Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4427/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülməklə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, pasport qeydiyyatında olduqları Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanına köçürülməkləri və mənzildən istifadə edilməsinə yaradılmış maneələrin cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2008-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 182 saylı nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə bir ailə kimi yaşamaqları baş tutmamış və aralarında nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 onun himayəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, nikaha girdikləri müddətdən, nikahları pozulduğu müddətə kimi iş üzrə cavabdeh, keçmiş qaynanası Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yanaşı, ailə kimi birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Bu müddət ərzində qeyd edilən mənzil birgə qazancları hesabına təmir olunaraq, mənzilin şəraiti yaxşılaşdırılmış, bunun nəticəsində əmlakın dəyəri xeyli miqdarda artmışdır. Hazırda ona məxsus bütün cehiz əşyaları, o cümlədən sonradan alınmış məişət və geyim əşyaları mənzildə qalmışdır. Cavabdehlər heç bir əsas olmadan onu və övladlarını qeydiyyatda olduqları mənzildən çıxararaq, mənzildə yaşamağa imkan vermirlər. İki övladıyla kirayələrdə ağır şəraitdə yaşayır. Hesab edir ki, cavabdehləri bu qanunsuz hərəkətləri məhkəmə qətnaməsi ilə qadağan olunmalı o və azyaşlı övladları qeydiyyatda olduqları ünvana köçürülməlidirlər. Göstərilənlərə əsasən, o, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 1 ünvanında yerləşən ev rəsmi mülkiyyət hüququ əsasında onun həyat yoldaşı X4 adına olmuşdur. 2004-cü ildə həyat yoldaşı X6 vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında o, həmin mənzili 2013-cü ildə öz adına keçirmişdir. Həmçinin o, iddiaçını mənzildən qovmamışdır. İddiaçı oğlu ilə boşandığı üçün övladları ilə birlikdə evdən çıxıb getmişdir. İddiaçının cehiz əşyaları hələ də bu evdədir. Bundan əlavə onun 41 yaşlı subay oğlu da onunla qalır və iddiaçının həmin evə köçməsini istəmir. Odur ki, o, iddiaçı olmadan nəvələrinin evə köçürülməsinə etiraz etmir. Hazırki ev onun mülkiyyətindədir və bu evə nə oğlu Cavabdeh2, nə də keçmiş gəlini İddiaçı köçürülməsini istəmir. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat vermişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********83- 05101-093044 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-3197/2023 saylı, xx.xx.2023-cü ilı tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 182 saylı nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqların nikah pozulduqdan sonra analarının yanında qalmaları, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasını əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2008-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş və birgə nikahlarından 2 övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Mübahisəli mənzil vərəsəlik hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********83- 05101-093044 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı cavabdehin və cavabdehin valideynlərinin razılığı ilə ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Lakin tərəflər arasındakı münasibətlər pisləşdiyindən, iddiaçı övladları ilə birlikdə evi tərk etmişdir. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-3197/2023 saylı, xx.xx.2023-cü ilı tarixli qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Hazırda iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməklə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Tərəflər arasında olan ailə-nikah münasibətlərinə qanunvericiliyin aşağıda qeyd olunan normaları iddia tələbinə münasibətdə aşağıdakı kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı ailə münasibətlər 2009-cu il oktyabrın 1dən əvvəl, yəni 2008-ci ildən yarandığından həmin münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4. maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi mübahisəli ev vərəsəlik hüququ əsasında mülkiyyətçisi Cavabdeh1dır. Tərəflərin verdiyi izahatdan görünür ki, iddiaçı mübahisəli evə 2008-ci il tarixində gəlin köçərək yaşamışdır. Mülki Məcəllənin 228.5. maddəsindən göründüyü kimi Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin razılıq mülkiyyətçi ilə bağlanmış notarial qaydasında təsdiq edilmiş razılaşmanı nəzərdə tutur. Cavabdeh1 isə iddiaçının sözügedən mənzilə köçürülməsinə razi deyildir. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir. Tərəflər arasında nikaha xitam verilmişdir. Artıq İddiaçı Cavabdeh1 ailə üzvü sayılmır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi Cavabdeh1 ilə İddiaçı arasında razılaşma müqaviləsi olmadığından, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında nikah münasibətləri ləğv edildiyindən, İddiaçı sözügedən mənzilə köçürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. maddəsinə əsasən yazılı sübutla iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4427/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4427/2024
19.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver