Məhkəmə qərarları › İş №2(012)-441/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-441/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-441/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2, Cavabdeh İbrahimova (Hacıyeva) Nigar Cavanşir qızının nümayəndəsi və vəkili-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2, Cavabdeh3 qarşı «razılıq ərizəsinin və kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı «mənzilə sahiblik və istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MTK-ya pay hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev, 1 ünvanında yerləşən binadan 90,25 kv.m olan 65 saylı mənzilə sahiblik və istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 Qüdrət oğlu arasında 03 iyul 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh2 03 may 2013cü il tarixdə “xxxx” MTK-dan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev, 1 ünvanında yerləşən binadan 90,25 kv.m olan 65 saylı mənzili 48000 manat ödəməklə almış, bu barədə ona maliyyə arayışı da verilmişdir. Lakin hazırda cavabdeh MTK iddiaçıya, onlara məxsus mənzilə sahiblik və istifadəyə maneə yaradır. Halbuki, bu mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır, iddiaçının da həmin mənzilə hüququ vardır. Buna görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 08 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev, 1 ünvanında yerləşən binadan 90,25 kv.m olan 65 saylı mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə Cavabdeh2 tərəfindən verilmiş razılıq ərizəsinin, eyni zamanda qeyd olunan mənzilə dair cavabdehlər Cavabdeh3 ilə “xxxx” MTK arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 Cavabdeh3 adına mənzilə dair İddiaçı xəbərdar etmədən razılıq ərizəsi vermişdir. Halbuki, mənzil onların birgə nikahdan əldə edilmişdir. Qeyd edilənlərə əsasən mənzilə dair Cavabdeh3 ilə MTK arasında bağlanmış müqavilənin və verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İbrahimova (Hacıyeva) Nigar Cavanşir qızının nümayəndəsi və vəkili X3 iddia müddətinin tətbiqinə dair ərizə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. İddiaçı Cavabdeh3 cavabdeh “xxxx” MTK-ya, 3-cü şəxs Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair, 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh3 və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Ali Məhkəmənin 18 noyabr 2019-cu il tarixli 2(102)- 6926/2019 saylı qərarı ilə mübahisəli mənzilin Cavabdeh3vya məxsus olması təsdiq edilmişdir. Bundan da başqa mübahisələndirilən müqavilə 22 noyabr 2013-cü ildə bağlanmış, məhkəmədə iddianı isə 2020-ci ildə qaldırmışdır. Halbuki, yuxarıda qeyd edilən məhkəmə çəkişmələrində İddiaçı əri Cavabdeh2 iştirak etmişdir. İddiaçı iddia müddətini ötürməklə verildiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş cavabdehlər “xxxx” MTK, Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Cəlilabad rayonu Gülməmmədli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 03 iyul 2006-cı il tarixli, AZ-İ № 227298 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Ağayeva xanımqız Mirbarat qızı arasında 8 nömrəli qeydlə rəsmi nikah bağlanmışdır. - Kooperativ “xxxx” MTK ilə payçı Cavabdeh2 Qüdrət oğlu arasında bağlanmış 03 may 2013-cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, payçı Səfərov X9 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus binanın 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin pay dəyəri 48000 manat məbləğini ödəməyi, kooperativ isə mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verir. -“xxxx” MTK tərəfindən verilmiş 03 may 2013-cü il tarixli maliyyə arayışından və kassa mədaxil orderindən məlum olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən kooperativ binası “xxxx” MTK-ya məxsusdur. Həmin binanın 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin (ƏDV-siz) pay dəyəri 48000 manat məbləğində payçı Cavabdeh2 Qüdrət oğlu tərəfindən ödənilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş ərizədə qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “xxxx” MTK-ya məxsus bina, 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzili X7 ilə aralarında pulunu 2 ay müddətinə razılaşdırma əsasında Cavabdeh3 adına keçirtməsini xahiş etmişdir. - Cavabdeh2, X11 və “xxxx” MTK-nın direktoru X8 tərəfindən təsdiq edilmiş aktdan aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “xxxx” MTK-ya məxsus bina 1 giriş, 9-cu yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzilini X7 ilə aralarında mənzilin pulunu 2 ay müddətində razılaşdırma əsasında Cavabdeh3 adına sənədləşdirmişdir. Ruslan Bilalzadə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikdə müqavilə birtərəfli qaydada ləğv ediləcəkdir. - Kooperativ “xxxx” MTK ilə payçı Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2013cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, payçı Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus, binanın 1-ci giriş, 9-cu yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin pay dəyəri 46500 manat məbləğini ödəməyi, kooperativ isə mənzili son variant daxili sanitariya avadanlığıvə daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verir. - Ali Məhkəmənin 18 noyabr 2019-cu il tarixli 2(102)-6926/2019 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(012)- 1493/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh “xxxx” MTK-ya, 3-cü şəxs Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi, 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh3 və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh3 ilə «xxxx» MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 1-ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 90,25 kv.m olan iki otaqdan ibarət 65 saylı mənzilə dair 03.11.2013-cü cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(105)-3929/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(012)-1493/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(102)-2167/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(105)-2404/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(012)-1493/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, 22 noyabr 2013-cü il tarixli müqavilə üzrə öhdəliklərin “xxxx” MTK tərəfindən yerinə yetirilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 90,25 kv.m olan 65 saylı, 2 otaqlı mənzilin Cavabdeh3 təhvil verilməsi, həmin mənzildən sərbəst istifadə hüququna yaradılan maneələr aradan qaldırılması, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 Cavabdeh3 və «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinə görə ödənilmiş 10 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir. 3-cü şəxs Cavabdeh2 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, etibarlılığı mübahisə edilən müqavilənin 22 noyabr 2013-cü ildə bağlanıldığından, üçüncü şəxsin əqdin etibarsızlığını mübahisə etmək hüququnu itirdiyindən kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “xxxx” MTK-ya məxsus binanın 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzili Ruslan Bilalzadə adlı şəxsə satmaq üçün razılaşmışlar. Sonuncu həmin mənzili borcu olduğu Cavanşir Hacıyev adlı şəxsin qızı Cavabdeh3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Razılığa əsasən mənzilin dəyərini Ruslan Bilalzadə ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 Qüdrət oğlu arasında 03 iyul 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh2 03 may 2013cü il tarixdə “xxxx” MTK-dan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev, 1 ünvanında yerləşən binadan 90,25 kv.m olan 65 saylı mənzili 48000 manat ödəməklə almışdır. Cavabdeh2 mənzilin Cavabdeh3 adına keçirilməsinə dair razılıq ərizəsi verdiyindən “xxxx” MTK ilə payçı Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Səfər Sədərov müavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(105)-2404/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, Ali Məhkəmənin 18 noyabr 2019-cu il tarixli 2(102)-6926/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Xanımqız Cavabdeh2 Səfərov ilə birgə nikahdan əldə edilmiş əmlak olaraq onun Cavabdeh3 adına keçirilməsində onun razılığının alınmamasını qanunsuz hesab edərək razılıq ərizəsini və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır 33-cü maddəsinə görə isə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Göründüyü kimi qanunvericilik, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur. İddiaçının mübahisələndirdiyi müqavilə və razılıq ərizəsi qeyd edilən əqdlərdən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin tələblərinə əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iş üzrə faktiki halları və sübutları hərtərəfli qiymətləndirərək hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil, mübahisələndirilən əqdin legitimliyi məhkəmə qaydasında da təsdiqlənmişdir. Bununla yanaşı maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə bildirir ki, iddiaçı mübahisələndirdiyi müqavilə 22 noyabr 2013-cü ildə bağlanmış, 08 sentyabr 2020-ci il tarixdə müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 7 ilə yaxın müddət keçdikdən sonra iddianın qaldırmaq hüququnu itirmişdir. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış Ali Məhkəmənin 18 noyabr 2019-cu il tarixli 2(102)-6926/2019 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “xxxx” MTK-ya məxsus binanın 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin qanuni sahibidir. Göründüyü kimi məhkəmə hazırkı mübahisəli mənzilə Cavabdeh3 istifadə və sahiblik hüququnu tanımış və həmin qətnamələr qanuni qüvvədədir. Məhkəmə qərar qəbul edərkən bu xüsusatı da nəzərə alır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hazırkı tələbin xarakterindən irəli gələrək məhkəmə hesab edir ki, burada sübutetmə yükü iddia edənin üzərinə düşdüyü halda, o, iddia tələbini təsdiq və iddiasının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişdir, belə sübutlar məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu, habelə iddiaçının əqdi mübahisələndirmək üçün müddəti ötürdüyü üçün iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2, Cavabdeh3 qarşı “razılıq ərizəsinin və kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar