Məhkəmə qərarları › İş №2(012)-4401/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4401/2024

17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4401/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə qarşı «aktın ləğv edilməsi və qanunsuz hesablanmış su borcunun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağlar Sukanal İdarəsi (Novxanı) əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 117040 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 161 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ünvan 1-da yaşayır və yaşadığı fərdi yaşayış evi DƏDRX-nin Abşeron Ərazi İdarəsində **********73 reyestr nömrəsi ilə qeydə alınaraq, ona texniki pasport verilmişdir. O, su idarəsi ilə 32246757 №-li müqavilə bağlayaraq həyətinə su çəkdirmişdir və sudan istifadə üçün pulu kart vasitəsilə ödəyir. 27 iyul 2024-cü il tarixdə sudan istifadəyə görə ödəniş edərkən ödədiyi pulun borca görə çıxıldığını görmüşdür. Məsələni aydınlaşdırmaq üçün müvafiq su idarəsinə getmiş, orada ona bildirilmişdir ki, 23 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) işçiləri ondan xəbərsiz akt tərtib edərək, onu 161 manat cərimə etmişlər ki, guya o, su sayğacından kənar su xəttinə müdaxilə edərək həyətinə 20 mm-lik boru vasitəsi ilə su çəkdirmişdir. Bunlar hamısı yalandır. Əvvəla akt tərtib ediləndə o, evdə olmamış və həmin aktı imzalamamışdır. Həmin akt barədə ona məlumat verilməmiş və aktın surəti ona təqdim edilməmiş, daha sonra "xxxx" ASCdən (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən) çətinliklə əldə edə bilmişdir. Ona məxsus həyət ərazisindən d-315 mm-lik su borusu keçir. Aktda isə göstərilir ki, guya 20 mm-lik su borusu ilə əlavə xətt çəkilmişdir. Bu xəttin sayğac ilə heç bir əlaqəsi yoxdur. Həmin boru təkcə 2023-cü ildə 5 dəfə partlamış, evinə və həyətinə ziyan yetirilmişdir. Həmin xətdə indi də sızıntılar qalmaqdadır, bu sızıntılardan "xxxx" ASC-dən (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən) gələn işçilərin, uzun müddətdir ki, xəbərləri vardır, hansı ki bu qüsurları əməkdaşlar aradan qaldırmalıdırlar. Boru xəttində sızıntılar nəticəsində onun həyətində quyu əmələ gəlmişdir. Öz məsuliyyətsizliklərinin əvəzini ondan çıxaraq onun barəsində qeyri-qanuni akt tərtib edirlər. Əlavə olaraq bildirir ki, o, 2003-cü ildən etibarən ünvan 1 ünvanında yaşayır, evinə su borusunu isə 2004-cü ildə çəkdirmişdir. "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) nümayəndəsinin onun tərəfindən sayğacdan kənar xətdən istifadə edilməsini göstərən videogörüntülərin mövcudluğu barədə dedikləri həqiqəti əks etdirmir, belə ki, onun evinə baxış keçirilən zaman cavabdeh təşkilatın işçiləri tərəfindən videoçəkiliş aparılmamışdır. 2023-cü ilin noyabr-dekabr aylarında "xxxx" ASC-yə (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə) müraciət edərək, 315 mm-lik su xəttinin onun həyətindən xaric edilməsini, əks təqdirdə "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) işçilərini bir daha həyətinə buraxmayacağını bildirmişdir, çünki cavabdeh təşkilatın əməkdaşları həyətini bərbad vəziyyətə salmış, poliqona çevirmişlər. Bundan əlavə o, 2023-cü ildə "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) “Qaynar xətt”inə 6 dəfə zəng etməklə sözügedən məsələ ilə bağlı bildirmiş, lakin "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) işçiləri onun evinə baş çəkməmişlər. Buna görə də hesab edir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş aktda əks olunmuş su borcu qanunsuz hesablanmışdır və həmin borc silinməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı iddiaçının həyətində olan borudan su sızması nəticəsində əmələ gəlmiş quyuda olan sudan evə su xətti çəkildiyi aşkar edilmiş, bu səbəbdən iddiaçı barəsində 23 iyul 2024-cü il tarixdə akt tərtib edilmiş və qeyd edilən akt əsasında borc hesablanmışdır. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları iddiaçının həyət sahəsində yerləşən boru ilə bağlı yaranan qəzanın qarşısını almaq istəmiş, ancaq bunun üçün «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşlarına iddiaçı tərəfindən şərait yaradılmamışdır. Bildirir ki, sayğaca 6 aydan bir baxış keçirilir, iddiaçı sudan istifadəyə görə, illərdir ki, təxminən 7 manat ödəniş edir, halbuki iddiaçıya məxsus həyət sahəsi çox genişdir. İddiaçı boruda olan sızıntılardan yaranan sudan boru çəkərək ona məxsus həyətyanı sahəsini suvarmaq üçün istifadə etmişdir və bu, qeyri-qanuni əməldir. Hesab edir ki, iddiaçı tərəfindən qeyri-qanuni əməl törədildiyindən ona hesablanmış 168 manat məbləğində cərimə borcu əsaslıdır. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, 117040 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman su sayğacından kənar d-20 mm-lik xəttin mövcud olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə (abonent kodu: **********000) 23 iyul 2024-cü il tarixli, 117040 nömrəli akta əsasən 168 manat cərimə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 23 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin) işçiləri tərəfindən iddiaçı barəsində akt tərtib olunaraq 161 manat cərimə edilmiş və həmin aktda göstərilmişdir ki, iddiaçı tərəfindən su sayğacından kənar su xəttinə müdaxilə edərək həyətinə 20 mm-lik boru vasitəsi ilə su çəkdirmişdir.Lakin,sübutların tədqiqatı zamanı müəyyən edilir ki,həmin akt həqiqəti əks etdirmir.Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçıya məxsus həyət ərazisindən d-315 mm-lik su borusu keçir, aktda isə 20 mm-lik su borusu ilə əlavə xətt çəkilməsi göstərilmişdir ki, həmin xəttin sayğac ilə heç bir əlaqəsi yoxdur.İşin faktiki hallarından görünür ki, iddiaçıya aidiyyəti olmayan 20 mm-lik ümumi su borusu iddiaçıın da həyətindən keçir, həmin boruda tez-tez nasazlıqlar səbəbindən sızmalar baş verir, bu sızıntılardan "xxxx" ASC-dən (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən) gələn işçilərin xəbərləri olsada, həmin qüsurlar "xxxx" ASC (indiki «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs) tərəfindən aradan qaldırılmamış, əksinə olaraq cavabdeh təşkilatın əməkdaşlar tərəfindən sızıntı sularından idiaçının istifadə etməsi barədə əsasız akt tərtib edərək cərimə etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs tərəfindən əsassız hesablanmış168 manat cərimədən iddiaçı 161 manatın silinməsiin xahiş etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyndən 161 manat silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Presessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qarunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmçinin iddia tələbinin «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, 117040 saylı aktın ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, qeyd olunan akt yalnız su xəttindəki qüsurla bağlı olan halı müəyyən etdiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********000) 23 iyul 2024-cü il tarixli, 117040 nömrəli akt üzrə hesablanmış 161(yüz altmış bir) manat məbləğində cərimə silinsin. İddia tələbi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, 117040 saylı aktın ləğv edilməsi hissəsində rədd edilsin. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar