Məhkəmə qərarları › İş №2(012)-4420/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4420/2021

07.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4420/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı istehlakçı hesabında olan borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı istehlakçı hesabında olan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış 40011669 nömrəli qaz sayğacına görə istehlakçı hesabında mövcud olan 194,80 manat borcun silinməsi və yeni mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəzlənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********03540 olan qaz sayğacından istifadə edir. 29.04.2020-ci il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilməklə yaşadığı fərdi yaşayış evinə yeni mexaniki tipli G-4 markalı, 40011669 nömrəli qaz sayğacı quraşdırılmışdır. Smart tipli qaz sayğacının yeni mexaniki tipli sayğacla əvəzlənməsindən heç bir məlumatı olmamışdır. Daha sonra isə həmin ilin dekabr ayında Cavabdeh İB-nin əməkdaşları qaz tənzimləyicini onun heç bir xəbəri olmadan söküb aparmışlar. Bu barədə müraciət etdikdə isə yenisi ilə əvəz olunacağına görə söküldüyünü bildirmişlər, lakin bu günədək qaz tənzimləyicisi yenisi ilə əvəz olunmamışdır. Dəfələrlə bununla bağlı qaynar xəttə, baş idarəyə, Abşeron rayon Qaz İdarəsinə müraciət etsə də bir nəticəsi olmamışdır. İddia ərizəsinə qoşma kimi əlavə olunmuş abonentin saldosundan göründüyü kimi 2020-ci ilin dekabr ayı ərzində istifadə olunan qaz sərfi səhv göstərilmiş və buna görə ay sonuna 194,80 manat borc yazılmışdır. Bununla bağlı Azəriqaz İB-nin Abşeron rayon bölməsinə müraciət etdikdə, əməkdaşlar tərəfindən il sonunda hesabat təqdim etdiklərinə görə bu borcun tək ona deyil, hər kəsə yazıldığı bildirilmişdir. O, rəsmi şəkildə Azəriqaz İB-nə yazılı formada müraciət etmiş, cavab məktubunda isə 194,80 manat borcun onun tərəfindən ödənilməli olduğu bildirilmişdir. Bu səbəbdən də istehlakçı hesabında mövcud olan 194,80 manat borc məbləği Cavabdeh tərəfindən silinməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdehin nümayəndələri arasında 2014-cü il və 2016-cı il tarixlərində müqavilələr bağlanmış, lakin həmin müqavilələrin əsli cavabdeh təşkilatda yoxdur. İddiaçının silinməsini tələb etdiyi 194.80 manat borc debitor borcudur və iddiaçı tərəfindən ödənilməlidir. Araşdırma zamanı evi təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, Smart tipli, 1502AZ**********73 nömrəli qaz sayğacı 29.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilməklə yeni mexaniki tipli G-4 markalı 40011669 nömrəli qaz sayğacı quraşdırılmışdır. Ona görə də İddiaçı cavabdeh X1rşı iddiasına etiraz edir və göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09.01.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı ona məxsus evə quraşdırılmış qaz sayğacını sökərək təbii qazdan qeyri-qanuni istifdə etməsi aşkar olunduğundan itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 18.01.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.9 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 110 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 70 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 70 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2538 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 09.01.2018-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********03540 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanında 29.04.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika tipli 40011669 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 194.80 manat göstərilmişdir. -Azəriqaz İB-nin İddiaçı ünvanladığı SOCAR**********30560046X00526 saylı 27.01.2021-ci il tarixli məktubdan görünür ki, Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış istehlakçı hesabında yaranmış borcun (**********03540) araşdırılması barədə 18.01.2021-ci il tarixli ərizəyə baxılmışdır. Araşdırma zamanı evi təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, Smart tipli, 1502AZ**********73 nömrəli qaz sayğacı "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilməklə yeni mexaniki tipli G-4 markalı 40011669 nömrəli qaz sayğacı quraşdırılmışdır. Odur ki, qeyd olunan ünvanın qaz xətti üzərində mexaniki tipli, G-4 markalı ********* saylı qaz sayğacı istismardadır və dekabr 2020-ci il tarixində cari il ərzində əhali abonentləri üçün nəzərdə tutulan illik limit keçildiyinə görə qazın dəyəri qanunvericiliyin tələbinə uyğun olaraq 0.20 manat ilə hesablanmışdır. İstifadədə olan mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilən təbii qaza görə 243.50 manat borc yaranmış və borcdan 48.70 manat tərəfindən ödənilmişdir. 27.01.2021-ci il tarixinə istehlakçı hesabında mövcud olan 194,80 manat borc tərəfindən ödənilməlidir. -Fotoşəkildən görünür ki, daş hasar üzərinə dəmir boru quraşdırılmış, sayğac çıxarılmışdır. -Suraxanı RPİ tərəfindən verilmiş 12.10.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı qəsəbəsi Rzayev küçəsi 46 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularını tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 40011669 nömrəli qaz sayğacına yazılmış 194.80 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılmış, təbii qazın istehlakına limit tədbiq edilərək qiymətlər müəyyən edilmişdir. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdir. 2019-cu ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən əhali üzrə illik istehlak həcmi 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar vermişdir. Tarif (qiymət) Şurasının sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi 1200 m3 müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş abonent saldosu və digər sübutlarla iddiaçının qaz sayğacı vasitəsi ilə istifadə etdiyi təbii qaza görə 243.50 manat borcunun yarandığı, həmin borcun Akta əsasən vurulmuş ziyan məbləği deyil, yalnız abonentin qaz istehlakına görə yaranmış borcu olduğu öz təsdiqini tapmışdır. 243.50 manat borcdan abonent tərəfindən 48.70 manat ödənilmiş 27.01.2021-ci il tarixinə istehlakçı hesabında 194,80 manat borcun qaldığı və həmin borcun iddiaçı tərəfindən ödənilməli olduğu müəyyən edilmişdir ki, ona görə də məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1rşı istehlakçı hesabında olan borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar