəsmi sənəd ilə, yəni, RİH-nin rəsmi imtina cavabı ilə məhkəməyə müraciət etməlidir. Ona görə də Abşeron rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayə Komissiyasına bir daha müraciət etdi. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilərək aşağıdakılar qeyd edilmişdir. Qardaşı sanki körpə bir uşaqdır. Onun uşaq kimi köməyə və qulluğa ehtiyacı vardır. Qardaşına qulluq etdiyi üçün qanuni şəkildə ona baxmağı və onun üzərində qəyyum təyin olunmağı zəruridir.Onu da qeyd edir ki, ahıl yaşlı və xəstə anası da onun himayəsindədir. O, həm qardaşına, həm də ki, anasına qulluq edir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyana lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları” diaqnozu qoyulmuşdur. -Səhiyyə Nazirliyi Məhkəmə X4 X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3486 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X3 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Bunu anamnestik məlumatlardoğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, təqdim edilmiş tibbi sənədlər və hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair.) sübut edir. İİ Yekun hissəsi: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3486 saylı rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə (F.72.1)” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2023-cü il tarixli, 3486 saylı rəydə X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qardaşı-xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar