Məhkəmə qərarları › İş №2(012)-4356/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4356/2022

21.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4356/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə ilkin, Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlara əsasən qanunsuz hesablanmış 2952 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində Asif Həsənov küçəsində ailəsilə birliklə fərdi yaşayış evində yaşayır. Həmin evdə qaz sayğacı olmamışdır. O, həmin evdə 2021-ci ilin noyabr ayının 14-dən qazdan istifadə etməyə başlamışdır. Qaz sayğacı olmadan qazdan istifadə etməyə başlamağının səbəbi, dəfələrlə Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq sayğac quraşdırmamaları olmuşdur. 31 yanvar 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları onlar evdə olmayan vaxt gələrək baxış keçirmiş və 2952 manat cərimə tətbiq etmişlər. Onun evinə cavabdehin təqsiri ucbatından sayğac quraşdırılmamışdır. Bundan başqa, ona yazılan cərimə borcu şişirdilmiş rəqəmdir, belə ki ona hər aya görə 1000 manatdan artıq borc hesablanmışdır. Ailəsi təbii qazdan təkcə 3 gözlü qaz plitəsi və İran istehsallı soba vasitəsilə istifadə edir. Belə vəziyyətdə ona hər ay qaz sərfiyyatına görə 1000 manat məbləğində borc yazılması ağlabatan və ədalətli olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəməyə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 944,64 manat, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 354,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 354,24 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh İB qarşılıqlı iddia təqdim edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 2946,62 manat zərərin və 49,47 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2996,09 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 944,64 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 354,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 354,24 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1296 manat olmaqla, cəmi 2949,12 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Həmin zərərdən abonent tərəfindən 2,50 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 2946,62 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək sayğacdan kənar təbii qazdan istifadə etmişdir. 31 yanvardan sonra isə o, evdə qaz balonundan istifadə edir. İddiaçı qarşılıqlı iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, qarşılıqlı iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən evə aid abonent kodu **********06838 olan Abonentin saldosundan görünür ki, ümumi borc 2946,62 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022ci il tarixli, ******* saylı aktlardan görünür ki, abonent İddiaçı ünvan 1 ünvanına (abonent kodu: **********06838) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı tərəfindən 2021- 2022-ci illər ərzində qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar müxtəlif tarixlərdə "Azəriqaz" İB əməkdaşları tərəfindən 4 ədəd akt tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 98,4 manat (4,1 x 8 x 30 = 984 kub.metr), xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr) və xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 109,8 manat (6,1 x 6 x 30 = 1098 kub.metr) olmaqla, cəmi 454,2 manat məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində Asif Həsənov küçəsində yerləşən fərdi həyət evində (abonent kodu: **********06838) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 454,2 manat borc abonent İddiaçı düzgün tətbiq edilmişdir. İlkin iddianın 2949,12 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 2494,92 manat hissəsində (2949,12-454,2) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia abonentin 2,50 manat ödəniş etməsi nəzərə alınmaqla 451,7 manat hissəsində əsaslıdır və təmin edilməlidir. Sayğacdankənar təbii qazı bu məbləğdə istehlak etməməsi barədə İddiaçı dəlilləri iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin dəlillər özünümüdafiə xarakteri daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 49,47 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********06838) dair hesablanmış 2494,92 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 451,7 manat və dövlət rüsumu üçün 49,47 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar