Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-442/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun övladı - xx.xx.2006-cı il təvəllüdlü X6 ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir, əmək qabiliyyətsizdir və hazırda kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya (Əzələ gücü 3 bal), qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-22) daimi qulluq və müalicə tələb edən davranış pozuntuları və nitq qüsuru xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən oğlu öz hərəkətlərini anlaya və idarə edə bilmir. Ona görə də oğlunu nəzarətsiz qoymaq mümkün deyildir və övladı X3 daimi olaraq yanında olmaq, ona qulluq etmək lazımdır. O, özünü idarə edə bilməyən oğluna baxmaq məcburiyyətindədir və övladının bütün əziyyətlərini o, çəkir. Hazırda övladı X3 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA4199224 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 959970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 avqust 2006-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3457 saylı rəyindən görünür ki, X4 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Kvadroplegik spastik serebral iflic. Spastik tetraplegiya. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Daimi qulluq və müalicə tələb edən davranış pozuntulan və nitq qüsuru ilə” diaqnozu ilə birinci dərəcəli əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X4 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. A.A.Axundzadəni psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 12 avqust 2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3457 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 12 avqust 2006-cı il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-442/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-442/2025
07.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver