Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4370/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 254184 saylı akt əsasında hesablanmış 795 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 254184 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında onun adına ümumilikdə 795 manat məbləğində cərimə yazılmışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb E.E.İ.Q-na uyğun olaraq elektrik sayğacına baxış keçirilməsi olmuşdur. Bu zaman məlum olmuşdur ki, elektrik sayğacı dairədən kənarlaşdırılmış, mənzildəki işlədicilər şəbəkəyə birbaşa qoyulmuşdur. Xətdən axan yük qeyd edilmişdir və sayğac yenisi ilə əvəz olunmalıdır (smart kart). Sayğacda problem olduğu üçün özü şəxsən "xxxx" ASC-nin Xırdalan şəhərində yerləşən İdarəsinin əməkdaşları ilə birbaşa əlaqə saxlamış və mobil telefon vasitəsi ilə sayğacda olan problemləri bildirmiş, həmçinin xahiş etmişdir ki, əməkdaşlar sayğaca yerində baxış keçirməsindən ötrü Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən evə gəlsinlər. Adlarını bilmədiyi "xxxx" ASC-nin əməkdaşları evə gəlmiş və sayğaca baxış keçirərək, sayğacda problem olduğunu, narahat olmamağı deyərək, onu smart tipli işıq sayğacı ilə əvəz edəcəklərini bildirmişlər. Sayğac smart tipli olanla əvəz edilmiş və cərimə barədə heç bir məlumat verilməmişdir. Sərf etdiyi elektrik enerjisinə görə evə gələn bildirişdən külli miqdarda elektrik enerjisi borcunun olduğu qeyd edilmişdir. Həmin məsələni aydınlaşdırmaqdan ötrü "xxxx" ASC-nin Xırdalan şəhərində yerləşən İdarəsinə yollanmış və İdarədə ona abonentin saldosu və tərtib edilmiş akt təqdim edilərək, sayğacda baş verən nasazlıqların onun ucbatımdan olduğu üçün 795 manat məbləğində cərimə növündə cəza tətbiq edildiyini bildirmişlər. Halbuki sayğacda özü problem aşkarlamış və dərhal əməkdaşlara məlumat vermişdir. O, qəti şəkildə aktda qeyd edilənlərlə razılaşmır. Buna görə də hüquqlarının məhkəmə yolu ilə bərpa olunmasından və ona yazılmış haqsız cərimə borcunun silinməsindən ötrü məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 254184 saylı akt əsasında hesablanmış 795,17 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O bildirmişdir ki, 2022-ci ilin mart ayının 21-i sayğac yanmış, mart ayının 26-sı cavabdehin əməkdaşları tərəfindən sayğac düzəldilmişdir. Həmin aralıqda - 4 gün müddətində elektrik enerjisindən sayğacdankənar qaydada istifadə edilmişdir. Cəmi 4 gün ərzində isə ona bu məbləğdə cərimənin yazılması ilə razılaşmır. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi. O bildirdi ki, həmin məbləğin böyük bir hissəsi - 620,95 manat pul tərəflər arasında olan razılaşmaya əsasən silinmişdir. Yəni bu məbləğ iddiaçıdan tələb edilmir. Qalan məbləği isə o ödəməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, R 254184 saylı aktdan görünür ki, abonent İddiaçı məxsus evdəki sayğaca baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sayğac dairədən kənarlaşdırılmış, mənzildəki işlədicilər xəttə birbaşa qoşulmuşdur. Sayğac yenisi ilə əvəz edilməlidir. İş materiallarında olan **********09071 saylı abonentin saldosundan görünür ki, İddiaçı borcu elektrik enerjisinə görə sayğac üzrə 643,32 manat, aktlar üzrə 853,27 manat, ödəmələr 720 manat, sayğac quraşdırılan - 5,42 manat, sayğac quraşdırıldıqdan sonra ödəmə 23 manat, karta yüklənən məbləğ 18 manat, borcdan ödəmə 5 manat, Paud sayğaca yazılan akt 795 manat olmaqla, cəmi borc 784,75 manat təşkil edir. Saldodan görünür ki, EİQ-nin pozulmasına görə xx.xx.2022-ci il tarixli aktla abonentə ümumilikdə 795,17 manat cərimə tətbiq olunmuşdur. Akta əsasən işlədilən elektrik enerjisi cəmi 6745 Kvt-dır. İş materiallarında olan **********09071 saylı abonentin hərəkət cədvəlindən görünür ki, abonentin 2022-ci il üçün 136,92 manat borcu vardır. İş materiallarında olan Ə-90/2425 saylı, xx.xx.2022-ci il tarixli razılaşma protokolundan görünür ki, Müştəri Xidmətləri İdarəsindən daxil olmuş XD22/491 saylı elektron müraciəti, 16.04 2015-ci il tarixli Ü-15/0032 saylı əmri, 199 saylı çağrı mərkəzinin sorğusunu və 254184 saylı aktı nəzərə alınaraq komissiyanın hesabatına əsasən borc 5645 kvt/s - 620,95 manat azaldılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Abonentin saldosundan görünür ki, abonent 2022-ci ilin mart ayının 1-nə (yəni fevral ayı üçün) dəyəri 7,28 (91 x 0,08) manat təşkil edən elektrik enerjisindən istifadə etmişdir (bundan əvvəlki aylarda da təxminən həmin məbləğə yaxın məbləğlər olmaqla). Mübahisəli akt isə abonentə xx.xx.2022-ci il üçün tərtib edilmişdir. İddiaçının (abonentin) məhkəmə iclasında bir müddət elektrik enerjisindən sayğacdankənar qaydada istifadə etdiyini etiraf etməsi nəzərə alınarsa, mübahisəli akt üzrə hesablanmış cərimə abonentin hesabından tam olaraq silinə bilməz. Lakin abonent həmin akt əsasında ona tətbiq edilmiş cərimə məbləğinin yüksək olmasından narazı olduğundan məhkəmə hesab edir ki, həmin cərimə məbləği abonentdən azaldılaraq tutulmalıdır. Belə olan halda məhkəmə abonentin aktın tərtib edildiyi aydan əvvəlki ay üçün sərf etdiyi elektrik enerjisinin dəyərini, yəni 7,28 manat məbləğini əsas götürərək hesab edir ki, bu qaydada hesablanarsa, abonentə 3 aylıq sərfiyyat həddində, yəni 21,84 (7,28 x 3) manat cərimə tətbiq edilməsi daha ədalətlidir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R 254184 saylı akta əsasən abonentə cərimə tətbiq edilərkən artıq hesablama aparılmış, lakin sonradan bu çatışmazlıq aradan qaldırılmışdır. Bu çatışmazlıq aradan qaldırıldıqdan sonra cavabdehin mübahisəli akt əsasında tətbiq edilmiş cəriməni 795,17 manatdan 174,19 manat məbləğinədək azaltması və iddia tələbinin 795,17 manat olması nəzərə alınarsa, iddia qismən təmin edilməli, İddiaçı tətbiq edilmiş 152,35 (174,19- 21,84) manat cərimə silinməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********09071 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, R 254184 saylı akta əsasən İddiaçı hesablanmış 152,35 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4370/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4370/2022
28.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver