Məhkəmə qərarları › İş №2(012)-4364/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4364/2020

16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4364/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı məhkəməyə daxil olmuş kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.3. maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 4113-12-16 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, həmin müqavilənin 5.1. bəndinə əsasən Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. 5.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, müqavilədə tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıqla həlli edilməsi nəzərdə tutulsa da, iddiaçı tərəf mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı iddia ərizəsinə hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. və 150.0.5-ci maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməli və həmin hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Göstərilənləri və qanunun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275-279cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar